Beynəlxalq Qadınlar Günü nə üçün qeyd olunur? (TARİXÇƏ)

Beynəlxalq Qadınlar Günü nə üçün qeyd olunur? (TARİXÇƏ) 8 Mart bütün dünyada Beynəlxalq Qadınlar Günü və ya Beynəlxalq İşçi Qadınlar Günü kimi qeyd olunur. Bu günün tarixcəsini isə çox az insan bilir.

Bu günün tarixcəsi ilə bağlı məlumatı sizlərə təqdim edirik:

8 mart 1857-ci il. Bu tarixdə ABŞ-ın Nyu-York şəhərində tikiş fabriklərinin birində 40 min işçi qadını daha yaxşı şərtlər altında çalışmaq üçün tətil edirlər. Lakin polis aksiyanı dağıdıb və etiraz edən qadınları fabrikə salaraq qapıları bağlayır. Daha sonra burada yanğın baş verir və fabrikin önündəki barrikadalardan keçə bilməyən 129 qadın yanaraq həyatını itirir. Ölən qadınların yas mərasiminə 10 mindən çox insan qatılır.

Beynəlxalq Qadınlar Günü nə üçün qeyd olunur? (TARİXÇƏ)

26-27 avqust 1910-cu il. Danimarkanın paytaxtı Kopenhagendə II Beynəlxalq Qadınlar Konfransında (Beynəlxalq Sosialist Qadınlar Konfransı) Almaniya Sosial Demokrat Partiyasının liderlərindən Klara Zetkin 8 mart 1857-ci il tarixdə sözügedən tikiş fabrikində baş vermiş yanğında ölən qadınların xatirəsinə 8 Mart tarixinin Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasını təklif edir və bu təklif yekdilliklə qəbul edilir.

İlk illərdə konkret bir tarix müəyyən edilmir və həmin gün hər ilin yaz fəslində qeyri-müəyyən vaxtlarda qeyd olunur. Tarixin 8 Mart olaraq dəqiqləşdirilməsi isə 1921-ci ildə Moskvada keçirilən III Beynəlxalq Qadınlar Konfransında qəbul edilir və adı da Beynəlxalq İşçi Qadınlar Günü olur.

Birinci və İkinci Dünya Müharibələri illərində bəzi ölkələrdə bu günün qeyd olunması qadağan edilsə də 1960-cı illərin sonunda ABŞ-da qeyd olunmağa başlanılandan sonra məsələ yenidən gündəmə gəlir və nəhayət BMT (Birləşmiş Millətlər Təşkilatı) 16 dekabr 1977-ci il tarixdə 8 Martın "Beynəlxalq Qadınlar Günü" kimi qeyd olunması barədə qətnamə qəbul edir.

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur. Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günüdür.

Qeyd edək ki, bu ilin yanvar ayının əvvəlinə Azərbaycan əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 960,1 min nəfərini qadınlar təşkil edib. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, ötən il doğulan 144 min körpənin 46,8 faizini qız uşaqları təşkil edib. Qadınların 53,4 faizi nəsilvermə qabiliyyətinə malikdir.

Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 17 doğum evi, 137 qadın məsləhətxanası, 250 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faizdir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 79,8 faizi, orta ixtisas təhsil müəssisələrində 77,9 faizi, ali təhsil müəssisələrində 51,9 faizi, həkimlərin isə 65,7 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,3 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi qızlardır.

Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Elmi işçilərin 56 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,5 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 12-si qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən, 28,5 faiz, sahibkarlar arasında isə 21,5 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 41,7 faizi qadınlardır.

Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16,1 faizə çatıb.

İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35 faiz olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4 faiz təşkil edib.

Sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2017-ci ildə 6,7 faizədək artıb. (Qaynarinfo)

Oxşar xəbərlər