"Azərsu" kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı

"Azərsu" kütləvi zəhərlənmə ilə bağlı məlumat yaydı
  • Sosial

  • Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında qeydə alınmış zəhərlənmə içməli sudan baş verməyib.

    Bu barədə Axar.az-a Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir.

    Qeyd olunur ki, hadisə ilə əlaqədar “Azərsu” ASC-yə ilk məlumat iyunun 9-da daxil olub və dərhal Cəmiyyətin mütəxəssisləri, Mərkəzi Laboratoriyanın əməkdaşları əraziyə baxış keçirib, mənbə, magistral kəmər və şəbəkədən su nümunələri götürülüb. Yerində ilkin fiziki-kimyəvi analizlər aparılıb və suyun keyfiyyətində dəyişikliklər qeydə alınmayıb və insan sağlamlığı üçün zərərli olacaq hal aşkarlanmayıb. Bu nümunələrin iyunun 10-da əldə olunmuş yekun bakterioloji nəticələri bir daha təsdiq edib ki, suyun keyfiyyət göstəriciləri standartlara tam uyğundur. Növbəti günlərdə də “Azərsu” ASC-nin əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri ilə birgə ərazidə monitorinqləri davam etdirib, müxtəlif ünvanlardan su nümunələri götürmüş və müqayisəli yoxlanılması uçun hər 2 qurumun laboratoriyasına təqdim olunub. Nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

    Qeyd edək ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi və ətraf yaşayış məntəqələrinin içməli su təchizatı Şollar-Bakı Su Təchizatı Qurğularından və Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən aparılır. Bu mənbələrdən, magistral kəmər və şəbəkələrdən Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış ünvan və qrafiklər üzrə götürülmüş su nümunələri gündəlik yoxlanılır və hər 2 qurum tərəfindən nəzarət təmin edilir.

    “Azərsu” ASC tərəfindən Abşeron yarımadasını içməli su ilə təmin edən mərkəzləşdirilmiş su təchizatı sisteminin mənbədən istehlakçıya qədər bütün mərhələlərində təsdiqlənmiş plan-qrafikə uyğun olaraq gündəlik su nümunələri götürülüb yoxlanılır. Eyni zamanda bu sahədə dövlət nəzarətini həyata keçirən Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də su təchizatı sistemlərində monitorinqlər aparır.

    Onu da qeyd edək ki, Şollar və Ceyranbatan mənbələri Sumqayıt şəhəri ilə yanaşı, Abşeron yarımadasının digər yaşayış məntəqələrini də içməli su ilə təmin edir və bu ünvanlarda belə hal qeydə alınmayıb.

    “Azərsu” ASC bir daha bəyan edir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qeydə alınmış hadisə içməli su ilə əlaqəli deyil və vətəndaşların narahatlığı üçün heç bir əsas yoxdur.
    PAYLAŞ:

    Oxşar xəbərlər