Hacı Məmmədovun son məktubu, Cinayət tarixçəsi

Hacı Məmmədovun son məktubu, Cinayət tarixçəsi Ötən gün intihar edən Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

Asiya.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, H.Məmmədov ağciyər xərçəngi və vərəm xəstəliyindən əziyyət çəkirmiş. H.Məmmədovun xərçəng xəstəliyinə keçmiş MTN-in istintaq təcridxanasında saxlanıldığı vaxtlarda tutulduğu bildirilir. Ona şüa terapiyası da edilib. Lakin müalicə heç bir nəticə verməyib.

H.Məmmədovun ağrılara dözmədiyi üçün canına qəsd etdiyi ehtimal edilir.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə ğörə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Məmmədov 3 dekabr 2017-ci il tarixdə yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.

Bu barədə Trend-ə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, məhkum Hacı Teymur oğlu Məmmədov Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində "Ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində"diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib.

Hadisə yeri prokurorluq tərəfindən tibbi ekspertin iştirakı ilə müayinə olunub.

Hadisə baş vermiş kameraya və mərhumun üzərinə baxış zamanı sonuncu tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib.

Hacı Məmmədovun son məktubu, Cinayət tarixçəsi

Sabiq baş əməliyyatçı həbsdə olduğu 12 il ərzində ailəsi ilə görüşməkdən imtina edərək yaxınlarından və vəkilindən üz döndərmişdi. Son bir neçə ilədək Hacı Məmmədovla bağlı məlumatları yalnız mərhum Elçin Behbudov mətbuata açıqlayırdı. Behbudovun ölümündən sonra Hacı Məmmədov haqda nadir hallarda hansısa məlumata rast gəlmək mümkün idi.

H.Məmmədov Azərbaycanda ən qatı cinayətkarlardan hesab olunurdu. O, 12 il öncə - 2005-ci il martın 10-da Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. Məlum olub ki, Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çoxsaylı qətllər, adam oğurluğu və bu kimi qanlı cinayətlərdə əli olan mütəşəkkil dəstəyə rəhbərlik edib. Onun sifarişi ilə dəstə üzvləri tərəfindən bir neçə nəfərin amansızlıqla qətlə yetirildiyi araşdırma zamanı üzə çıxıb.

2005-ci ilin fevralın 10-da Beynəlxalq Bankın İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanması ilə Məmmədov və dəstəsi ifşa edilib.

Cinayətkar qrup H.Məmmədovun göstərişi ilə bankirin həyat yoldaşı Z.Hacıyevanı külli miqdarda pul əldə etmək məqsədilə qaçırıb. Məhkəmədə verdikləri ifadələrə görə, məqsəd Cahangir Hacıyevdən bir neçə milyon alıb, sonradan xanımını azad etmək olub.

Hadisə barədə MTN-ə məlumatın verilməsi Hacıyevin planlarını alt-üst edib. MTN mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib.

2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib.

Dəstə üzvləri və general Z.Nəsirov məhkəmənin hökmündən sonra cəzaçəkmə müəssisələrinə köçürülsə də, H.Məmmədov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində saxlanlıb.

Z. Nəsirovun cəzası bu ilin mart ayında 15 illik cəza ilə əvəz edilib və cəzasının çəkilməmiş hissəsi bağışlanaraq azadlığa buraxılıb.

H.Məmmədov isə 2016-cı il aprelin 25-də səhhətindəki problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə müəssisəsinə köçürülüb. Ona ağciyər xəstəliyi ilə bağlı diaqnoz qoyulub.

Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan H.Məmmədov ötən gün mələfə ilə özünü asıb.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər