Eldar Mahmudovun əmisi oğlu həbsdən necə çıxdı?

Eldar Mahmudovun əmisi oğlu həbsdən necə çıxdı?
  • Siyasət, Manşet

  • Sabiq MTN naziri Eldar Mahmudov postunu itirdikdən sonra həbs edilən əmisi oğlu azadlığa çıxıb. Amma prokuror onun yenidən həbs edilməsini istəyir. Sabiq nazirin qohumu banklardan birində filial müdiri imiş.

    Asiya.az musavat.com-a istinadən xəbər verir ki, "Azərtürkbank” ASC-nin "Bakı" filialının sabiq müdiri İlham Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən İlham Mahmudov 2015-ci ildə həbs edilib. O, həmin ilin mart ayının 3-dən etibarən tutduğu vəzifədə işləyərkən saxtakarlıq etməkdə təqsirli bilinir. Belə ki, İlham Mahmudov vəzifəsindən sui-istifadə edərək qardaşının həyat yoldaşı Nuranə Mahmudovanın adına depozit hesabları açıb.

    Həmin hesablara 5 əmanət müqaviləsi üzrə ümumilikdə 103 min manat köçürüb. Həmçinin qardaşı İlqar Mahmudovun adına 10 min dollar, onun həyat yoldaşı Fatma Mahmudovanın adına illik 2 faiz ödənməklə 45 min avro depozit hesablarına qoyulub.

    2015-ci ilin iyulun 16-da həyat yoldaşı Kəmalə Mahmudovaya cari hesab açaraq 1100 manatın mədaxil olunmasını təşkil edən İlham Mahmudov etibarnamələr əsasında həmin hesablar üzrə əməliyyatları idarə etnəkdə də təqsirləndirilir.

    İlham Mahmudov bundan başqa 2015-ci ilin 4 noyabrında qardaşı Vüqar Mahmudovun sürücüsü Nicat Məmmədovun istifadə etdiyi "Kapitalbank” ASC-yə aid plastik bank kartını dəyişmək adı ilə aldadıb və işlədiyi filiala dəvət edib.

    İttihama görə o, N.Məmmədovun etibarından istifadə etməklə ona hər hansı məlumat vermədən adına bank hesabı açıb. Hesabı açandan sonra o, Nicat Məmmədovun xəbəri olmadan qardaşı Vüqarın həyat yoldaşı Nuranə Mahmudovanın adına köçürülmüş 1 milyon 530 min dolları qanunsuz olaraq çıxarıb.

    Sabiq nazirin qohumu 2015-ci ilin noyabrında məsuliyyətə cəlb edilib.

    Onun barəsində həbs qətimkan tədbiri seçilib. Mahmudov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

    Onun işinə Nəsimi rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlham Mahmudov 1 il müddətinə azadlıqdan məhrum edilərək 1000 manat da cərimə olunub. İlham Mahmudov təyin edilmiş cəzanı həbsdə yatdığı üçün məhkəmə zalından azadlığa buraxılıb.

    Bu hökmdən prokuror narazı qalıb və apellyasiya protesti verib. Dövlət ittihamçısı İlham Mahmudovun barəsində təyin edilmiş hökmün ləğv edilməsini, onu daha ağır cəza ilə cəzalandırılmasını və həbs edilməsini tələb edib.

    Öz növbəsində İlham Mahmudovun müdafiəçisi də apellyasiya şikayəti verib. Müdafiəçi barəsində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib. Tərəflərin şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

    İşə yaxın günlərdə hakim Sahibxan Mirzəyevin icraatında baxılacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər