Azərbaycan əsilli milyarder Qod Nisanovun uğur hekayəsi

Azərbaycan əsilli milyarder Qod Nisanovun uğur hekayəsi
  • Sosial / Cəmiyyət

  • “Həyatda əsas müəllimlərim atam və İlham Rəhimovdur...”

    Azərbaycanda doğulub boya-çatan, ölkədən kənarda var-dövlət qazanan həmyerlilərimizdən biri də Qod Nisanovdur. Milliyyətcə dağ yəhudisi olan bu şəxs Rusiyanın daşınmaz əmlak krallarından biri, yəhudi xalqının tanınmış simalarındandır.

    Dünyada, elə Rusiyada da adı qalmaqallarda, dəbdəbəli ziyafətlərdə, məşhur sənət adamları ilə münasibətlərdə hallanmayan sadə bir insan - Qod Nisanov deyiləndə onunla bağlı ilk təəssürat məhz belə olur.

    Nisanov 1972-ci ildə Quba rayonunda - dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbədə anadan olub. Atası Semyon rayondakı konserv zavodunun direktoru olub. Ailənin əmək qabiliyyətli üzvlərinin hamısı zavodda işləyirdi. Buna görə də Bakıda Maliyyə-Kredit Texnikumunu bitirən Qod atasının rəhbərlik etdiyi müəssisədə işləməyə başlayıb. Deyilənə görə, zavod texnikasının yanacaqla təminatına cavabdeh olub, qısa müddətdə özünü yaxşı biznesmen kimi göstərə bilib, Qubada bir neçə mağaza açıb. Bu arada Bakı Dövlət Universitetinin Hüquq fakültəsini də bitirib.

    Biznes fəaliyyəti, İlham Rəhimovla dostluq

    1992-ci ildə Qod Rusiyaya gedən dostlarının təklifi ilə Moskvaya üz tutub. “Forbes” jurnalına müsahibəsində bu haqda belə deyir: “Moskvaya məndən qabaq gələn bir çox dostum var idi. Bir dəfə mən atamdan Moskvaya getmək üçün 10 günlük icazə istədim - orda ticarətin necə olduğunu görmək üçün. Moskvaya gələndə anladım ki, paytaxt Moskvada mənim kimi ticarət etmək istəyən gənc biri üçün imkanlar daha çoxdur. Ticarət sərmayəsi üçün ilk öncə atam kömək etdi. Daha sonra öz maddi imkanlarım meydana gəldi. Ticarətimiz ilk əvvəl çox fərqli idi. Xüsusilə xalqın ehtiyaclarına görə satışlar edirdik”.

    Beləliklə, Moskvada uşaqlıq dostu Zarah İliyevlə həm də biznes dostluğu və müasir dünyada az-az rast gəlinən uzunömürlü ortaqlığının əsası qoyulur. Dediyinə görə, Dubaya ilk səfərindəcə oradan alınıb gətiriləsi çoxlu sayda malların olduğunu görüb, atası və dostunun göndərdiyi maliyyə ilə gördüklərinin hamısından alıb. Moskvada isə aldıqlarını 2-3 qat bahasına sataraq 200 min dollar xalis gəlir əldə etməyi bacarıb.

    90-cı illərdə Moskvada pərakəndə ticarətin geniş təşəkkül tapdığı zaman artıq Nisanov-İliyev cütlüyünün bir neçə bazarı, həmçinin paytaxtın ən böyük bazarlarından olan “Çerkizov”da payı vardı. Deyilənə görə, “Çerkizov”un bağlanması Nisanov və ortağı üçün xoş sürpriz olub - oradan çıxarılanların arasında seçim edərək xeyli sayda ticarətçini öz bazarlarına cəlb ediblər. Bir müddət keçdikdən sonra ticarətin bazar formatının köhnəldiyini görən iş adamları böyük ticarət mərkəzlərinin tikintisinə başlayıblar. Beləliklə, 2000-ci ildə Nisanovla İliyevin Lyublində “Moskva” adlı ticarət-yarmarkası açılır.

    2000-2005-ci illərdə Qod Nisanov həm də almaz biznesinə baş vurur. O, “Diamond Cutters” şirkətində işləyir. Hazırda bu şirkətin baş ofisi Qoda məxsus ticarət mərkəzində yerləşir.

    2002-ci ildə Moskvanın “Kiyev meydanı” adlanan vağzalının təmiri və yenidənqurulması məqsədilə eyni adlı şirkət yaradılır. Təsisçiləri isə Qod Nisanov, Zarah İliyev və Zurab Sereteli olur. 2003-cü ildə şirkət Moskva meriyasından sahəsi 72 min kvadratmetr olacaq işgüzar kommersiya mərkəzinin tikintisi üçün sifariş alır. Elə həmin il Nisanov “Avropa Meydanı” adlı şirkət yaradır. 70 faizi “Kiyev meydanı”na, 30 faizi Moskva meriyasına məxsus olan şirkət işgüzar kommersiya mərkəzinin ərazisinin idarəetməsini həyata keçirəcəkdi. Beləliklə, 2006-cı ildə sahəsi 180 min kvadrat metr olan “Avropa” ticarət əyləncə mərkəzi istifadəyə verilir.

    2003-cü ildə Q.Nisanov “Trade İnvestments” şirkətini yaradır - pərakəndə ticarət və restoran biznesi ilə məşğul olmaq üçün. Bu şirkətdə onun ortağı azərbaycanlı hüquqşünas, Putinin tələbəlik dostu İlham Rəhimov olur.

    2005-ci ildə Nisanov-İliyev cütlüyünün şirkəti olan “Biskvit” şirkəti Moskva hökumətindən “Ukrayna” otelini 275 milyon dollara alır. Üç illik rekonstruksiyadan sonra otel “Radisson Royal Hotel Moscow” adı altında fəaliyyətə başlayır. Maraqlıdır ki, bu otelin alınmasını ona İ.Rəhimov məsləhət görüb. Q.Nisanov özü də “Forbes”ə bunu etiraf edir: “Həyatda mənim əsas müəllimlərimdən biri atamdır. Digər müəllimim isə İlham Rəhimovdur. Mən həmişə onun dediklərinə əməl etmişəm, edirəm də. Həmişə həyatımın bu iki vacib adamı ilə məsləhətləşirəm. Onlarla məsləhətləşmədən heç bir iş görmürəm. ”Ukaryna"nın satışa çıxarılması söhbəti düşəndə də biz üçümüz birlikdəydik. İlham Rəhimov mənə dedi ki, “Niyə onu biz almayaq ki? Sən bacararsan deyilmi?” Mən isə dedim ki, əlbəttə, bacararam, sadəcə, sizin xeyir-duanızı gözləyirdim".

    Bu, milyarderlərin otelçilik sahəsində tək işləri deyil. Onlar “Radisson SAS Slavyanskaya” otelini də yenidənqurmadan sonra istismara veriblər. 2011-ci ildə isə Müdafiə Nazirliyindən “İttifaq” otelini alıb yenidən qururlar.

    2009-cu ildə “Kiyev meydanı” əsl holdinqə çevrilir, Q.Nisanov isə onun direktorlar şurasının sədri olur. Hazırda Nisanov holdinqin əlaqələrinə, Z.İliyev isə tikinti-yenidənqurma işlərinə cavabdehlik daşıyır.

    Ötən il cütlük hökumətdən “Yeni Arbat” SC-nin bütün səhm paketini alıb. Nisanov deyir ki, burada 3-4 ulduzlu otellər yaradılacaq: “Şəhərin mərkəzində 3-4 ulduzlu layihələr çox azdır. Yeni Arbat kimi yerdə isə müxtəlif qiymətlərə xidmətlər təklif olunmalıdır”.

    Putinlə dostluq, yoxsa...


    Q.Nisanovun, elə onun ortağı Z.İliyevin də adı Rusiya prezidentinə yaxın biznesmenlər sırasında çəkilir. Düzdür, biznesmen özü iş fəaliyyətində Rusiya prezidentindən hər hansı dəstək aldığını etiraf etmir. Lakin aydın məsələdir ki, Rusiyada dövlətdən bu qədər böyük sifarişlər almaq üçün hakimiyyətin başında duran şəxslə ən azı isti münasibətlərin olması əsas şərtdir. Yəqin elə buna görə də yanvarda ABŞ Maliyyə Nazirliyinin açıqladığı “Putin siyahısı”nda Q.Nisanovun da, Z.İliyevin də adları var. Deyilənə görə, bu siyahıda adlarının olması onlara elə də ciddi təsir etməyəcək: bütün biznesləri Rusiyada olduğu üçün. Maraqlıdır ki, bir neçə il əvvəl Q.Nisanova Rusiyadan kənarda da biznes qurmalarının mümkünlüyü barədə sual verdikdə “Burda görülməli o qədər iş varsa, xaricə niyə gedək ki” cavabını vermişdi.

    Qod Nisanov ile ilgili görsel sonucu


    2014-cü ildə Rusiya prezidenti Q.Nisanovu “iqtisadi layihələrin həyata keçirilməsi və Rusiya iqtisadiyyatına xarici kapitalın cəlb olunmasına verdiyi böyük töhfəyə görə” “Dostluq” ordeni ilə təltif edib. 2015-ci ildə isə Putin Nisanova “1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi” xatirə medalı verilməsi barədə sərəncam imzalayıb.

    2014-cü ildə Q.Nisanov Ümumdünya Yəhudi Konqresinin vitse-prezidenti seçilib. Həmin ilin payızında Q.Nisanov Moskva meri Sobyaninlə birlikdə “Food City” aqroklasterinin açılışını ediblər. Bəzi mənbələrə görə, bu layihədə Nisanovun iştirakı sırf Azərbaycandan gələn həmyerliləri üçün əlverişli şərait yaratmaq istəyindən irəli gəlib. 85 hektar ərazisi olan bu klasterdə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı həyata keçirilir.

    2015-ci ildə Sobyaninin iştirakı ilə milyarderin həmsahibi olduğu daha bir obyekt - “Cənub Qapıları” adlı yeni beynəlxalq avtovağzal açılıb. Həmin ilin yayında isə Putinin özünün iştiakı ilə Avropanın ən nəhəng okeanariumu “Moskvarium” açılıb. 2017-ci ildə isə Putin Nisanovun daha bir obyektinin - “Zaryadye” parkının açılışında iştirak edib.

    Ötən il “Kiyev meydanı” holdinqi “Olimpiyskiy” idman mərkəzini alıb. İki ildən sonra ora ən müasir idman-əyləncə mərkəzi kimi yenidən açılmalıdır. Bunlardan əlavə, milyarderin “Qrand” mebel mərkəzi, “Bağban” ticarət mərkəzi və sair obyektləri də var.

    “Forbes” jurnalı Q.Nisanovu Rusiya milyarderləri sırasına ilk dəfə 2011-ci ildə daxil edib - 1,1 milyard dollar sərvətlə 90-cı yerdə. 2017-ci ildə isə həmyerlimiz 3,1 milyard dollarlıq sərvətlə 36-cı yerdə qərar tutub. Ötən il jurnal Nisanov-İliyev birliyinin daşınmaz əmlak icarəsindən gəlirinin 1,5 milyard dolları ötdüyünü qeyd edib.

    Azərbaycanla əlaqələri


    Hazırda Q.Nisanovun bütün işgüzar və qeyri-işgüzar həyatı Rusiya ilə bağlıdır. Lakin bu, onun doğulub boya-başa çatdığı ölkəni unutduğu anlamına gəlmir. Düzdür, onun Azərbaycanda hansısa biznes maraqları yoxdur, lakin Rusiyaya gedən həmyerlilərimizə dəstəyini əsirgəmir. Onun ticarət mərkəzlərində çoxsaylı azərbaycanlılar ticarətlə məşğul olur. Q.Nisanovun beynəlxalq yəhudi lobbisi ilə Azərbaycan arasında isti münasibətlərin yaranmasında böyük fəaliyyətlər göstərdiyi deyilir.

    2016-cı ildə Azərbaycan prezidentinin fərmanı ilə xalqlar arasında dostluğun möhkəmlənməsində xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər