Mehman Əliyev azadlıqda — VİDEOREPORTAJ

Mehman Əliyev azadlıqda — VİDEOREPORTAJ
  • Mədəniyyət

  • Ölkə başçısı agentlik rəhbərinin müraciətinə reaksiya verdi, məhkəmə onun barəsindəki həbs-qətimkan tədbirini dəyişdi

    “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən buraxılıb. Yasamal rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan qərarı dəyişdirilib. Mehman Əliyevin barəsində olan həbs qətimkan tədbirinin başqa yerə getməmək haqda iltizam tədbiri ilə əvəz olunması barədə vəsatətini təmin edib.

    M. Əliyev prosesdən çıxandan sonra jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdiyini, müraciətində agentliyin fəaliyyətini xatırlatdığını, barəsində qaldırılmış cinayət işi ilə bağlı istintaqdan yayınmadığını, həbs qərarının dəyişdirilməsini xahiş etdiyini bildirib.

    Mehman Əliyev: “Proses davam edir”

    “İlk növbədə mənim azadlığa çıxmağım üçün dəstək verən Azərbaycan ictimaiyyətinə minnətdarlığımı bildirirəm. O qüvvələr ki, bizə inanırdılar, bizə dəstək verirdilər, onlara təşəkkür edirəm. Təkcə mən yox, həm də “Turan” agentliyi bu dəstəyi gördü. İkincisi, bizə dəstək olan xarici dövlətlərə və beynəlxalq təşiklatlara minnətdaram. Özlərini kifayət qədər güclü apardıqlarına görə ailəmə də təşəkkür edirəm. Bu, mənim üçün çox vacib idi. Mənimlı bir kamerada olan yoldaşlara da minnətdaram ki, mənə kifavyət qədər hörmətlə yanaşırdılar. Ümidvaram ki, bu iş öz məntiqi nəticəsinə gəlib çıxacaq., Yəni, “Turan” agentliyinə və mənə qarşı ittihamlar, hesab edirəm ki, təsdiqini tapmayacaq.Biz bu araşdırmada aktiv iştirak edirik, istintaqdan yaylnmırıq. Lazım olan bütün sənədləri tam təqdim etmişik, ifadələr vermişik. Proses davam edir, hesab edirəm ki, həqiqi vəziyyətin nədən ibarət olduğu ortaya çıxacaq və bu məsələ bağlanacaq”.

    M.Əliyev qeyd edib ki, o ölkə prezidentinə müraciət edərək, “Turan”ın yaradılması, jurnalistika sahəsində 30 ildən çox olan fəaliyyəti, Azərbaycanda etibarlı jurnalistikanın qurulmasında iştirakı, həmçinin barəsində olan cinayət işi barədə yazıb. “Qeyd etdim ki, proses başlayan dövrdən istintaqdan yaylnmamışam, tam aktiv şəkildə istintaqla təmasda olmuşam. Bütün bunları nəzərə alaraq həbs-qətimkan tədbirinin təyişdirilməsini xahiş etmişəm. Bu gün də Yasamal rayon məhkəməsinin sədrinə məktub yazdım. Orda da bu məsələləri vurğulayaraq, ” həbs-qətimkan tədbirinin təyişdirilməsini xahiş etdim. Bu da baş verdi”.

    “Bilirdim ki, nəsə baş verir, amma nə olduğunu dəqiq bilmirdim”

    “Turan”ın bundan sonrakı taleyi ilə bağlı M.Əliyev deyib ki, fəaliyyət kifayət qədər ağırdır. “Çünki bizim hesablara həbs qoyulub, daxil olan bütün vəsaitlər çıxarılır. İndi fəaliyyət göstərmək üçün demək olar ki, vəsaitimiz yoxdur. Onsuz da vəziyyətimiz ağır idi. Ona görə də fəaliyyətimizi necə davam etdirəvəyimizi indi demək çox çətindir. Yəni, bu, artıq problemdir”.

    M.Əliyev əlavə edib ki, həbs zamanı ona qarşı hər hansı ayrı-seçkilik olmayıb: “Hamıda necə, bizdə də elə. Münasibət normal idi. Onlar blirdilər ki, mən jurnalistəm, redaktoram, direktoram. Deməzdim ki, hansısa xüsusi münasibət göstərirdilər, amma bunu nəzərə alırdılar” – deyən M.Əliyev informasiyasılıqdan əziyyət çəkdiyini vurğulayıb. O qeyd edib ki, onun həbsi ilə bağlı Azərbaycana qarşı sanksiya qoyulacağı məsələsindən xəbərsiz olub. “Mən sanki vakumda idim. Məcbur olaraq yalnız Azərbaycan televiziya kanallarına baxırdəm. Çoxdandır yerli kanallara baxmırdım. İzləyəndən sonra gördüm ki, baxmadığım 7-8 il ərzindı Azərbaycan kanalları mənfi mənada “inkişaf edib. Orada “Guardian”, “Vaşinqton Post” qəzetlərində çıxarn məqlələr müzakirə olunurdu, amma söhbətin əslində nədən getdiyinin mahiyyəti açılmırdı. Ancaq mın sətirarası başa düşürdüm ki, hansısa ciddi tənqidlər var və orada yığışan şəxslər hakimiyyəti müəyyən mənada müdafiə etməyə çalışırlar. Mən bilirdim ki, nəsə baş verir, amma nə olduğunu dəqiq bilmirdim”.

    “Azadlığa çıxmağınızı gözləyirdinizmi” sualına cavab olaraq M.Əliyev bildirib ki, hər şeyə hazır idi: “Mən “zon”a getməyə hazırlaşırdım. Şünki təcridxananın şəraiti ilə tanış oldum, polis idarəsində iki gün saxladılar, ora ilə tanış oldum, “zon”la tanışlıq da mənə maraqlı olardı. Buna da hazırlaşırdım” – deyə M.Əliyev bildirib.

    Əli Həsənov: “Prezident aidiyyəti orqanlara tapşırıq verib”

    Qeyd edək ki, səhər saatlarında prezident İlham Əliyevin M.Əliyevin müraciətinə ciddi reaksiya verdiyi, dərhalprokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə etdiyi barədə məlumat yayılmışdı.

    Əli Həsənov bildirib ki, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülmüş və cari ilin avqustunda onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin dövrdə Azərbaycan Mətbuat Şurası məsələnin ölkə qanunvericiliyi çərçivəsində ədalətli şəkildə həll olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlamışdı. Həmçinin Mehman Əliyev dövlətimizin başçısına müraciət edərək barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

    M.Əliyevin azad edilməsini şərh edən Ə.Həsənov qeyd edib ki, hələ 2009-cu ildə Prezident İlham Əliyev Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının aliliyini nəzərə alaraq kütləvi informasiya vasitələri əməkdaşlarının peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməsinin məqsədəmüvafiq olmadığına dair öz rəyini bildirmiş və iradəsini nümayiş etdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, 2009-cu ildən ötən dövr ərzində KİV əməkdaşları peşə fəaliyyətinə görə məhkum olunmayıblar.
    Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzaladığını xatırladan Əli Həsənov bildirib ki, həmin Sərəncam bu kimi və bir sıra digər hallarda məsuliyyətə cəlb olunmuş şəxslərlə bağlı cəmiyyətdən təcrid olunmamaq şərtilə alternativ cəza tədbirlərinin həyata keçirilməsinə tam imkan yaradır.

    Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib.

    Prezidentin köməkçisi qeyd edib ki, bu qərar Azərbaycanda demokratik prinsiplərin, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Prezidentinin dəyişməz mövqeyi və ali iradəsinin təcəssümüdür.

    Əflatin Amaşov: “Əmin idik ki, Mehman Əliyevə münasibətdə qanunvericilikdə nəzərdə tutulan humanist addım atılacaq”

    Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da bildirib ki, Mehman Əliyevin həbsdən azad edilməsi ölkə başçısı cənab İlham Əliyevin media ilə bağlı məsələlərə həssas yanaşmasının növbəti bariz nümunəsidir. “Biz Mətbuat Şurası olaraq həmişə buna inanmışıq və əmin idik ki, yaranmış insident dövlət başçısının şəxsi diqqəti sayəsində ədalətli şəkildə araşdırılaq, Mehman Əliyevə münasibətdə qanunvericilikdə nəzərdə tutulan humanist addım atılacaq”.

    MŞ sədri həmçinin bildirib ki, prezident İlham Əliyev çıxışlarında Azərbaycanda jurnalist həbsi ilə bağlı məsələlərdə bir növ, moratoriumun qeydə alındığını bildirib. Burada başlıca məqam ümumən media təmsilçilərinin fəaliyyətinin cəmiyyətdə söz və ifadə azadlıqlarının dərinləşməsinə yönəlməsidir: «Söz və məlumat azadlığı ali demokratik dəyərdir. Buna görə də kütləvi informasiya vasitələrinin əməkdaşları sırf peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilmirlər. Cənab Prezidentin iradəsi belədir və hələ 2009-cu ildə bununla əlaqədar rəyi olub. Prinsipial məqam budur. Bir neçə il öncə «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili həbs ediləndə də cənab İlham Əliyev eyni prinsipiallığı nümayiş etdirmişdi. Prezidentin mövcud istiqamətdəki yanaşması jurnalistika baxımından böyük jestdir. Bir daha cənab İlham Əliyevə Mətbuat Şurası və ölkəmizin media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildiririk».

    Ə. Amaşov bildirib ki, dövlət başçısının ölkədə söz və ifadə azadlıqlarının təminatçısı olması dəfələrlə təsdiqini tapmış danılmaz reallıqdır. «Əlbəttə, Mehman Əliyevlə bağlı məsələ araşdırılacaq. Ancaq hesab edirik ki, onun azadlıqda olması mühüm şərtdir. Dövlət başçısının mediaya yanaşması da bundan ibarətdir. Buna görə, ayrıca Mətbuat Şurasının Mehman Əliyevlə bağlı müraciətinə həssas yanaşdığı üçün cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk», – deyə Ə.Amaşov vurğulayıb.

    İttiham

    M.Əliyev avqustun 24-də Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 213.1-ci (vergidən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittihamlar irəli sürülüb, barəsində cinayət işi başlanıb və şübhəli şəxs qismində Yasamal rayon polis idarəsinə aparılıb.
    Avqustun 25-də isə M.Əliyevin barəsində CM-nin 192.2-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. M.Əliyev isə ittihamları qəbul etmir, sifariş əsasında həbs edildiyini bildirir.

    Yasamal Rayon Məhkəməsinin qərarı ilə M.Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu qərardan verilmiş apellyasiya şikayəti təmin edilməyib.
    Qeyd edək ki, Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

    Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar, onunla əməkdaşlıq edənlər sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər.


    PAYLAŞ:

    Oxşar xəbərlər