Yaxşını seçə bilmək məktəbi- Müslim ibn Əqil İmam Hüseynin (ə) elçisi

Yaxşını seçə bilmək məktəbi- Müslim ibn Əqil İmam Hüseynin (ə) elçisi
  • Maraqlı, Araşdırma

  • Müslim ibn Əqil İmam Hüseynin (ə) sərkərdəsi, Kufəyə göndərdiyi elçisi idi. Kufəlilər İmam Hüseynlə (ə) birlikdə lənətlik Yezid və onun tərəfdarlarına qarşı durmaq üçün olan səslərini, yəni beyətlərini Müslim ibn Əqilə təqdim etməli idilər ki, o da öz növbəsində onların mövqeyini İmama (ə) çatdırsın.

    Asiya.az deyerler.org-a istinadən bildirir ki, Müslim ibn Əqil Kufəyə gəldiyi ilk vaxtlar 18 minə qədər səs toplamışdı, amma Əhli-Beytin (ə) qəddar düşməni İbn Ziyadın (lən) Kufəyə gəlməsindən sonra onun həyata keçirdiyi hiylə tədbirləri nəticəsində o, tək qalmışdı.

    Müslim ələ keçiriləcəyini bildiyi halda və Kufəni tərk edə bilməsi üçün zamanı olduğu halda, buradan getməmişdi.

    Bir az əvvəl onun ibn Ziyadı öldürmək fürsəti yaranmışdı, amma o, xəstəyə baş çəkmək üçün gəlmiş ibn Ziyada qəfl hücum edib, öldürməyi düzgün hesab etməmişdi.

    İbn Ziyadın (lən) sarayında öldürülməzdən qabaq, Müslim vəsiyyət edərkən 3 şey istəmişdi:

    1. Onun qılınc və qalxanını satıb Kufədə olan borcunu ödəsinlər;
    2. Onu öləndən sonra dəfn etsinlər;
    3. İmam Hüseynə (ə) Kufəyə gəlməmək barədə xəbər çatdırlısın.


    Niyə Müslim ibn Əqil öldürüləcəyini bildiyi halda, qaçmırdı? Niyə zamanı və imkanı olduğu halda Kufəni tərk etmirdi? Niyə o, düşməni (ibn Ziyada qəfil hücüm etməklə) necə gəldi öldürməyə razı deyildi? Və niyə o, ölüm anında belə, etməli olduğu şeyləri yaddan çıxarmırdı?

    Müslim ibn Əqil barəsində yazılanlarda oxuyuruq: "Məğrib namazı çatanda Müslim bir neçə nəfər tərəfdarı ilə birlikdə məscidə gəldi. Namazın sonunda Müslim gördü ki, o, tək qalıb. Müslim təkbaşına Kufənin küçələrində gəzməyə başladı. Qaranlıq idi və onun getməyə yeri yox idi. O, yorğun və susuz idi. Bir qapının yanında əyləşdi.
    Bir yaşlı qadın ona yaxınlaşdı və ona necə kömək etmək barədə soruşdu. Müslim ondan su istədi. O, su verdi. Müslim suyu içdi, amma çıxıb getmədi.

    Qadın dedi:

    - Ey qərib! Sənə uyğun deyil ki, mənim qapımın ağzında oturasan. Niyə evinə getmirsən?

    Müslim cavab verdi:

    - Mənim Kufədə evim yoxdur.

    Qadın soruşdu:

    - Sən kimsən?

    O, cavab verdi:

    - Mən Müslim ibn Əqiləm. İmam Hüseynin (ə) elçisiyəm.

    Müslim ibn Əqilə əhəmiyyətli bir məsələ tapşırılmışdır. O, İmam Hüseynə (ə) Kufədən göndərilmiş yüzlərlə məktubun ardınca bura gəlmiş və yerli camaatın İmamın (ə) İslam dininin aradan getməməsi üçün zülmə qarşı mübarizəsində dəstəyinin həqiqətən də mövcud olub-olmamasını araşdırmalıdir.

    Müslim Kufəyə gəlmək üçün Mədinədən uzaq bir yol qət etmişdir. O, şərəfli missiyasını yerinə yeirmək üçün isti səhranın susuzluğuna və aclığına dözmüşdür.
    Müslimi "tənha sərkərdə" adlandırırlar. Həqiqətən də o, İmamın (ə) yanından Kufəyə getmək üçün ayrıldığı vaxtdan tək olmuşdur.

    Müasir dünyanın kommunikasiya imkanları Müslim ibn Əqil üçün mövcud olmamışdır ki, onların vasitəsi ilə o, dilədiklərini dərhal əldə edə bilsin. Öz halı və vəziyyəti barədə məlimat versin.

    Hiyləgər və şərəfsiz ibn Ziyad (lən) ona dəfələrlə tələ qurmuşdu və o, hər dəfə bu təkbaşına qərarlar verərərək, tələlərdən çıxımışdı.

    Ardıcılları onu tərk etdikləri vaxt o, yenə təmkinini və dözümünü itirməmişdi. Ən əsası isə - Kufəni tərk etməmişdi. O, tək,qılınc və qalxanı ilə birlikdə idi və öz qüvvəsini düzgün qiymətləndirə biliridi. O, başa düşürdü ki, onun qüvvəsi Kufə camaatının İmamı (ə) qarşılamaq hazırlığı və əzmi olmadan ibn Ziyadın qoşunlarına qarşı kifayət etmir. Bu halda o, süstlük etməmişdi.

    Əlbəttə, onun düşmən dəstələri ilə təkbaşına döyüşü əhəmiyyətli məsələdir. Amma bundan daha əhəmiyyətlisi - onun vəziyyəti düzgün qiymətləndirə bilməsi və onun ardınca Kufəyə gələcək İmam Hüseyn (ə) karvanına və əsrlər sonra bu hadisələri araşdıran bizlərə müəyyən mesajları ötürməsidir. Mühümü - əsrlər sonra bizim onun davranışlarından çıxaracağımız nəticədir.

    Müslim ibn Əqil təkdir, o, düşmən dəstələri ilə vuruşda qüvvələr nisbətindən xəbərdardır. Onun döyüşü nə qədər əhəmiyyətlidirsə, düşmən qarşısında mövcud ola bilməsi daha önəmlidir. Müslimin Kufədən gedə bilməsi üçün zamanı olmuşdur, amma o, qəsdən burada qalmışdır. Çünki o, qaldıqca zülm kök ata bilməmişdir. Müslimin ibn Ziyad (lən) qoşunları ilə vuruşması artıq zərurətdən doğan bir şey idi. Düşmən onun kimi sərkərdəni döyüşsüz ələ keçirə bilməzdi. Müslim bizə deyir ki, zülmə qarşı durmaq həmişə zor tətbiq etməklə deyildir. Mövcudluğun özü artıq böyük bir məsələdir və bu mövcudluğun hansı şəkildə həyata keçirilməsi - məsələni daha geniş anlamda müvəffəqiyyətli edəndir.

    Müslim özü üçün burada deyildi. O, özü üçün vuruşmurdu.

    Müslim - İmam Hüseyn (ə) karvanının, missiyasının və davranışlarının bir hissəsi idi.

    Müslimin seçimləri düşməni hər dəfə məyus edirdi. İbn Ziyadı qəfil öldürmək istəməmişdi, çünki bu, ibn Ziyad əxlaqınca olardı. O, ölüm anında istədikləri ilə düşməninə daha ağır zərbə vurmuşdu - öldükdən sonra dəfn edilmək. Borcu olduğu insanlara borcunun qaytarılması. Bunu insandan savayı kim istərdi? Və yaxud missiyasıını sona çatdırmaq savaşı - İmam Hüseynə (ə) Kufəyə gəlməmək barədə məlumat çatdırılsın.

    Doğrudanmı Əqil bunların ediləcəyinə inanırdı?

    Mümkündür. Amma əsası - gözəl insanlıq mesajlarını əsrlər sonraya ötürmək. Düzgün qərarlar vermək. Sənə edilən etibarı itirməmək. Ümidləri doğrultmaq. Tapşırılan işi sona çatdırmaq.

    Müslimin şəhadəti sonrakı qəhərman şəhadətlərə yol açmışdı. Bu şəhadətlər isə Aşuranın - böyük insanlıq məktəbinin formalaşması və zaman keçdikcə, ayaqda durmasına səbəb olmuşdu ki, insanlar da istər fərdi, istərsə də ictimai həyatlarında ona nəzərən seçimlər edə bilsinlər. Dünynın mümkün tələləri qarışında yaxşı və pisi ayırd etmək çətin olduqda canlı, yaşanılmış, hiss olunan tairxə, keçmişə istinad etsinlər və bu, onlar üçün qurtuluş olsun.

    Müslim ibn Əqilin davranışlarında yaxşını seçmək vardır. O, öz həyatı və şəhadəti ilə yaxşını seçmək dərsliyini yazmışdır. Onun davranışlarında yaxşılığa təkid vardır və onun zülmə qarşı insani davamlılığı fövqəladə yüksəkdir.

    Bu gün Ərbəində Kərbəla şəhidlərini ziyarət etmək üçün axışan insanların sayı artıq 25 milyonu keçmişdir. Kərbəla şəhidlərini əsrlər sonra xatırlamaq, onlara olan məhəbbət və ehtiramı bu yolla bildirmək - insanlarda bu ali davranışlara olan ehtiyacdan xəbər verir. Bura gələn insanlar əslində Kərbəla insanları və hadisələri ilə həmrəy olduqlarını izhar edirlər. Onlar Kərbəlada yaşananları görmədən hiss edirlər.

    Böyük bir Hüseyni ümmətin formalaşması astanasındayıq.

    Allahım, bizləri İmam Hüseyn (ə) məktəbinin ali hədəflərini dərk edənlərdən və bu məktəbin ənənələrini daimi yaşadanlardan qərar ver!
    PAYLAŞ:

    Oxşar xəbərlər