Prezidentdən məmurlara TAPŞIRIQ

Prezidentdən məmurlara TAPŞIRIQ
  • Siyasət / Manşet

  • “Bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik. Növbəti illərdə bu istiqamətdə əlavə addımlar atılacaq”.

    Asiya.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

    O qeyd edib ki, son iki il ərzində çox ciddi iqtisadi islahatlar aparılıb. “Əvvəlki illərdə də aparılıb. Ancaq son iki il ərzində daha fəal və daha səmərəli islahatlar aparılıb. Bu islahatlar imkan verdi ki, biz ağır vəziyyətdən, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində yaranmış vəziyyətdən çıxa bilək və çıxmışıq da. Bu gün ölkə iqtisadiyyatı öz templərini artırır. Növbəti illərdə islahatlar mütləq davam etdiriləcək. İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıb, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək. Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaq”.

    Dövlət başçısı bildirib ki, bu siyasət artıq öz nəticəsini verib: “Keçən ilin iqtisadi göstəriciləri göstərdi və sübut etdi ki, biz düzgün yoldayıq. Qeyri-neft sektorumuz, iqtisadiyyatın qeyri-neft sektoru 2,7 faiz, sənayedə qeyri-neft sektorunun artımı 3,7 faiz, kənd təsərrüfatı 4,1 faiz, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bu ilin yanvar ayının nəticələri də mənə məruzə edildi. Bu barədə də demək istəyirəm. Bu, göstərir ki, mən əvvəlki aylarda dediyim kimi, 2018-ci il sürətli inkişaf ili olacaq. Beləliklə, yanvar ayında Azərbaycanda ümumi daxili məhsul 2 faiz, qeyri-neft iqtisadiyyatımız təxminən 4 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. İnflyasiya birinci ayda 5,5 faizdir, əhalinin pul gəlirləri 11 faizdən çoxdur. Yəni, əhalinin gəlirləri inflyasiyanı iki dəfə üstələyir. Bu ilin yanvar ayında bizim valyuta ehtiyatlarımız 2 milyard dollar artıb və bu gün valyuta ehtiyatlarımız 44 milyard dollar təşkil edir. İlin əvvəlidir. Mən əminəm ki, 2018-ci il sürətli inkişaf ili olacaq və ondan sonrakı bütün illərə çox güclü təkan verəcək. Kənd təsərrüfatında, sənaye sahəsində indi həyata keçirilən layihələr tezliklə, bir-iki il ərzində öz bəhrəsini verəcək”.

    Prezident qeyd edib ki, Azərbaycan indi nəhəng enerji layihələri icra edir: “Bu da qarşıda duran əsas vəzifələrdən biridir. Biz Cənub Qaz Dəhlizini vaxtında təhvil verməliyik, bunu edəcəyik. Bütün maliyyə resursları təmin edilib, həm Azərbaycan, həm beynəlxalq banklar tərəfindən. Müəyyən yubanmalar olub, onlar da aradan götürüldü. Çünki Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla icra edir. Biz bu tarixi layihəni - 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçiririk. “Şahdəniz-2” layihəsindən yaxın zamanlarda qaz çıxarılacaq. Onu da deməliyəm ki, Cənub Qaz Dəhlizi, yəni, qaz kəməri artıq qazla təmin edilir. Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır. Qeyd etdiyim kimi, “Azəri-Çıraq” yatağının istismarının uzadılması haqqında da tarixi qərar qəbul edilib. Ona görə bundan sonra da neft-qaz sektorunda Azərbaycan uğurla inkişaf edəcək. Ancaq yenə də deyirəm, gələcək fəaliyyətimiz üçün bu, bizdə bir rahatlıq hissi yaratmamalıdır. Biz fəal işləməliyik, qeyd etdiyim kimi, bu, sadəcə olaraq, bizim üçün əlavə maliyyə və siyasi resursdur. Bu gün biz beynəlxalq arenada bütün məsələlərlə bağlı öz sözümüzü deyirik. Nəyə görə? Əlbəttə ki, güclü siyasi iradəyə görə, cəsarətli siyasətə görə, amma, eyni zamanda, maliyyə imkanlarımıza görə. Əgər bu imkanlar olmasaydı, əgər biz bəzi ölkələr kimi, xarici donorlardan asılı olsaydıq, əgər biz yoxsul, səfil Ermənistan kimi ona-buna dilənsəydik, onda əlbəttə ki, bizim müstəqil siyasət aparmaq imkanımız da olmaya bilər, yaxud da ki, bu imkanlar məhdud ola bilərdi. Ona görə iqtisadi güc, maliyyə resurslarımız siyasi müstəqilliyimizi də möhkəmləndirir”.
    PAYLAŞ:

    Oxşar xəbərlər