Milli Məclisin növbəti plenar iclası başlayıb- Yenilənir

Milli Məclisin növbəti plenar iclası başlayıb- Yenilənir
  • Siyasət / Manşet

  • Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mədəniyyət haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

    Asiya.az-ın “Report”a istinadən xəbərinə görə, layihə ilə bağlı parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov məlumat verib.

    O bildirib ki, bundan sonra Azərbaycanda 1960-cı ildən etibarən yaradılan və mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsulları (suvenirlər daxil olmaqla) mədəni sərvətlərə aid edilməyəcək.

    Maddənin 30.2.6-cı maddəsinə əsasən, qədim nadir kolleksiyalar və 30 ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) mədəni sərvətlərə aid edilir.

    Dəyişiklik layihəsinə əsasən isə qədim nadir kolleksiyalar və 1960-cı ildən əvvəlki dövrə aid tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən mebel, musiqi alətləri və s.) mədəni sərvətlərə aid ediləcək.

    Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

    ***

    Milli Məclisin bu gün keçirilən iclasında Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan əleyhinə qəbul olunmuş sənədlərə etiraz olunub.

    Asiya.az məlumatına görə, çıxış edən deputat Elmira Axundova bildirib ki, Ukraynadan olan deputatların Azərbaycan əleyhinə səs verməsi rəsmi Kiyev tərəfindən də narazılıqla qarşılanıb.

    O qeyd edib ki, bu yaxınlarda Azərbaycanda səfərdə olan Ukrayna baş nazirinin müavini ilə Azərbaycan Ukraynalıları Konqresinin ofisində keçirilən görüşdə də bu məsələyə toxunulub: “Düşünürəm ki, deputatların o münasibəti rəsmi Kiyevin mövqeyi deyil”.

    Deputat Tahir Kərimli isə AŞPA-da üzvlərini əxlaqsız adlandırıb: “Əgər Avropa Şurası Azərbaycanı öz sıralarından çıxarmaq istəyirsə, onda Azərbaycan özü o qərarı gözləmədən Avropa Şurasından çıxmaq qərarını verməlidir. Avropa bizim nə göy rəngimizi görmək istəyir, nə də yaşıl rəngimizi. Bəs, bizim Qafqaz vüqarımız harada qaldı? Biz niyə əxlaqsızlıqdan dağılan imperiyaların diktəsi ilə yaşamalıyıq? Kimi azad etməliyiksə, özümüz azad etməliyik, heç vaxt böyük qüvvələrin diktəsi ilə yaşamamalıyıq. Kor-koranə o qüvvələrin qərarlarını icra etməməliyik”.

    Spiker Oqtay Əsədov isə deputatın bu çıxışına reaksiya verib: “Əgər Avropa Şurasına kor-koranə itaət etsəydik, bizə qarşı belə davranmazdılar. Söhbətin kökü erməni diasporunun təsiri və Azərbaycanın tutduğu mövqe ilə əlaqədardır”.

    Öz növbəsində deputat Fazil Mustafa bildirib ki, Avropa Şurası Azərbaycana qarşı qərəzlidir: “Amma Azərbaycan heç bir platformada meydanı ermənilərə buraxmamalıdır. Əgər bizi çıxarsalar, o halda öz kursumuzu bəyan etməliyik”.

    Deputat Zahid Oruc da qeyd edib ki, ölkə prezidenti Brüssel sammitində iştirak qərarını verməklə, artıq Avropaya münasibətini ifadə edib: “Biz Avropa Şurasından çıxmaqla bağlı qərar versək, ermənilər bu fürsətdən istifadə edəcəklər. Dağlıq Qarabağın “müstəqilliyini” tanıtmaqdan tutmuş, digər məsələlərədək”.

    Spiker Oqtay Əsədov isə “heç kim bu qurumdan çıxmağa hazırlaşmır. Biz bu qurumun münasibətindən danışırıq” deyə fikrini bildirib.

    Səməd Seyidov isə sonda təklif edib ki, buradakı müzakirələrin nəticəsini ümumiləşdirib AŞPA-ya göndərmək lazımdır. Təklif qəbul olunub.


    ***

    Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.

    Report-a istinadən xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 20 məsələ daxildir.

    Toplantıda Miqrasiya, Cinayət, İnzibati Xətalar, Mülki Prosessual, İnzibati Prosessual məcəllələrinə əlavə və dəyişikliklərə baxılacaq.

    Bundan başqa, “Banklar haqqında”, “Poçt haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə - Hüquq Şurası haqqında”, "Mədəniyyət haqqında", “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və s. qanunlara dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq.

    PAYLAŞ:

    Oxşar xəbərlər