DYP-dən video paylaşan qadın sürücü ilə bağlı açıqlama: "Məhkəməyə verəcəyik"- Video

DYP-dən video paylaşan qadın sürücü ilə bağlı açıqlama: Bakıda xanım sürücünün vəzifə başında olan DYP əməkdaşının videosunu çəkərək sosial şəbəkələrdə paylaşması geniş müzakirələrə səbəb olub.

Videonu paylaşan iddia edir ki, sözügedən DYP əməkdaşı qaydanı pozan xanım sürücüləri saxlayaraq onlarla münasibət qurmağa çalışır, öz telefon nömrəsini təqdim edir.

O, həmçinin qeyd edib ki, 10-P-048 dövlət nömrə nişanlı YPX-yə məxsus motosikletin sahibi, yol polisi ona əxlaqsız təklif edib.

Asiya.az xəbər verir ki, lent.az bu məsələyə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun münasibətini öyrənib. DYP rəsmisi bildirib ki, həmin faktla bağlı araşdırma aparıblar:

"Araşdırmamız zamanı məlum olub ki, həmin qadın yol polisinə iftira atıb. Biz həmin vaxtı əməkdaşımızda olan mikrofon vasitəsi ilə qadının səsinə qulaq asmışıq. Məlum olub ki, bu qadın nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini istifadə etmədən idarə edib. Buna görə də motosikletlə xidmət aparan DYP əməkdaşı ona saxla əmrini verib. Lakin xanım sürücü bu əmrə tabe olmayıb. O, "Şəhidlər Xiyabanı" istiqamətinə gedərkən avtomobil saxlanılıb. Səs yazılarından görünür ki, həmin qadın polisə hədə-qorxu gəlir. Polis isə vəzifə borcunu yerinə yetirərək protokol tərtib edib. Ondan qisas almaq istəyən qadın isə bu cür əməl törədib. Əlimizdə səs yazıları və video görüntülər var. Bununla bağlı yekun açıqlamamızı ictimaiyyətlə bölüşəcəyik".

Vaqif Əsədov, həmçinin qeyd edib ki, həmin qadınla bağlı tədbir görüləcək: "Onu polisə şər atdığı üçün məhkəməyə verəcəyik. Bu qadının hazırda avtomobilində 18 cərimə balı da var. Hətta 2015-ci ildə 1 il müddətinə sürücülük vəsiqəsindən də məhrum edilib".

DYP sözcüsü eyni zamanda qadının videodakə başqa iddiasına da cavab verib: "Guya polis bütün sürücü qadınlara nömrəsini verir. Buradan ona sual verirəm ki, həmin polis sizə nömrə veribsə, onun mobil telefon nömrəsini deyə bilərsinizmi? Onun bu açıqlamaları, sizcə, nə qədər düzgündür?"

Vaqif Əsədov sürücünün kimliyini açıqlamaq istəməyib: "Xanım özü adını və soyadını açıqlamayıbsa, bizim açıqlamamız düzgün olmaz".



Oxşar xəbərlər