Masallıdakı dəhşətli qətlin tükürpədici — TƏFƏRRÜATLARI

Masallıdakı dəhşətli qətlin tükürpədici — TƏFƏRRÜATLARI
  • Hadisə

  • Oğul atasının yatdığı yerdə başına iki zərbə vurub və boğazını kəsib, anasının kürəyinə balta ilə bir neçə zərbə vurub.

    İyunun 9-da yerli KİV Masallı rayonunda qətl hadisəsi barədə məlumat yaymışdı. Miyenkü kənd sakini, 1989-cu il təvəllüdlü Azər Ağayev həyat yoldaşı Asudə Ağayeva ilə birlikdə valideynləri — atası Etibar Ağayevi və anası Rəfiqə Ağayevanı balta ilə doğrayıb. Sonra qatillər öz qurbanlarını tövlədə basdıraraq üstünü betonlayıblar. Bu ağır cinayət ailə-məişət münaqişəsi zəminində baş verib.

    Asiya.az xəbər verir ki, cinayətin qan donduran detallarını Sputnik Azərbaycan-a Masallı rayon hüquq-mühafizə orqanlarının əməkdaşları açıqlayıblar.

    Belə ki, iyunun 5-də Azər Ağayev Masallı rayon Polis Şöbəsinə valideynlərinin itkin düşməsi barədə məlumat verib. Əməliyyatçıların apardığı araşdırma nəticəsində müəyyən olunub ki, Ağayevlər heç yerə getməyiblər. Eyni zamanda kənd sakinləri bildiriblər ki, Ağayevlərin evində daim valideynlərlə ailənin oğlu arasında münaqişələr olub.

    Polis əməkdaşları ilk olaraq Azər və Asudədən şübhələniblər. İstintaq-əməliyyat qrupunun əməkdaşları onları nəzarətə götürüblər. Valideynlərinin itkin düşməsi ilə bağlı polisə məlumat verdikdən bir gün sonra Ağayev yenidən polis idarəsinə gəlib və istintaqın gedişi ilə maraqlanıb. Şöbədə valideynlərinin tapılacağına əmin etdikdən sonra Azəri evə yola salıblar. O heç başa da düşməyib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq onu izləyir və hər addımını öyrənirlər.

    Tezliklə istintaq-əməliyyat qrupunun üzvləri Ağayevlərə qonaq gedərək əraziyə baxış keçiriblər. Kriminalistlərin diqqətini tövləyə yeni tökülmüş beton cəlb edib. Şübhəli şəxslərlə davam edən söhbətlər əsnasında cinayətin üstü açılıb. Azər və Asudə betonun altında ölmüş valideynlərin cəsədlərinin olmasını təsdiqləyiblər.

    Lakin Azər günahını dərhal boynuna almayıb.

    “O, əvvəlcə valideynlərini arvadı Asudənin öldürdüyünü, özünün isə qıraqda dayandığını söyləyib. Saxlanılan şəxslər bildiriblər ki, ana və ata ilə yola getməyiblər, sonuncular onlara yaşamağa imkan verməyiblər. Bu səbəbdən onlar hətta iki dəfə ayrı yaşamağa cəhd ediblər və kirayə ev də tutublar. Amma valideynləri onları geri qaytarıblar ki, Azər evin yeganə oğludur (onun ərdə olan bacısı da var) və valideynləri ilə eyni evdə yaşamalıdır” — deyə hüquq mühafizəçiləri bildiriblər.

    Növbəti münaqişə zamanı Azər valideynlərini öldürmək qərarına gəlib. Səhər o yuxudan duran kimi baltanı götürərək atasının yatdığı otağa gəlib. O, atasının yatdığı yerdə başına iki zərbə vurub və boğazını kəsib. Sonra həyətə düşüb. Bu vaxt anası ayaqqabını soyunaraq evə girməyə hazırlaşırmış. Oğul anasının kürəyinə balta ilə bir neçə zərbə vurub. Azər və Asudə valideynlərin meyitlərini otağın bir küncünə qoyaraq xəndək qazmaq üçün tövləyə gediblər.

    “Xəndək bir metr dərinlikdə idi. Biz hələ də gördüyümüz dəhşətdən özümüzə gələ bilməmişik. Valideynlərin cəsədləri xəndəyə yerləşmədiyini görən ər və arvad, meyitləri parçalayaraq basdırıblar və üstlərini betonlayıblar. Onlar hətta etdikləri əmələ görə peşman belə olmayıblar. Belə halları görəndə adam Azərbaycanda ölüm hökmünün ləğv olunduğuna təəssüf edir” — deyə polis əməkdaşları bildiriblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər