36 cinayətə görə cəza hədləri aşağı salınıb

36 cinayətə görə cəza hədləri aşağı salınıb
  • Siyasət / Manşet

  • “Cinayət Məcəlləsində nəzərdə tutulan humanistləşdirmək və liberallaşdırma, azadlıqdan məhrumedilmə sanksiyalarının azaldılması ilə bağlıdır. Bütövlükdə 36 cinayətə görə azadlıqdan məhrum etmə cəzasının hədləri aşağı salınıb. Nəticədə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan, azağır kateqoriyaya keçirilib. 13 sanksiyada azadlıqdam məhrum etmə cəzasının hədləri dəyişdirilib”.

    Asiya.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev Milli Məclisdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

    Sektor müdiri bildirib ki, əvvəllər Cinayət Məcəlləsində azadlığın məhdudlaşdırılması növü olub: “Lakin bu tamamilə fərqli cəza növüdür. Cəza Cinayət Məcəlləsinə qəbul olunarkən şəxslərin xüsusi müəssisələrdə saxlanmasını nəzərdə tuturdu. Lakin sonrada cəza effekt vermədiyi üçün Cinayət Məcəlləsindən çıxarılmışdı. İndiki cəza növünün isə mahiyyəti tamamilə dəyişdirilib. Yeni cəza növünə nəzarətdə elmi nailiyyətlərdən, xüsusi elektron vasitələrdən istifadə olunacaq. Yəni şəxslərə elektron nəzarət aparılacaq, azadlığı məhdudaşdırılmış şəxslərə elektron nəzarət vasitələri tətbiq edildiyi halda, həmin şəxs bu cəzanı icra etmiş olacaq. Elektron monitorinq sistemi bu şəxslərin yerləşdirilməsi ilə bağlı konkret məlumatlara malik olmaqla qanunun icrasının effektivliyini təmin edəcək. Cinayət törədən şəxslərə elektron qolbağı tətbiq olunacaq. Azadlığı məhdudlaşdırılan şəxslər yalnız bu sistem tətbiqi edildiyi vaxtdan bu cəzanı icra etmiş olacaqlar. Azadlığın məhdudlaşdırılmasının mahiyyəti ondan ibarətdir ki, cinayət törədən şəxslər elektron sistem vasitəsilə yaşadığı ərazidən kənara çıxa bilməyəcəklər. Eyni zamanda həmin şəxsin müəyyən ərazi çərçivəsinin məhdudlaşdırılması həyata keçiriləcək. Hüquq-mühafizə orqanları həmin şəxslərin yerdəyişməsi haqqında məlumata malik olacaqlar”.

    V.İsayev qeyd edib ki, azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib: “Bu sistemin tətbiqi dünya təcrübəsinə əsasən aparılan statistikaya görə, cəzaların 92 faizinin azalmasına gətirib çıxarıb. Eyni zamanda həmin şəxslərin cinayətdən yayınması hallarının 94 faiz azalmasına səbəb olub. Narkotik maddədən istifadə edən şəxslərə güzəşt ediləcək. Həmin şəxslər məhkəmənin qərarı ilə stasionar şəkildə müalicə olunacaqlar. Əgər şəxs sağalacaqsa və tibbi xarakterli qərarlar ləğv olunacaqsa, həmin şəxs cinayətdən azad olunacaq. Bu narkotik maddələrin istifadəsinə görə ilk dəfə tutulan şəxslərə aiddir. Bu dövlətin üzərinə götürdüyü böyük bir addımdır və həmin şəxslər dövlət hesabına müalicə olunacaqlar. Əgər hər hansı bir şəxs müalicə olunmaqdan yayınarsa və ikinci dəfə bu fakt qeydə alınarsa, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

    PAYLAŞ:

    Oxşar xəbərlər