Qara Qaya əməliyyatı və Valehin ölən S(s)əadəti...

Qara Qaya əməliyyatı və Valehin ölən S(s)əadəti...
  • Sosial / Hərb / Manşet

  • Xocalı soyqırımı şahidlərinin dəhşət dolu hekayəsi

    Xocalı soyqırımı son dərəcə həssas məsələdir. Həm ictimai, həm siyasi aspektdən, həm də mənəvi olaraq. Baş verənlərin bircə adı var: SOYQIRIM! Bu, faciə, fəlakət, hadisə deyil, soyqırımdır. Biz orda baş verənləri fotoşəkillərdə, müəyyən video kadrlarda görmüşük. Bir də o müdhiş günü yaşayanlar var. Bu gün də həmin günü xatırlamaq əzab verir onlara. Əzaba o qədər alışıbrlar ki, bunu dillərinə gətirmirlər. Sadəcə üz ifadələri bəlli edir durumu. Danışanda alınlarını soyuq tər basır, əlləri titrəyir, tez-tez barmaqlarını yumub açırlar, üzləri qızarıb-bozarır, səsləri titrəyir, kövrəlib, dolub-boşalırlar kişili qadınlı...


    “Qara Qaya” əməliyyatı


    Xocalıda ermənilər əhalinin kütləvi qırğınını törətməyə başlayanda əliyalın insanların xeyli hissəsi üzü Ağdama yol alır. Həm də iki istiqamətdə. Abdal-Gülablı və Şelli tərəfə. Bu adamların əksəriyyəti yaşlılar, qadınlar, uşaqlar idi. Onları Ağdama çıxaracaq əsas yolun bir hissəsi Qara Qaya adlanan yerdən keçirdi. Həmin Qara Qaya postu isə ermənilərin nəzarətində idi. Təbii ki, adamlar bunu bilirdi əslində. Sadəcə bir-iki saat artıq yaşamaq imkanı var idi. Məhz bunu əldən vermək istəmirdilər. Bir də ümidləri var idi ki, onlara mütləq həmin postda kömək edəcək azərbaycanlı hərbçilər. Fevralın 25-dən 26-a keçən gecə həmin post ermənilərin nəzarətindən çıxarılmalı idi. Buna artıq Ağdamın özünümüdafiə və könüllü batalyonları hazır idilər. Daha dəqiqini desək, Şıxbabalı, Şelli və Qatır Məmmədin batalyonu orada əməliyyat keçirmək üçün hazırlaşmışdı Xocalıdakı hadisələrdən xəbər tutan kimi.

    “Heç cür “kömək eləyin” bağıran adamlara yardım edə bilmirdik. Gözümüzün qabağında adamlarımızı əsir aparırdılar. Hönkürə-hönkürə ağlayır, həm də döyüşürdük. O adamların kömək harayları, səsi, qışqırtısı beynimdən heç cür silinmir”

    Bu üzdən mənə o günü, o anı yaşayan iki adam lazım idi. Onları xeyli axtardım. Və tapdım. Həmin gün Qara Qaya əməliyyatında iştirak edir biri. Yəni dağın başında idi. O biri isə dərənin dibində. Beş ay evli olduğu, hamilə həyat yoldaşını və digər həmyerlilərini elə döyüş gedə-gedə postdan keçirməyə çalışırdı Valeh Hüseynov. O döyüşdə birinci qrup əlil olur Nail Nəsirov. Həm də iyirmi bir yaşında.

    Qara Qaya əməliyyatı və Valehin ölən S(s)əadəti...


    - Siz Xocalıda baş verənlərdən necə xəbər tutdunuz?

    - Ağdamın Şıxbabalı kəndindəki uşaq bağçası bizim kazarmamıız idi. İyirmi yeddi nəfər kənd uşağı yığılmışdıq ora. Rəhbərimiz Şirin Mirzəyev idi. Xocalıya qədər xeyli döyüşlərdə olmuşduq. Fevralın 25 gecəsi isə mən növbədə idim. Gecə saat iki-üç olardı, hər tərəfdən atəş açmağa başladılar Xocalıya. Bizim post Şıxbabalıda hündür təpədə idi deyə baş verənləri aydın görürdük. Anladıq ki, bu hücum əvvəlkilərin heç birinə bənzəmir.

    - Neynədiniz?

    - Uşaqların hamısı həmin gün getmişdilər müəyyən iş dalınca. Amma ümumi bir qaydamız var idi. Postdan dalbadal üç güllə açılanda hamı bilirdi ki, nəsə ciddi bir situasiya yaranıb. Mən tez bayıra qaçıb göyə üç gülə atdım. Az keçdi təkcə bizim uşaqlar yox, sıravi kənd adamları da əllərinə ov tüfəngi filan alıb gəlmişdilər. Əskərandan, Naxçivanikdən, hər tərəfdən vururdular Xocalını.


    Ratsiya nömrəsi “doxsan”...

    - İndi də yadımdadır Xocalının ratsiya nömrəsi doxsan idi. Tez əlaqə saxladıq. Dedilər, vəziyyət ağırdır. Kimin nə silahı var, qoşalülə, təklülə, götürsün, hazır dursun. Maşın gələcək, təcili Şelliyə getmək lazımdır ki, adamlara kömək olunsun. Sizə deyim ki, onda adamları iki istiqamətdə çıxarmışdılar. Biri Abdal-Gülablı, o biri Şelli yolu ilə. Hər iki yol Ağdama gətirirdi.

    - Bəs niyə bölünmüşdülər?

    - Düşünülmüşdü ki, iki dəstəyə ayrılanda həm düşmənin fikri yayınar, həm də hamı birdən qırılmaz. Bir də düzü Şelli yolu təhlükədə idi. Çünki Qara Qaya postu ermənilərdəydi. Gələn adamlarsa mütləq o yolu keçməli idilər. Biz Şelli tərəfdən çıxanlara köməyə yollandıq. Başqa yol yox idi. Post ermənilərdən alınmalı idi. Yoxsa Şelli tərəfə gələnlərdən biri də sağ çıxmayacaqdı...

    “Qara Qaya” əməliyyatında 60 şəhid...

    - Bayaq sizə dedim ki, bu əməliyyata qədər çox döyüşlər görmüşdüm. Amma o qədər dəhşət yaşamamışdım. Təsəvvür edin, nə qədər qarışıq idi durum. Biz həm postu götürməli idik, həm də elə döyüşməli idik ki, eyni vaxtda oradan keçən adamları vurmayaq. Aləm bir-birinə qarışmışdı. Hələ havanı demirəm. İnanılmaz soyuq idi. Qar da dizdən. Çox əziyyətlə postu götürdük. Mənim hələ də ağlımdan silinməyən mənzərə var. Bilirsinizmi, bizim adamları əsir götürürdülər. Bizim əsas hədəfimizsə postu almaq idi. Heç cür “kömk eləyin” bağıran adamlara yardım edə bilmirdik. Gözümüzün qabağında adamlarımızı əsir aparırdılar. Hönkürə-hönkürə ağlayır, həm də döyüşürdük. O adamların kömək harayları, səsi, qışqırtısı beynimdən heç cür silinmir.

    - Kimlər döyüşürdü sizinlə?


    - Qatır Məmmədin dəstəsi idi, bir də Şelli uşaqları. Qatır Məmmədin oğlu Canpolad da o döyüşdə şəhid oldu. Ondan başqa 60 şəhidimiz var idi. Bu hələ sadəcə döyüşçü sayı idi. Təsəvvür edin, yuxarıda döyüşürsən, dərədən üzü aşağı baxanda isə gördüyün mənzərə odur ki, sənin millətini dayanmadan qırırlar. Adamın ürəyi ağzına gəlirdi.
    Bu məqamda söhbətə Valeh müəllim də qatılır...


    - O günü fikirləşəndə indi də barmaqlarım gizildəyir, ay Nail. Siz dağın başında idiniz, biz dərənin dibində. Mən hələ də bilmirəm ki, biz oradan necə sağ çıxmışıq. Xanım, danışıram, ağrıyıram. Elə bilirəm yenə sındıracaqlar barmaqlarımı, yenə isti sobaya basıb dağlayacaqlar...


    Qara Qaya əməliyyatı və Valehin ölən S(s)əadəti...

    Nail başını silkələyib iflic olan əlini, ayağını tərpətməyə çalışdı:

    - Belə olmağa hələ də adət eləyə bilmirəm eyyy...


    - Mən də soruşmaq istəyirdim ki, harada yaralanmısınız?


    - Elə o gün yaralandım, Qara Qayada. Yanımda Qatır Məmmədin dəstəsindən bir oğlan vardı. Tank mərmisi düşdü yanına. Özümü atdım üstünə ki, heç olmasa meyitini götürüm. Canlı adam idi. Özümdən asılı olmadı bir anlıq ayağa qalxdım, snayper alnımdan vurdu. Güllə elə şeydir ki, dəyəndə hiss eləmirsən. Sonra yavaş-yavaş bədənin başlayır gizildəməyə. Bildim ki, alnıma nəsə dəydi. Əlimi gəzdirdim gördüm heç nə yoxdur. Bir-iki dəqiqə keçdi alnımdan qan fışqırdı. Əlimlə saxlaya bilmirdim. Onda anladım ki, vurulmuşam. Əsas bu deyildi, əsas olan o idi ki, artıq post alınmışdı, adamlar yavaş-yavaş keçirdilər. Vəziyyət əvvəlki qədər təhlükəli deyildi.

    QEYD: Elə bildim həmin gündəyəm. Döyüşçü işini görüb bitirib, yol açılıb. İndi də Xocalı sakininindir söz.

    - Valeh müəllim, necə xatırlayırsınız?

    - Xatırlayırsınız deyəndə heç unuda bilmir axı adam..

    - Elə söz dediniz ki, suala yer qalmadı.

    - İnciməyin, çox ağır gün idi. Elə bilirəm bir gecəni illərlə oturub danışsam da, söz bitməz. Bəlkə də o faciəni izah eləyə bilmirəm. Ona görə əziyyət çəkirəm.

    - Sizi anlamaq çətin deyil. Amma bir mənzərəni yada salmağa da məcburam. Yuxarıda post uğrunda döyüş gedirdi. Aşağıda adamları qırır, girov götürür, öldürürdülər. Siz o adamların arasında idiniz...

    - Ermənilər Xocalıdan yanıqlı idilər. Rayonda xeyli adam ailəsini, daha dəqiqi, qadın və körpələri Ağdama yollamışdılar. Bizimkilər də orda idilər. Mən ərzaq apardım atamgilə. Cəmi beş ay idi ailə qurmuşdum həm də. Yoldaşım dedi, mən də qayıdıram Xocalıya səninlə. Nə illah elədim, yola gətirə bilmədim ki, qalsın. Səhhətinə görə narahat olurdum.

    Qara Qaya əməliyyatı və Valehin ölən S(s)əadəti...


    - Noolmuşdu ki?

    - Hamilə idi. İstəmirdim orda mənimlə gərginlik yaşasın. Amma dinləmədi. Getdik. Fevralın 25-i gecə başladılar atmağa. Baxdıq ki, heç cür mümkün deyil. Vəziyyət ciddidir. Başladıq adamları çıxarmağa. İki dəstə çıxdı rayondan. Şelli və Abdal-Gülablı tərəfə. Biz Şelliyə tərəf gedirdik. Yoldaşım Səadət də yanımda idi. Bir xeyli getdik, Tərtər çayla Qarqarın suqovuşanına çatdıq. Orda adamları bir-bir kürəyimizdə keçirdik çaydan. Ramiz adlı oğlan vardı, onunla. Hər dəfə Səadətə deyəndə ki, gəl keç, deyirdi, o uşağı götür, bu qocanı götür... Nə isə, ən sona o qaldı. Artıq ayaq üstə dura bilmirdim. Bir təhər onu kürəyimə aldım. Çayı keçəndə ayağım büdrədi. Səadət dedi, məni burax, get. O qədər yorğun idim, mənim kimi yaxşı üzücünü çay aparırdı. Amma onu buraxmadım. Səadət də əlimi tutdu. Onda ayıldım. Özümü toparlayıb yenidən çiynimə aldım onu, çayı keçdik. Başını qaldırmaq mümkün deyildi. Bir təhər Kataldağa çatdıq. Çox ağır dağdır. Bir dərəsini aşmağa bir gün lazımdır. Amma siz ağlınıza gətirə bilməzsiniz insanlar ora necə dırmanırdılar. Acınacaqlı mənzərə idi. Qalxırdılar, sürüşüb düşürdülər, bir-birinin üstünə yıxılırdılar, uşaqlar ayaq altda qalırdı, adamlar durub bir də dırmanırdı. Mən qohumlara dedim ki, siz Səadəti də götürün. Biz Ramizlə burda qalaq. Siz birtəhər keçin dağı. Necə olmuşdusa bizimkilər keçə bilməmişdilər. Mən Qara Qayaya yaxınlaşanda baxıdım ki, Səadət bizim dəstədəkilərin arasında yoxdur. Geri qayıtdım. Gördüm yolun yarısında ilişib qalıblar, gedə bimirlər. Birtəhər yola düşdük. Qohumlardan əvvəl birini, sonra o birini vurdular. Adamları qarışqa kimi qırırdılar. İndi deyirlər ki, altı yüzdən bir az artıq adam ölüb orda. Bu, doğru rəqəm deyil. Orda elə mənim gördüyüm altı yüz idi. Həm də bir dəstədə. Əminəm ki, o gün mindən artıq idi ölən.

    Qara Qaya əməliyyatı və Valehin ölən S(s)əadəti...

    Qeyd: Valeh müəllim danışırdı, Nailsə başını aşağı salıb salamat olan əli ilə alnının soyuq tərini silir, rəngdən-rəngə düşürdü. Elə bu məqamda Valeh müəllimə də diqqət elədim. Adamın üzündə elə gərginlik var idi ki, elə bil paytaxtın rahat yerlərindən birində yox, düz o kənddə, həmin o gündədir - illər öncənin o müdhiş 25 fevral gecəsində. Onda ağlıma gəldi bu fikir. Adamlar altmış il və daha artıq ömür sürə bilər. Amma cəmi bir günündə ilişib qalarlar o illərin. Xocalını yaşayan yüzlərlə adamın ilişib qaldığı gün eynidir. İyirmi beş fevral...

    “Ayə, heeeyyyy, bizi vurun...”

    - Biz Qara Qayaya çatanda hələ atışma gedirdi. Dərənin dibində hamımız yerə yatmışdıq. Daha doğrusu, gizlənmişdik. Çünki ermənilər postu itirdiklərini başa düşürdülər. Çəkilə-çəkilə adamları bacardıqca çox qırır və əsir götürürdülər. Sursatımız da qurtarmışdı. Məcbur idik gizlənək. Birdən gördüm Səadət əlimdən tutdu. Elə bildim qorxub. Yavaşca özümə tərəf çəkdim ki, qorxmasın. Əlimi kürəyinə qoyanda isti nəsə hiss elədim. Baxdım ki, qandır. İnana bilmədim vurulub. Əlimi bir də belinə apardım. Gördüm yox, vurulub. Heç nə demədi. Üzümə baxa-baxa, gülümsəyib, öldü... Meyitin yanında dayanmışam. Atışma da davam edir. Özümdə deyiləm. İki adamım birdən ölmüşdü əlimdə. Üzünü görmədiyim övladım, bir də həyat yoldaşım. Ayağa durub səsim yetincə bizim əsgərlərə sarı bağırdım. Ayəəə, heeeyyyy, ayəəəə, eşidirsinizmi, onsuz da əsir götürəcəklər bizi. Qoymayın, eşidirsiniz, qoymayııınnn, bizi vurun, biziiii....Amma vurmadılar.


    İyirmi yeddi ilə bərabər, iyirmi yeddi gün...

    - Yanımdakı adamlardan biri dedi ki, dur biz çıxaq, qoy o qalsın, Səadətin meyitini deyirdi. Dedim, mümkün deyil. Nə kürəyimə ala, nə qucağıma götürə bildim onu. Eləcə yanında oturub, irəli-geri yellənib, məni vurun deyirdim... Nə illah elədilər durmadım. Bir də onda ayıldım ki, əsirlikdəyəm, bizi gətiriblər Əskərana. Əsirlik ağır şeydir. Təsəvvür edin, mən iyirmi yeddi gün qaldım, elə bildim iyirmi yeddi ildir ordayam. Bədənimdə sağ sümük yox idi, sındırılmışdı. Barmaqlarım qırılmışdı. Bir dəfə qaynar sobanın yanında o ki, var döydülər, yıxıldım, soba uçdu. Dedilər, dur, düzəlt.


    Qara Qaya əməliyyatı və Valehin ölən S(s)əadəti...

    Əllərim işləmirdi, barmaqlarımı sındırmışdılar. Qollarıma köynəyi dolayıb, sobanı qaldırmaq istədim. Dedilər ki, əlinlə qaldıracaqsan. Birtəhər qaldırdım. Ağrımırdım əslində. Bilirsinizmi, çox dəhşətli şeydir. Döyüldükcə, keyiyir adam, keyidikcə vəhşiləşir elə bil. Sonra da nə eləsələr dözürsən. Keyiyib heç reaksiya da vermirsən. Bircə onda ağrıdım, əlimi qaynar sobaya yapışdırdılar.

    Erməni əsilli israilli...


    “Təsəvvür edin, yuxarıda döyüşürsən, dərədən üzü aşağı baxanda isə gördüyün mənzərə odur ki, sənin millətini dayanmadan qırırlar. Adamın ürəyi ağzına gəlirdi”


    - Heç vaxt unutmayacağım bir şeydir. Orda milliyyətcə bir erməni vardı İsraildən gəlmişdi. Bizə işgəncə edəndə dava eləyirdi o biri ermənilərlə. Deyirdi, axı bunları onsuz da əsir götürüb, yarımcan etmisiniz, niyə işgəncə verirsiniz?! Dəfələrlə məni onların əlindən alıb. Hətta bir dəfə kiminsə qəbrinin üstünə aparıb doğramaq istəyəndə aldı məni əllərindən. Möhkəm dalaşdılar. Sonra daha onu görmədim. O biri əsirlərdən eşitdim ki, bizi müdafiə elədiyinə görə güllələyiblər onu. Yanıq və sınıqlardan sonra isə əllərim hələ də yaxşı işləmir. Daha dəqiqi, barmaqlarım tam açılmır. Əsirlikdən sonra əməliyyat etdirməsəydim, ümumiyyətlə şikəst qalacaqdım.

    - Nə verirdilər sizə yeməyə?

    - Mən iyirmi yeddi gündə bir dəfə yemək yemişəm. Bura qayıdandan sonra bir neçə gün həkimlər sadə sudan başqa nəsə vermədilər mənə. Dedilər, mədə divarı aclıqdan bir-birinə yapışıb.


    - Bəs Səadətin meyiti necə oldu?


    - Mən əsirlikdə olanda onu Allahverdi Bağırovun uşaqları tapmışdılar. Daha doğrusu, götürülən meyitlərin arasında olub Səadətin də meyiti. Atam qohumları axtaranda onu tanıyıb götürmüşdü. Aparıb Ağcəbədidə dəfn eləyiblər o biri qohumlarla birgə.

    - Bəs sizi necə qaytardılar?

    - Məni də Allahverdi Bağırovuun adamları qaytardı. Üç erməniyə dəyişmişdilər məni. Daha dəqiqi, onun müavini gəlmişdi dalımca Əskərana. Allahverdi məni görəndə elə bildi sağlamam. Çünki əynimdəki paltarı dəyişib səliqəli görkəmə gətirmişdilər məni. Görüşmək istəyəndə başa düşdü ki, salamat yerim yoxdur. Orda erməniləri pis söyüb və üstlərinə atıldı ki, nə istəyirsiniz bu adamlardan?! Qoymadılar ciddilləşə vəziyyət, məni götürüb gəldilər Ağdama. Bilirsiniz, orda o qədər çətindir ki, adam hər gün ölmək üçün Allaha yalvarır. Uşaqlar var idi, güllələməyə aparırdılar. Yalvarırdım ki, onsuz da siz rahat olacaqsınız, güllələyəcəklər, noolar məni də öldürün getməmişdən. Eləmirdilər, daha doğrusu eləyə bilmirdilər. Yalvarırdım ki, vallah qanımı halal eləyirəm. Özləri ölümə gedirdilər, amma məni öldürmədilər.

    - Bayaq dediniz ki, orda mindən çox adam ölüb, altı yüzdən bir az artıq deyilməsini qəbul eləmirəm. Nəyə əsaslanırsınız?


    - Orda silos quyuları var idi. Bilirsinizmi, orda nə qədər adamın başını kəsib quyuya tullayırdılar. Sonra Xocalıda öldürdükləri nə qədər adamı sürüyüb o quyulara tökmüşdülər.


    “Birdən Səadət əlimdən tutdu. Elə bildim qorxub. Yavaşca özümə tərəf çəkdim ki, qorxmasın. Əlimi kürəyinə qoyanda isti nəsə hiss elədim. Baxdım ki, qandır. İnana bilmədim vurulub. Əlimi bir də belinə apardım. Gördüm yox, vurulub. Heç nə demədi. Üzümə baxa-baxa, gülümsəyib, öldü...”


    QEYD: Yadıma Quba düşdü. İllər öncəki soyqırım cinayəti, qətlə yetirilib su quyularına tökülən azərbaycanlılar, kütləvi məzarlıq. İndi də Əskəran, Xocalı tərəfdə silos quyularımız var, bizi gözləyir. Ordakı onlarla narahat ruha nə boyda borcumuz var bizim, İlahi...

    Qara Qaya əməliyyatı və Valehin ölən S(s)əadəti...

    - Məni oradan da Ağcəbədiyə gətirdilər. Çox ağır idi vəziyyətim. Yaralarım çirk, qan verirdi. İnanırsınız, ağlayırdım. Amma ağrıdığıma görə yox, orada insanlar öləndə necə xırıldadıqları, bağırdıqları, uşaq səsləri qulaqlarımdan təkrarlanırdı. Elə bilirdim dəli olmuşam. Çox uzun müddət müalicə aldım. Ağcabədidən Mingəçevirə gətirdilər məni, müalicəmi davam etdirmək üçün. Orda da bir az düzəldim. Sonra gedib Ağcəbədidə Səadətin məzarını ziyarət elədim. Mənə ağır gəlirdi. İnanmayacaqsınız, amma mən o məzarın üstündə də, ondan sora da ağlaya bilmirdim. Bəzən bu hissimdən qorxuram. Dəhşəti elə yaşamışam ki, göz yaşım quruyub...

    SON: Dağlıq Qarabağ və ətraf rayonların işğal günü olanda və bizə başsağlığı verəndə elə bilirəm söyülürük hamılıqla. Çünki biz borclu adamlarıq. Şəhidlərə can borcluyuq. Vətənə torpaq. Başsağlığı isə ritorika, minnət kimi gəlir mənə. Əslində dünyadan bu günah və borclarla köçməyin xofu da demək olar buna. Kim bilir, bəlkə bu məmləkətin varlısını da, kasıbını da elə bu can, torpaq borcu qoymur bəxtəvər, xoşbəxt olmağa. Nə deyim ki, başımız...başımız...yox, vallahi də, billahi də nə qədər ki, bu borclayıq, başımız heç sağ olmasın...

    Jalə Mütəllimova,
    Musavat.com



    PAYLAŞ:

    Oxşar xəbərlər