BDU-nin dekan müavininin əleyhinə ifadə verən müəllim işdən çıxdı- Məhkəmə qalmaqalı

BDU-nin dekan müavininin əleyhinə ifadə verən müəllim işdən çıxdı- Məhkəmə qalmaqalı BDU-nun "İlahiyyat” fakültəsində tyutor işləyən Aynur Məmmədova (Zərrintac) fakültəsinin dekan müavini Nigar İsmayılzadənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı məhkəmə prosesində tələbənin xeyrinə ifadə verdiyi üçün təzyiqlərə məruz qaldığını iddia edib.

Asiya.az azxeber.com-a istinadən xəbər verir ki, məhkəmədən sonra A.Məmmədova Tutor və Ərəb dili müəllimi kimi çalışdığı BDU-nun "İlahiyyat” fakültəsindən ayrıldığını bildirib. O buna səbəb kimi, iyunun 21-də Yasamal rayon məhkəməsində dekan müavini Nigar İsmayılzadə haqqında verdiyi tənqidi ifadənin səbəb olduğunu deyib:

"Heç vaxt təsəvvür etməzdim ki, dekan müavini təyin olunacaq universitet müəllimim sonradan mənə onun rüşvət əməlini məhkəmədə açıb dediyimə görə tərbiyəsiz deyəcək. Əsəbisən, get başını düzəltdir deyəcək. Dəyişdirdiyi dərs jurnalına görə təyin olunan komissiya heyəti onu müdafiəsi üçün şiddətli töhməti mənə verəcək. Və s. və ilaxır işlər olacaq. Tələbəni şərəf və ləyaqətini təhqir etdiyinə görə məhkəməyə verəcək. Və qərara gəldim ki, mart ayından bu yana baş verən bu qədər haqsızlığa qarşı məhkəmədə şahid kimi hər şeyi danışım. Bəlkə də bu heç nəyi dəyişməycək. Sadəcə aylardır məni əzən bu prosesdə bir şey öyrəndim ki, vəzifə həmişə məsuliyyətsiz adamın arzusu olur. Kresloya yayxanıb imza atsın deyə. Harasa gedəndə qabağında baş əysinlər deyə".

Aynur Məmmədova iyunun 21-də məhkəmədə dərsə gəlməyən tələbənin imtahanda iştirakını təmin etmək üçün Nigar İsmayılzadənin yeni jurnal hazırlatdırdığını demişdi. O bəzi tələbələrin rüşvət verərək dərsə gəlmədiklərini də əlavə etmişdi:

"Jurnal Lalə Hacıyeva adlı bir tələbəyə görə dəyişdirilib. Fakültədəki rüşvət hallarının araşdırılmasını istəyən tələbələrin adından BDU-nun rektoruna ünvanlanmış ərizədən sonra araşdırma aparan komissiya da jurnalın dəyişdirilməsi haqda rəy verib. Fakültədə rüşvət söz-söhbəti vardı. Mən kiminsə rüşvət aldığını görməmişəm. Hətta tələbələr gəlib deyirdilər ki, məsələn, Lalə pul verir, dərsə gəlmir, biz də elə eləyə bilərik? Mən Lalədən bu haqda soruşdum, əvvəl demədi, amma sonradan bildirdi ki, qayınatası dekan müavini Nigar İsmayılzadəyə 500 manat pul verib”.

Qeyd edək ki, fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayev mətbuata açıqlamasında fakültədə rüşvət hallarının olması ilə bağlı danışmışdı. O, bu işdə dekan müavini Nigar İsmayılzadənin adını hallandırmışdı. Dekan müavini isə tələbənin mətbuatda bu cür iddialar səsləndirməsinə görə xüsusi ittiham qaydasında məhkəməyə vermişdi.

Onu da qeyd edək ki, N.İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısıdır.


BDU-nin dekan müavininin əleyhinə ifadə verən müəllim işdən çıxdı- Məhkəmə qalmaqalı

Oxşar xəbərlər