Bu barədə APA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumatda qeyd olunur ki, Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulmuş qaydada məhkum Taleh Bağırov telefon danışıqlarından istifadə edir: "O, hüquqlarını müdafiə edən vəkili və ailə üzvləri ilə görüş imkanına malikdir. Şəxsi təhlükəsizlik hüququ qanunvericiliyə uyğun tam təmin olunur, səhhətində problemlər mövcud deyil, qeyri-qanuni hərəkətlərə və ya pis rəftara məruz qalmayıb. Respublikada sabitliyi pozmağa, ictimaiyyət daxilində çaxnaşma yaratmağa cəhd edən qüvvələr ayrı-ayrı məhkumlar ətrafında ajiotaj yaratmaqla, mənafelərinə xidmət edən bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələri barədə qeyri-sabitliyi əks etdirən qızışdırıcı və təhrikedici, uydurma məlumatlar dərc etməklə həmin məhkumların gündəmdə saxlanılmasına səy göstərirlər”.
Məlumatda həmçinin qeyd olunur ki, bütün penitensiar müəssisələrdə xüsusi kontingentin saxlanılması, maddi-məişət şəraiti, azadlıqdan məhrum edilmiş və təqsirləndirilən şəxslərin hüquqları qanunvericiliyin tələblərinə uyğun təmin edilir: "Məhbusların saxlanılması, qidalanması, asudə vaxtlarının səmərəli keçirilməsi və cəza-icra qanunvericiliyində nəzərdə tutulan hüquqları ölkə rəhbərliyinin humanist addımları sayəsində son illər ərzində dəfələrlə yaxşılaşdırılıb”.