Şaxta baba və Qar qız ilk dəfə harada yaranıb? (MARAQLI)

Şaxta baba və Qar qız ilk dəfə harada yaranıb? (MARAQLI)
  • Maraqlı / Araşdırma

  • 2018-ci təqvim ilinin astanasındayıq. Bir neçə gün sonra bütün dünya yeni ili qarşılayacaq. Yeni il bayramının əsas atributlarından biri də Şaxta babadır. Şaxta babanın varlığına ən çox inananlar isə uşaqlardır. Şaxta baba bütün dünyada uşaqlara hədiyyə paylayan xeyirxah adam kimi tanınır. Ancaq müxtəlif xalqların dilində fərqli adlarla çağırılan Şaxta babanın ilk dəfə indiki missiyasına nə vaxt başlaması və onun kimliyi çoxlarına məlum deyil.

    Asiya.az Şaxta baba ilə bağlı maraqlı məlumatı təqdim edir:

    Saç-saqqalı tamam ağ, başında qardan papaq olan bu mehriban qocanı dünyanın müxtəlif yerlərində müxtəlif cür adlandırırlar.

    Azərbaycanda Şaxta baba, Rusiya və Ukraynada Ded Moroz, Gürcüstanda Tovlis Papa, Almaniyada Vaynaxtsmann, Böyük Britaniyada Faze Kristmas, İspaniyada Papa Noel, İtaliyada Babbo Natale, Norveçdə Yulebukk, Türkiyədə Noel Baba, Fransada Per Noel, Çexiya və Macarıstanda Mikulaş, İsveçdə Yultomten, İranda Baba Noel, ABŞ və Kanadada Santa Klaus Afrika ölkələrində Papa Noyol, İraqda Goosaleh adlandırılsa da, bu adlardan dünyada ən çox populyar olanı Santa Klausdur.

    Keşiş Nikolas

    Bu obrazın yaranma tarixi əsrlərin dərinliyinə gedib çıxır və onunla bağlı ta qədimdən bəri yaranan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişikliklərə uğrayaraq şəkildən şəklə düşüb. Hazırda dünyada qeyd olunan "Yeni il" bayramının bir çox ənənələri Miladdan qaynaqlandığı üçün Şaxta baba-Santa Klaus obrazının əsli də xristian dünyasında axtarılır.

    Bugünkü Türkiyə Cümhuriyyətinin Muğla(Demre) vilayətinin Patara şəhərində Santa Klaus kilsəsi mövcuddur. Patara antik dövrdə mövcüd olmuş Hiziya dövlətinin şəhərlərindən biridir. Nikolas adlı bu keşiş 3-cü əsrin axırlarında Patara şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Orta yaşlarında rahib Nikolas Patara şəhərinin baş keşişi seçilmişdi. Əfsanəyə görə həmin şəhərdə kasıb bir kişinin 3 qızı vardı. Bu qızlar cehiz üçün pul tapa bilmirdilər. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlincə bu qızların evinə gəlir. Pəncərədən və bacadan evə qızlar üçün pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemi olanlara müqəddəs Nikolasın kömək edəcəyinə inanırlar.

    Keşiş Nikolas öləndən sonra onun qəbri milyonlar ümid yeri olmuşdur. Nikolas 343-cü ildə 65 yaşında vəfat etmişdir.

    1087-ci ildə müsəlman türklər Patara və Mura şəhərlərini fəth etmişdilər. Bundan sonra xristian tacirlər bir gecə gizlicə keşiş Nikolasın qəbrini açmış, sümüklərini oğurlayaraq, Barı adasına aparmışdılar.

    Müqəddəs Nikolay

    Xristian dünyasında Şaxta baba Müqəddəs Nikolay kimi tanınır. Provaslav kilsəsi Müqəddəs Nikolayı səyahətçilərin himayədarı hesab edir. Katoliklər isə onu kasıblara və uşaqlara yardım edən müqəddəs hesab edirlər. Müqəddəs Nikolay sonralar Mərkəzi və Şimali Almaniyada Weinachtsmann (alman dilində Weinachten — milad, mann isə kişi deməkdir), İngiltərədə isə Father Christmams – Miladın Atası adlandırılıb. Avropalı mühacirlərlə Birləşmiş Ştatlaradək gedib çıxan Müqəddəs Nikolay burada artıq Santa Klausa çevrilib.

    Şimali Amerika ədəbiyyatında və təsviri sənətində Santa Klaus öz ağ saqqalı, qırmızı kürküylə 8 maral qoşulmuş arabasında milad gecəsi peyda olaraq sobaların borusundan evlərə daxil olur və sobanın yanından asılmış corabların içinə uşaqlar üçün hədiyyələr qoyur.

    Noel ata

    Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar.

    Yeni il şənlikləri İsa Məsihin doğum gününün qeyd olunması ilə əlaqələndirilən bayramdır. Xristianlar bu bayramı 25-31 dekabr arasında, bir həftə qeyd edir. Şaxta baba ilə bağlı əfsanələrdə onun fövqəladə gücə malik olduğu da bildirilir. Bir əsatirə görə isə Santa Klaus müqəddəs hesab edilən yerləri ziyarət etmək üçün Qüds (Yerusəlim) şəhərinə gedir. Geriyə gəmi ilə qayıdır. Yolda gəmi fırtınaya düşür. Santa Klaus duaları ilə fırtınanı yatırır. Hətta fırtına vaxtı dənizə düşüb boğulmuş bir dənizçini də dirildir. Bundan sonra rahib Nikolas xristian dənizçilərin qoruyucu əzizi hesab olunur.

    Şaxta babanın Yeni il öncəsi xeyirxah missiya ilə dünyanı dolaşaraq hədiyyə paylamaq ənənəsinin əsası ilk dəfə Almaniyada qoyulub. Bu inanc əksəriyyəti protestant olan Avropa xristianları arasında sürətlə yayılıb. Santa Klaus ənənəsi hollandiyalı mühacirlər tərəfindən Amerikaya da yayılıb. Yeni il öncəsi şam ağacı (yolka) bəzəmək adəti də ilk dəfə Almaniyada tətbiq olunub. Bunun əslində xristianlıqla heç bir əlaqəsi yoxdur. Hələ xristianlıqdan əvvəl bütpərəst romalılar qış fəslində həmişəyaşıl dəfnə ağacını, german tayfaları isə həmişəyaşıl küknar və şam ağaclarını kəsib evlərinə qoyurmuş. Onlar evlərinə bolluq və bərəkət gətirsin deyə bu ağacın budaqlarından suxarı və şirin çörək asır, ağacı bəzəyirmiş. Əfsanəyə görə, həmin xalqlar bununla qışın gəlməsinə baxmayaraq, öz evlərində hələ də baharın davam etdiyini simvollaşdırmaq istəyiblər.

    Şam ağacını bəzəmək ənənəsi Almaniyadan bütün Avropaya və dünyaya yayılıb. XX əsrin əvvəllərində ingilis missionerlər şam ağacı bəzəmək adətini Uzaq Şərqdə, Çin və Yaponiyada da yayıb. Skandinaviya xalqları fəxrlə deyir ki, Şaxta baba Yeni ildə öz dünya səyahətini məhz onların torpağından başlayır. Onlar iddia edir ki, Şaxta baba Laplandiyada, yəni Finlandiyada yaşayır. Və ildə bir dəfə dünya səyahətinə çıxıb insanlara, xüsusən balacalara hədiyyə paylayır...

    Şaxta babanın nəvəsi Qar qız isə Rusiyada yaranıb. Qar qızın peyda olmasının kökü qədim rus folklor ənənələrinə gedib çıxır. Rusların İvan Kupala bayramında ocağın üstündən tullanaraq əriyən Qar qız qışla yayın əvəzlənməsinin rəmzidir. Bir çox tarixçilər əmindir ki, dünya xalqlarının fərqli vaxtlarda keçirdiyi Yeni il şənlikləri qədim Misirdən qaynaqlanan məhsul bayramı ilə bağlıdır. Yeni il şənliklərinə hər xalq öz əlavələrini edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər