Şöbə müdiri həbs edilməmək üçün prokurora 66 min verdi, 10 ay sonra vəfat etdi - qalmaqallı cinayət işi

Şöbə müdiri həbs edilməmək üçün prokurora 66 min verdi, 10 ay sonra vəfat etdi - qalmaqallı cinayət işi
  • Hadisə

  • Dələduzluqda təqsirləndirilən prokurorun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. İş üzrə zərərçəkmiş sabiq şöbə müdiri vəfat edib.

    Asiya.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Alıyev Fəxrəddin Faiq oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Hakim Ramella Allahverdiyevanın icraatında olan cinayət işinin bəzi təfərrüatları məlum olub.
    Məlumata görə, dələduzluqda təqsirləndirilən Fəxrəddin Alıyev Respublika Prokurorluğunda idarə prokuroru vəzifəsində çalışıb. İttiham üzrə verilən cinayət əməlini də məhz vəzifədə olarkən törədib.

    Sabiq prokuror F.Alıyev barəsində cinayət işinin başlanmasına əsas və səbəb İsmayıllı rayonu Cülyan kənd sakini Hənifə Hüseynovanın Baş Prokuroluğa müraciət etməsi olub.

    Hənifə Hüseynova müraciətində mərhum oğlu Valeh Hüseynovun barəsində bir neçə il əvvəl istintaq edilmiş cinayət işinə bəraət verici əsaslarla xitam verilməsi üçün sabiq prokurorluq əməkdaşı Fəxrəddin Alıyev və Gəray Orucova pul verdiyini deyib. H.Hüseynovanın şikayətinə görə F.Alıyev oğlu Valeh Hüseynovdan istintaq orqanlarına vermək adı ilə 51 min manat, məhkəməyə verilməsi adı ilə 10 min manat və zərərçəkmişə verilməsi adı ilə 5 min manat pul alıb.

    Hənifə Hüseynovanın bu şikayəti Baş Prokurorluqda araşdırılıb və prokuror barəsində cinayət işi açılıb.

    Bu iş üzrə zərərçəkmiş şəxs Valeh Hüseynov vəfat etdiyi üçün hüquqi varisi olaraq onun xanımı Kəmalə Hüseynova tanınınb.
    Kəmalə Hüseynova ifadəsində bildirib ki, əri Valeh Hüseynov 2007-2014-cü illərdə İsmayıllı rayon İcra Hakimiyyətində Hüquq məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

    Ərinə qarşı cinayət işi açılması haqda danışan Kəmalə Hüseynova bunları deyib: “Yoldaşım 2012-ci ilin avqust ayında rayon sakini Vahid Piriyevlə danışaraq həyətdə kanalizasiya xətti çəkilməsi barədə razılaşdılar. Vahid Piriyev bizim həyətdə işləyəndə gözünə mismar dəydi və xəsarət aldı. O, bizim evdə xəsarət aldığı üçün yoldaşım onun Bakıda, daha sonra isə İranda müalicəsinə kömək elədi”.

    K.Hüseynovanın sözlərinə görə bütün bunlara baxmayaraq ərinə cinayət işi açılıb. Buna səbəb isə evlərində işləyən ustanın anasının baş prokuror Zakir Qaralaova şikayət etməsi olub. Vahid Piriyevin anası baş porkuror Zakir Qaralovun qəbuluna düşərək oğlunun gözünün şikəst edildiyini deyərək şöbə müdirindən şikayətçi olub.

    Cinayət işi materiallarında yer alan məlumata görə, mərhum şöbə müdiri Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma) maddələri ilə təqdsrli bilinib.

    İttihamda yazılır ki, fərdi olaraq usta fəaliyyəti ilə məşğul olan Vahid Piriyev icra hakimiyyətində şöbə müdiri olan Valeh Hüseynovun qəbuluna gələrək övladlığa uşaq götürmək istədiyini deyib. Məlumata görə, şöbə müdiri bunun qarşılığında ustadan həyətindəki işləri görməsini tələb edib.

    Usta xəsarət aldıqdan sonra ərhum şöbə müdiri barəsində Baş prokurluğun müstəntiqi Səttar Rzayev adlı müstəntiq tərəfindən cinayət işinin istintaqı aparılıb.

    K.Hüseynova ifadəsinin davamında Bakıdan gələn müstəntiqi evlərində gördüyünü deyib: “Valeh zəng edib təcili məni evə çağırdı. Mən həyətə girəndə bir nəfərlə danışıdığını gördüm. Sonradan həmin şəxsin Bakıdan gələn prokurorluq işçisi Səttar olduğunu öyrəndim. Bəzi sənədlər yazıb getdi. Valeh evdən 1000 manat istədi. Pulu Valehə versəm də sonra geri qaytardı. Bir neçə gün sonra Bakıya gedəcəyini deyən Valeh 5 min manat düzəltdi. Dedi ki, müstəntiq çağırdığı üçün gedir. Bakıdan qayıdanda çox əsəbi idi. Dedi ki, müstəntiq 5 min manata razı olmayıb və işin həll edilməsi üçün ondan 50 min manat tələb edib”.

    İsmayıllıda məktəb müəllimi işləyən K.Hüseynova mərhum ərinin hazırda təqsirləndirilən şəxslə tanışlığını və dələduzluğa məruz qalmasını belə danışıb: “Valeh 2014-cü ildə barəsində cinayət işi başlayanda Fəxərəddin Alıyev adlı tanışı ilə əlaqə saxladı . Valeh ondan bu işin həllinə kömək etməsini istədi və lazım olsa pul da verəcəyini dedi. Bundan sonra Fəxrrədin Alıyev ilk olaraq rayonda yoldaşımdan 21 min manat aldı. Həmin pulu yoldaşım istintaq dövründə həbs edilməməsi üçün vermişdi. Daha sonra Valehdən 20 min manat da istədi. Bu pulla Valehin barəsində açılmış cinayət işinə xitam verəcəyini və icra hakimiyyətindəki işinə bərpa etdirəcəyini demişdi. Valeh bu məbləği də Fəxrəddinə İsmayıllıda verdi. Ancaq 20 gün sonra Fəxrəddin Alıyev zəng edərək əlavə olaraq 10 min manatın da lazım olduğunu dedi.

    Valeh işini çox sevdiyi üçün həmin məbləği düzəldərək Fəxrəddin Alıyevə verdi. Bundan əlavə, Fəxrəddin Alıyev yoldaşımdan əlavə olaraq 10 min manatı da barəsində Şəki Ağır Cinayətlər məhkəməsində bəraət verilməsi adı ilə almışdı”.

    K.Hüseynovanın sözlərinə görə, prokurora verdiyi pulları evdə olan qızılları satmaqla, qohumlardan borc almaqla düzəldib.

    Sabiq şöbə müdiri Valeh Hüseynov 2015-ci ilin iyunun 10-da ağır xəstəlikdən dünyasını dəyişib.

    Mərhumun xanımı K.Hüseynova bildirib ki, əri yataq xəstəsi olduğu ərəfədə Fəxrəddin Alıyevlə əlaqə saxlaya bilməyiblər. O, telefon zənglərinə cavab verməyib.

    “Valeh vəfat etdikdən sonra Fəxrəddin Alıyevə bir neçə dəfə mesaj yazdım. Valehin vəfat etdiyini, bizə heç bir kömək etmədiyi üçün pulları geri qaytarmasını tələb etdim. Amma Fəxrəddin Alıyev nə zənglərə, nə də mesajlara cavab vermədi”- deyə K.Hüseynova qeyd edib.
    O, əlavə edib ki, əri öldükdən sonra F.Alıyevə verdikləri ümumi 66 min manatı düzəltmək üçün başqa şəxslərdən aldıqları 50 min manata qədər borcu hələ də qaytara bilməyiblər.

    Bundan sonra Vahid barəsində cinayət işi açılıb.

    Sabiq prokrur F.Alıyev isə ona qarşı iəli sürülən ittihamla özünü qətiyyən təqsirli bilməyib.

    Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda olduqda) maddəsi ilə təqsirli bilinən F.Alıyev barəsində həbs qətimkan tədbiri seçilməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər