Bakıda türkiyəli iş adamına məxsus zavodda nə baş verir? – Partlayışdan sonra…

Bakıda türkiyəli iş adamına məxsus zavodda nə baş verir? – Partlayışdan sonra…
  • Olay

  • Dünən səhər saatlarında Qaradağ rayonu Lökbatan qəsəbəsində aliminium məmulatları qəbul və istehsal edən müəssisədə partlayış olub. Partlayış zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.

    Ölən şəxs Məmmədov Bəhmən Heydər oğlu oludur. Müəssisədə fəhlə işləyən şəxsin meyiti morqa aparılıb.

    Yaxınlıqdakı qəbirstanlıqda çalışanların Sputnik Azərbaycan-a danışdıqlarına görə, hadisə səhər saatlarında baş verib: “Bir nəfər öldü, birini də ağır yaralı çıxardılar”.

    “Düzü, burada belə hadisələr baş vermir. İlk dəfə idi ki, belə bir hal baş verirdi. Deyirlər, guya qaz balonu partlayıb. Amma hələ ki, dəqiq səbəb bilinmir” — deyə işçilər bildirdilər.

    Onların sözlərinə görə, müəssisə türkiyəli iş adamına aiddir. Və 5-6 il olar ki, burada fəaliyyət göstərir.

    Mühafizəçilər zavodun ərazisinə daxil olmaq istəyən jurnalistlərdən xüsusi icazə vərəqəsi tələb etdilər. Bildiriblər ki, ərazi KİV-ə qapalıdır.

    Qeyd edək ki, hadisədən sonra müəssisənin qapıları bağlanıb və içəri heç kəs buraxılmır.

    Partlayış olan ərazidə araşdırma aparılır.

    Bakı şəhər prokurorluğu hadisə ilə bağlı rəsmi məlumat yayıb.

    Məlumatda deyilir:

    Noyabrın 20-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Elit Yatırım” LTD şirkətinə məxsus “Metal tədarükü, satışı və emalı” zavodunun ərazisinə idarə etdiyi yük maşını ilə metal tullantıları gətirmiş 1964-cü il təvəllüdlü Məmmədov Bəhmən Heydər oğlunun yük maşınının qarşısında dayanarkən əlində mənşəyi məlum olmayan qurğunun partlaması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə məlumat daxil olub.

    Məlumat əsasında Bakı şəhəri Qaradağ rayon prokurorluğu və polis idarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin Kriminalistika şöbəsinin, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) xüsusi mobil əməliyyat qrupunun, Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşlarının, o cümlədən məhkəmə-tibb və Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin yanğın və partlayış üzrə ekspertlərinin iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 224-cü (Partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

    Fövqəladə Hallar Nazirliyinin və ANAMA-nın mütəxəssisləri tərəfindən zavodun ərazisində partlayıcı maddələrin, yararsız döyüş sursatının və onların komplekt hissələrinin olub-olmamasının müəyyən edilməsi istiqamətində kompleks yoxlamalar keçirilir. Eyni zamanda, partlamış qurğunun əldə olunduğu metal qəbulu məntəqəsinin və ya digər əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər