İlham Əliyev Qobustan və Şamaxıya səfər edib

İlham Əliyev Qobustan və Şamaxıya səfər edib
  • Siyasət / Manşet

  • Prezident İlham Əliyev Qobustan rayonuna səfərə gəlib.

    Asiya.az xəbər verir ki, dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

    Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov abidənin ucaldığı Heydər Əliyev parkında əhalinin istirahəti üçün görülən işlər barədə məlumat verdi. Burada rayon sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait var.

    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib
    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib

    Prezident İlham Əliyev “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edib.

    Son dövrlərdə ölkəmizdə sosial sahədə həyata keçirilən siyasətin tərkib hissəsi kimi əhalinin dayanıqlı və təmiz içməli su ilə təminatı, həmçinin kanalizasiya şəbəkələrinin yenilənməsi istiqamətində icra edilən layihələrin də həcmi artır. Bu baxımdan “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi də mühüm əhəmiyyət daşıyır. Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11700 nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilib. İcrasına 2015-ci ildə başlanan layihə çərçivəsində rayonun Təsi kəndinin yaxınlığında ümumi məhsuldarlığı saniyədə 87 litr olan 6 subartezian quyusu qazılıb, Daşarası və Nərimankənd kəndlərinin ərazisində 2 su anbarı inşa edilib. Eyni zamanda 14,4 kilometr uzunluğunda magistral kəmər çəkilib, mürəkkəb relyef şəraiti nəzərə alınmaqla suyun şəhərə çatdırılması üçün üçpilləli nasos sistemi quraşdırılıb. Əhaliyə verilən içməli suyun keyfiyyət göstəricilərinin uzunmüddətli dövr üçün standartlara uyğunluğunu təmin etmək məqsədilə su mənbəyində məhsuldarlığı sutkada 3800 kubmetr olan əks osmos tipli təmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir. “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qobustan şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xaçmaz və Xızı şəhərlərinin də içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir. Qusar və Naftalan şəhərlərində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi yekunlaşıb. Hazırda Xaçmaz və Xızıda içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir.

    Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

    “Azərsu” Acıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verdi. Layihə çərçivəsində Qobustan şəhərində 68 kilometrlik içməli su şəbəkəsi yaradılıb, 1900 ünvana birləşmə verilib, bütün abunəçilər sayğacla təmin edilib. Artıq bütün şəhər əhalisi yeni şəbəkə vasitəsilə keyfiyyətli və dayanıqlı su ilə təmin olunur. Layihəyə uyğun olaraq Qobustan şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılıb, 42 kilometr uzunluğunda kanalizasiya xəttinin və 1160 baxış quyusunun inşası yekunlaşıb və hər bir evə birləşmə verilib. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün 7 kilometrlik kanalizasiya kollektoru da tikilib. Tullantı sularının zərərsizləşdirilməsi üçün məhsuldarlığı sutkada 2500 kubmetr olan təmizləyici qurğunun inşası üzrə keçirilən tender prosedurları son mərhələdədir və qarşıdakı aylarda tikinti-quraşdırma işlərinə başlanılacaq.

    Bildirildi ki, layihə çərçivəsində Qobustan Sukanal İdarəsi üçün yeni inzibati bina da inşa edilib. Burada işçi otaqları, informasiya-texnologiyaları otağı, iclas zalı yaradılıb. Bir sözlə, burada müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün hərtərəfli şərait var. İnzibati binanın həyətində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

    Qeyd olundu ki, yeni layihənin icrasına qədər Qobustan şəhərində 1950-ci illərdə yaradılmış su təchizatı sistemlərindən istifadə olunurdu. Şəhərə içməli su Xaltava və Təsi kəndləri ərazisində yerləşən subartezian quyularından verilirdi. Əvvəllər mövcud olmuş 42 kilometrlik su şəbəkəsi şəhəri tam əhatə etmir və istismar tələblərinə cavab vermirdi. “Azərsu” ASC 8500 nəfər əhalisi olan Qobustan şəhərinin təqribən 20 faizinə xidmət göstərə bilirdi. İçməli su həftənin 3 günü olmaqla cəmi 1-2 saatlıq qrafiklə verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Qobustan şəhərində kanalizasiya sistemi isə yeni layihə icra edilənədək ümumiyyətlə mövcud olmayıb.

    Sonra Prezident İlham Əliyev Qobustan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

    Sonda xatirə şəkli çəkdirildi.

    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib
    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib
    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib
    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib

    Prezident İlham Əliyev Qobustan rayonunun əsaslı təmir edilən Təklə-Sündü-Xilmilli avtomobil yolunun açılışında iştirak edib.


    Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyədə qurulması istiqamətində olduqca mühüm layihələr icra edilib. Onlardan biri də Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yoludur. Bu yolda əsaslı təmir işləri Prezident İlham Əliyevin 2013-cü və 2016-cı il tarixli sərəncamlarına əsasən aparılıb.

    “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Təklə-Sündü-Xilmilli avtomobil yolu 15 min nəfərin yaşadığı 6 kəndi birləşdirir. Ümumi uzunluğu 17,2 kilometr olan yolun eni 6 metrdir. Dördüncü dərəcəyə aid Təklə-Sündü-Xilmilli avtomobil yolu 2 hərəkət zolaqlıdır. Layihə çərçivəsində müxtəlif diametrli 23 suötürücü boru tikilib, 9 avtobus dayanacağı quraşdırılıb. Bu yolun əsaslı yenidən qurulması yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin edəcək, nəqliyyatın hərəkətinin təhlükəsizliyində mühüm rol oynayacaq. Bundan başqa, bu layihə eyni zamanda bu yaşayış məntəqələrinin sosial vəziyyəti ilə yanaşı, iqtisadi durumuna da müsbət təsir edəcək. Belə ki, kənd təsərrüfatı işçiləri məhsullarını daha tez və rahat şəkildə alıcılara çatdıra biləcəklər.

    Onu da deyək ki, bu yol 2017-ci ildə ölkəmizdə həyata keçiriləcək “40 yol” layihəsindən biridir. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılacaq “40 yol” layihəsinin nəticəsində 100 minlərlə sakin müasir səviyyədə inşa edilən yollardan istifadə edərək rahat və təhlükəsiz şəkildə mənzil başına çatacaq. Ümumilikdə, Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə respublikamızda yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində çox sayda kənd yolları da yenidən qurularaq müasir səviyyəyə çatdırılıb.

    Dövlətimizin başçısı Təklə-Sündü-Xilmilli avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib
    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib

    Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib.

    Dövlətimizin başçısı Şamaxı şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

    Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.

    Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Öndərin abidəsinin yerləşdiyi parkda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.

    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib
    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib


    Prezident İlham Əliyev oktyabrın 2-də Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun açılışında iştirak edib.

    Asiya.az xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.

    Bildirildi ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, ölkəmizin 2 magistral avtomobil yolu - M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolları arasında yeni bir bağlantı yaratmaq, respublikadakı turizm potensialından daha uğurlu istifadə etmək məqsədilə 2011-ci ildə 35,8 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisinə başlanılıb. Yolun uzunluğu 53 kilometrdir. Görülən işlər nəticəsində avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metrdir. Bundan başqa, yol boyunca müxtəlif diametrli 53 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 795 metrdir. Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 363 yol nişanı quraşdırılıb, 132,5 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib.

    Bildirildi ki, bu avtomobil yolunun tikintisi Aran iqtisadi rayonu ilə Dağlıq Şirvan iqtisadi rayonu arasında 53 kilometr uzunluğunda yeni avtomobil yolu əlaqəsi yaradacaq. Bu da indi istifadə edilən hərəkət marşrutları ilə müqayisədə orta hesabla 120-180 kilometr az məsafə qət etməyə, yanacağa və vaxta qənaət etməyə imkan verəcək.

    Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisi zamanı rayonun Adnalı və Çarhan kəndlərinə giriş yollarında təmir işləri aparılıb. Adnalı kəndinin dörd kilometrlik giriş yolu 4-cü texniki dərəcəyə uyğun inşa olunub. Çarhan kəndinin eyni texniki dərəcəyə uyğun inşa edilən giriş yolunun uzunluğu isə 3,2 kilometrdir. Adnalı və Çarhan kəndlərinə giriş yollarının təmiri 4,2 min nəfər əhalinin yaşadığı 2 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.

    Prezident İlham Əliyevə Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Dövlətimizin başçısının 2017-ci ilin iyul ayında imzaladığı Sərəncama uyğun olaraq ümumi uzunluğu 11 kilometr olan Göylər-Quşçu avtomobil yolunun tikintisinə 3,9 milyon manat vəsait ayrılıb. Yol-tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Hərəkət hissəsinin eni 6 metr olan bu yolun tikilməsi 14 min nəfər əhalinin yaşadığı 4 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.

    Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

    Sonra xatirə şəkli çəkdirildi.

    Daha sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib
    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib
    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib


    Prezident İlham Əliyev Şamaxı rayonuna səfəri çərçivəsində “Az-Granata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub.

    Azərbaycanda aparılan məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın yüksəldilməsinə, qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani təsdiqidir.

    Şamaxı rayonunda da əhalinin əksər hissəsi bitkiçilik və heyvandarlıqla məşğul olur. Bitkiçilikdə taxıl, kartof, tərəvəz, bostan, üzüm və meyvə məhsulları istehsalı üstünlük təşkil edir. Rayon üzümlükləri isə vaxtilə böyük şöhrət qazanıb. Belə ki, ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilib. Sonradan Sovet İttifaqının dağılması, 1990-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də demək olar ki, sıradan çıxarıb. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. Təsadüfi deyil ki, Şamaxıda da son illər təsərrüfatın bu gəlirli sahəsi sürətlə inkişaf edir. Artıq üzüm bağlarının sahəsi 1650 hektara çatdırılıb ki, bunun da 1550 hektarı məhsul verir. Mütəxəssislər cari mövsümdə rayonda 14 min tondan çox üzüm istehsal olunacağını proqnozlaşdırırlar.

    AZƏRTAC xəbər verir ki, “Az-Granata” MMC də Şamaxı rayonunda üzümçülüyün inkişafı istiqamətində xeyli iş görüb. Beş ildir ki, məhsul istehsal olunur. 2016-cı ildə “Az-Granata”nın üzüm bağlarından 3 min ton məhsul tədarük edilib.

    Dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verildi.

    Bildirildi ki, Şamaxı üzüm bağları 2009-cu ildə 25 hektar sahədə salınmağa başlanıb. Hazırda üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır. Ərazinin dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, temperatur göstəriciləri və bu yerlərdən götürülən torpaq nümunələrinin laboratoriyalarda aparılan analizləri Şamaxıda yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən, ərazidə əkilən üzüm növləri və onların kök sistemləri seçilib. Seçilən növlər üzrə ölkəmizə yüksək keyfiyyətli üzüm tingləri gətirilib və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilib. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınıb. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir.

    Qeyd edildi ki, üzüm tingləri Fransa, Türkiyə və Gürcüstandan gətirilən ən yaxşı növlərdən ibarətdir. Texniki növlərdən “Şardane”, “Cabarne”, “Cabarne Frans”, süfrə növlərindən “Prima”, “Cardinal”, “Sultaniye”, “Alfonz Lavalle”, “Danuta” və s. kimi növləri misal göstərmək olar. 2016-2017-ci məhsul ilində “Superrior Seedeless”, “Crimson Seedles”, “Red Globe” kimi yeni növlər gətirilərək cavan bağlar salınıb. Kişmiş və əla şərab üzümü olan “Mədrəsə” kimi yerli növlər də bağda yetişdirilərək məhsul istehsalı ildən-ilə artırılır. Cari ildə texniki üzümün hektar üzrə məhsuldarlığı 7-8 ton, süfrə üzümünün məhsuldarlığı isə 15 ton olub. Növbəti ilə hədəf texniki üzümdə 10-11 ton, süfrə üzümündə isə 17-18 tondur. 2015-ci ildə süfrə üzümü bağında ən müasir suvarma sistemi qurulub. Texniki üzüm isə dəmyə şəraitində yetişdirilir. Hazırda “Az-Granata” MMC-nin üzüm bağlarında 250 nəfər işlə təmin edilib ki, onlardan 200 nəfəri qadındır.

    Bildirildi ki, təsərrüfatda istehsal edilən üzüm sortları Bakı şəhərində fəaliyyət göstərən “Meyvəli” ticarət mərkəzində və 8-ci Kilometr bazarında topdansatış qaydada satılır. Texniki sortlar isə “Az-Granata” MMC-nin nəzdində fəaliyyət göstərən şərab emalı zavoduna təhvil verilir. Ümumilikdə, 2012-2020-ci illəri əhatə edən üzümçülüyün inkişafı ilə bağlı dövlət proqramının icrası nəticəsində bölgələrdə həm sahibkarlıq inkişaf edəcək, həm də Azərbaycanın üzümçülük şöhrəti bərpa olunacaq.

    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib
    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib
    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib
    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib


    Prezident İlham Əliyev Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.

    “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Şamaxı şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlər barədə məlumat verdi.

    Bildirildi ki, layihə Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində həyata keçirilib. Bu layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Şamaxı şəhərində 41 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihənin icrasına 2010-cu ildə başlanılıb. Birinci mərhələdə Şamaxı şəhərini keyfiyyətli və dayanıqlı su ilə təmin etmək üçün Pirsaatçayın məcrasında məhsuldarlığı saniyədə 120 litr olan drenaj tipli suqəbuledici qurğu, xlorlaşdırma binası, həcmi min kubmetr olan iki su anbarı, bir su nasos stansiyası tikilib. Su mənbəyindən anbarlara qədər 3,4 kilometr magistral kəmər çəkilib. Bu mərhələ üzrə işlər 2011-ci ildə yekunlaşıb.

    Layihənin 2012-ci ildə başlanan ikinci mərhələsində ümumi tutumu 7 min kubmetr olan 4 anbar inşa edilib. Şəhərdə 8,9 kilometr uzunluğunda magistral su kəməri, 134 kilometrlik içməli su şəbəkəsi yaradılıb. Layihədə nəzərdə tutulan 8300 ünvana birləşmə verilib və sayğaclar quraşdırılıb. Bununla da abonentlərə yeni şəbəkə vasitəsilə suyun verilməsi təmin edilib.

    Qeyd edildi ki, layihəyə uyğun olaraq Şamaxı şəhərində 130 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin və baxış quyularının inşası yekunlaşıb. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün kanalizasiya nasos stansiyası inşa edilib, 11 kilometr uzunluğunda kanalizasiya kollektoru tikilib.

    Layihənin sonuncu mərhələsində isə məhsuldarlığı sutkada 10 min kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğu inşa edilərək istismara verilib. Qurğunun inşası və bütövlükdə layihə Şamaxı şəhərində əhalinin artımı, sənayenin və turizmin inkişafı perspektivi nəzərə alınmaqla həyata keçirilib. Bundan başqa, layihə çərçivəsində Şamaxı Su-Kanal İdarəsi üçün yeni inzibati bina da inşa edilib. İkimərtəbəli binada işçilərin fəaliyyəti və müştərilərin qəbulu üçün yüksək şərait yaradılıb. Ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

    Bildirildi ki, perspektivdə Şamaxı şəhərinin böyüməsi, turizmin inkişafı nəzərə alınaraq şəhərin sabit və etibarlı su təchizatının aparılması üçün alternativ su mənbəyinin yaradılması da nəzərə alınıb. Bu məqsədlə artıq Ağsuçayın məcrasında suqəbuledici qurğunun, nasos stansiyasının və buradan Şamaxı şəhərinə qədər 22 kilometr uzunluğunda magistral kəmərin inşasına başlanılıb. Yeni mənbədən magistral kəmər boyunca yerləşən kəndlərə suyun verilməsi də nəzərdə tutulur.

    Qeyd edək ki, Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində Şamaxı şəhəri ilə yanaşı, Qəbələ, Sabirabad və Saatlı şəhərlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması da nəzərdə tutulub. Sabirabad və Saatlı şəhərlərində su təchizatı sistemlərinin tikintisi başa çatıb, bu şəhərlərə magistral su kəmərindən suyun verilməsi təmin edilib. Qəbələ şəhərində su mənbəyində işlər tam yekunlaşıb, içməli su və kanalizasiya şəbəkələrinin, həmçinin tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir. Ümumilikdə, Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq 45 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 21-də su və kanalizasiya şəbəkələrinin, 8-də isə su şəbəkəsinin inşası yekunlaşıb.

    Prezident İlham Əliyev Şamaxı şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

    Sonda xatirə şəkli çəkdirildi.


    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib
    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib
    İlham Əliyev Qobustan və Şamaxıya səfər edib
    PAYLAŞ:

    Oxşar xəbərlər