İşsiz qalan generallar kimdir?

İşsiz qalan generallar kimdir?
  • Siyasət

  • Üzeyir Cəfərov: “Ali Baş Komandan ölkənin müdafiə və təhlükəsizlik məsələlərini daha da gücləndirmək üçün lazım olan qərarını verib”

    Prezident Administrasiyasında həyata keçirilən islahatlar nəticəsində 2 general vəzifəsini itirib: prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev və Məhərrəm Əliyev. Bəs bu generallar kimdir? Əvvəllər hansı vəzifələrdə çalışıblar?

    Məhərrəm Əliyev 1951-ci il oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub. 1973-cü ildən daxili işlər orqanlarında xidmət edib. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra 131 saylı milis bölməsində cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib. 1980-1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbayel rayon polis idarələrində rəhbər vəzifələrdə çalışıb.

    İşsiz qalan generallar kimdir?

    1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub. 1995-ci ildə prezidentin fərmanı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. 2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

    İşsiz qalan generallar kimdir?

    1969-cu ilin 19 aprelində Bakıda doğulan Vahid Əliyev Andropov adına Leninqrad Ali Hərbi-Siyasi Akademiyasını və Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1990-1991-ci illərdə SSRİ SQ-nin xüsusi təyinatlı kəşfiyyat alayında xidmət edib, 1991-1996-cı illərdə Azərbaycan Prezidenti yanında Xüsusi idarədə əməliyyat müvəkkili, şöbə rəisi, 1996-cı ilin mart ayından noyabr ayınadək Naxçıvan Muxtar Respublikasında Xüsusi İdarənin rəisi, 1996-1997-ci illərdə Naxçıvan Muxtar Respublikası milli təhlükəsizlik nazirinin müavini, 1997-2002-ci illərdə isə Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəziflərində çalışıb. V.Əliyev ölkə başçısının 12 aprel 2002-ci il tarixli sərəncamı ilə prezidentinin köməkçisi, 30 noyabr 2012-ci il tarixli sərəncamla isə Prezident Administrasiyası rəhbərinin müavini təyin edilmişdi.

    İşsiz qalan generallar kimdir?

    Generalların vəzifədən kənar saxlanılmasını şərh edən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, baş verənlər gündəlik idarəetmənin bir normal prosesidir: “Belə mühüm dövləti qərarlar bir günün içində deyil, uzunmüddətli müşahidə və təhlillər əsasında qəbul edilir. Prezidentin köməkçilərindən biri kimi general-leytenant Vahid Əliyevin gündəlik iş prinsipini və fəaliyyətini mətbuatda və hərbyönümlü tədbirlərdə ən çox tənqid edən yoldaşlardan biri bəndəniz olub. Və ədalət naminə deyim ki, yazdıqlarımızdan və açıqladığımız məsələlərdən bir çoxuna hörmətli Vahid Əliyevin özü və xidmətin digər generalları olduqca sağlam reaksiya göstərirdilər. Amma xidmətin fəaliyyətində bir sıra ciddi çatışmazlıqlar da mövcud idi ki, məhz onların olması Ali Baş Komandanı razı sala bilməzdi. Və qəbul olunan qərarda bunu hiss eləmək mümkündür. Hər bir komandir istəyir ki, onun güclü qərargahı olsun.

    Ağıllı və savadlı, bacarıqlı, əqidəsi və mənəvi cəhətləri sağlam olan komanda istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olur. Lakin hörmətli Vahid Əliyevin son vaxtlar onu narahat edən sağlamlığı ona tam şəkildə imkan vermirdi ki, öz vəzifə borcunu layiqincə yerinə yetirsin. Və sözsüz ki, Ali Baş Komandana ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı gündəlik ən operativ və dəqiq xəbərləri məruzə edən şəxslərdən biri də məhz bu vəzifənin daşıyıcısı olan şəxs olmalıdır.

    Təəssüf ki, son zamanlar ölkə başçısı bu sahədə lazımi şəkildə ətraflı bilgilər almaqda çətinlik çəkdiyinə görə bu sahəni canlandırmaq üçün belə bir qərar verib. Hesab edirəm ki, ölkəsinin indiki şəraitdə müharibə vəziyyətində olmasını gecə-gündüz bilən bir şəxs kimi Ali Baş Komandan doğru olanı nədirsə, onu da edib.

    Ali Baş Komandan ölkənin müdafiə və təhlükəsizlik məsələlərini daha da gücləndirmək üçün lazım olan qərarını verib. Azərbaycan adlı gəmini bütövlükdə dünyanın təlatümlü okeanında, sağında və solunda əlində güclü silahları olan ”pirat və banditlərin" əhatəsindən sağ-salamat, bacarıqla və ustalıqla sahilə çıxartmaq vəzifəsi Ali Baş Komandan kimi cənab İlham Əliyevə həvalə olunub. Ona görə də həm Vahid Əliyevin, həm hörmətli generallardan biri kimi tanıdığım Məhərrəm Əliyevin vəzifələrinin digər sahələrlə birləşdirilməsi və ya təkmilləşdirilməsini əsla harasa yozmaq doğru deyil. Mən də o dəqiq fikirlə razıyam ki, idarəetmə sistemi və icra mexanizmində həyata keçirilən mühüm dəyişikliklər qarşıya qoyulan məqsədlərə çatmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır".
    PAYLAŞ:

    Oxşar xəbərlər