Penitensiar xidmətdə sui-istifadə hallarına qarşı Komissiya yaradıldı

Penitensiar xidmətdə sui-istifadə hallarına qarşı Komissiya yaradıldı Dünən Penitensiar xidmətin Baş idarəsində cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının rəisləri, habelə qeydiyyat şöbələri rəislərinin iştirakı ilə müşavirə keçirilib.

Asiya.az xəbər verir ki, xidmətdən verilən məlumata görə, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov bildirib ki, ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Cinayət Məcəlləsinə dəyişikliklər haqqında Qanunun icrasının təşkili barədə konkret göstərişləri özündə əks etdirən 21.11.2017-ci il tarixli əmr imzalayıb.

"Əmrdə Cinayət Məcəlləsinə 300-dək mühüm dəyişiklik edildiyi, bir sıra əməllərin dekriminallaşdırılması, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə 160-dək maddənin sanksiyasına alternativ cəzalar, o cümlədən azadlığın məhdudlaşdırılması kimi yeni cəza növünün daxil edilməsi, 40-dək cinayətə görə azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi öz əksini tapıb.

"Qanunun penitensiar müəssisələr tərəfindən dürüst və mütəşəkkil icrasının, habelə zəruri metodiki köməkliyin göstərilməsi işinin təşkili məqsədilə Penitensiar xidmət üzrə İşçi qrupunun yaradılmasına dair göstəriş verilib”, - deyə Hüseyn Əlixanov qeyd edib.

Qanunun vaxtında və düzgün icrasını təmin etmək məqsədilə Ədliyyə Nazirliyi üzrə verilmiş əmrin icrasının təşkili ilə bağlı Xidmətin məsul əməkdaşlarından ibarət İşçi qrupunun yaradılması barədə Xidmət rəhbərliyi tərəfindən əmr imzalandığı bildirilib və İşçi qrupunun tərkibi elan edilib.

İşçi qrupuna Qanun tətbiq ediləcək məhkumların dairəsinin müəyyən olunması, Qanunun təsir dairəsinə düşən məhkumların hökmlərinin ətraflı öyrənilməsi, məhkəmələrə sənədlərin təqdim edilməsi, Qanunun tətbiqi ilə bağlı məhkumların və onların qanuni nümayəndələrinin müraciətlərinə diqqətlə baxılması, ətraflı cavabların verilməsi və digər zəruri təşkilati tədbirlərin həyata keçirilməsi kimi mühüm tapşırıqlar verilib.

Tədbirin sonunda ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənovun qanunun icrasına məsuliyyətlə yanaşmaq, müəssisə rəisləri rəhbər olmaqla azı üç nəfərdən ibarət komissiyalar yaratmaq, hər hansı sui-istifadə və hüquq pozuntusu hallarına yol verməmək barədə tələbləri müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.

Oxşar xəbərlər