"Seyidlik vəsiqəsi" alan seyiddən TƏRBİYƏSİZ HƏRƏKƏT- Foto- Video- Yenilənib

Qafqaz Müsəlmanları İdarəsi qurumun Masallı, Cəlilabad, Biləsuvar rayonları üzrə qazısı Hacı Mirqiyas Təhməzovun Elnur Tağıyevə seyidlik vəsiqəsi verməsinə münasibət bildirib.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Publika.az-a açıqlamasında qazının bu addımı şəxsi təşəbbüsü ilə atdığını və onun özünün də bu barədə açıqlama verdiyini deyib.

O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının əsasnaməsində belə məqam – qazıların belə bir sənəd vermək hüququ nəzərdə tutulmayıb.


***

"Vəsiqəni internetdə kimin yaydığını bilmirəm. Bu barədə araşdırma aparılır".

Bu sözləri Publika.az-a açıqlamasında Seyid Ağa vəsiqəsi almaqla gündəmə gələn Elnur Tağıyev deyib.

O, vəsiqəni kimin yaymasının özünə də maraqlı olduğunu deyib: “Xəbərim yoxdur ki, bu vəsiqəni kim, necə, nə səbəbə, hansı məqsədlə yayıb. İstintaq aparılır. Kim edibsə, tapılacaq və cəzasını çəkəcək”.

Vəsiqəni əldə etmək məqsədinə gəldikdə, E.Tağıyev bunun üçün bir səbəbə ehtiyac olmadığını dedi: “Vəsiqə almaq üçün bir səbəb olmalıdır ki? Qəribə sual veririsiniz. Bu ilk hal deyil, fil qulağında yatmısınız. Bu xəbərlərin hamısını da rədd edin!”.

Sonrakı suallarımıza cavab verməkdən imtina edən E.Tağıyev “Cəhənnəm olun, rədd olun. Məni narahat etməyin bir də” deyərək, telefonu söndürüb.


***

“Birinci dəfədir ki, mənə seyidlik vəsiqəsi almaq üçün müraciət olub. Mən də səhv edib ona vəsiqə vermişəm”.

Bunu Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Masallı, Cəlilabad, Biləsuvar rayonları üzrə qazisi Hacı Mirqiyas Təhməzov Elnur Tağıyevə seyidlik vəsiqəsi verməsinə aydınlıq gətirərkən deyib.

Vəsiqə nömrəsinin (21213) belə vəsiqələrin sayının çoxluğunu göstərməsinə gəldikdə, M.Təhməzov nömrəni özünün yazmadığını deyib: “O, böyük səhv edərək vəsiqənin üzərinə nömrə yazıb. Mən nömrə yazmamışdım. Birinci belə vəsiqədir verilir. Çap variantında nömrə yerinin olmasına baxmamışdım. Elnur Tağıyev seyidliklərini bildirmək üçün məndən vəsiqə istədi. Onun nə üçün belə vəsiqəni istəməsini deyə bilmərəm. Avamlıqdır sadəcə. Onların nəsillərində seyidlik var. Onun adamları, kəndliləri, ağsaqqalarını bir yerə topladıq. Onlar da seyidliklərini təsdiqlədilər. Bir ağsaqqal kimi mənə müraciət etdilər, mən də verdim. Amma o vəsiqənin heç bir əhəmiyyəti yoxdur, heç yerdə keçərli deyil”.

M.Təhməzov QMİ qazisi olaraq belə bir vəsiqə vermək səlahiyyətinin olmadığını etiraf edib: “Mənim belə bir səlahiyyətim yoxdur. Səhv edib vermişəm. Bu barədə əvvəldən Qafqaz Müsəlmanları İdarəsinə məlumat verməmişdim. Amma vermək istəyirəm. Yəqin buna görə də cəza ola bilər. Amma mən səhv etdiyimi etiraf edirəm, onlara da deyəcəm”.


***

Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazısı Hacı Mirqiyas Təhməzov Elnur Tağıyevə seyidlik vəsiqəsi verməyindən danışıb.

O, unikal.org-a bildirib ki, bu vəsiqəni E.Tağıyevə onun şəcərəsini araşdırdıqdan sonra verib: "Bu vəsiqəni mən əslən lerikli və hazırda Lənkəran rayon Sütəmordov kənd sakini Elnur Tağıyevə araşdıraraq vermişəm. Həmin vəsiqə ilə təsdiq olunur ki, bu adamın nəsl-nəcabəti seyiddir. Bir neçə nəfərin razılığı ilə bu sənəd verilib. Onların kəndlərindən, böyüklərindən öyrənib, həmin insanların razılığı ilə belə addım atmışıq. Onlar da Elnurun seyid olmasını təsdiq edib.”

Hacı Mirqiyas Təhməzov indiyənədək Elnurdan başqa heç kimə belə bir vəsiqə vermədiyini dilə gətirib:"Biz kağız vermişik ki, o adamların şəhadəti ilə Elnur seyidir. Mən bilməzdim ki, seyidlik kağızı belə söz-söhbətlərə gətirib çıxarar. Bilsəydim, bu kağızı verməzdim. Sənədi verməyimə də özüm peşiman oldum. O adam çox kasıb bir oğlandır. Məndən xahiş etdilər ki, onlara belə bir sənəd verək. O, yalvarıb-yaxardı və bildirdi ki, o, həqiqətən seyiddir. Gərək bunu etməzdim. Çox peşimanam. Mən bundan sonra heç vaxt belə bir iş görməyəcəm.”

Hacı Mirqiyas Elnur adlı şəxsə seyidlik vəsiqəsini verməsinin məqsədini də açıqlayıb:

"İndiki vaxtda seyidlərə qarşı başqa fikirlər səsləndirirlər. Guya, hər adam seyidlik adını ala bilər. İnsanların həqiqi seyidi tanımaları üçün bu addımı atmışam”.


Oxşar xəbərlər