Kürəkənini bıçaqlayan qayınata məhkəmədə HƏBS EDİLDİ

Kürəkənini bıçaqlayan qayınata məhkəmədə HƏBS EDİLDİ
  • Hadisə

  • Qobuda kürəkənini bıçaqlamaqda təqsirləndirilən Gündüz Novruzovun cinayət işi üzrə məhkəmə başlayıb.

    Asiya.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib.

    Məlum olub ki, təqsirləndirilən şəxs cinayəti törədən zaman barəsində məhkəmə hökmü olub və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirmiş.

    Məhkəmə müşavirədən sonra işin məhkəmə baxışına verilməsi ilə bağlı qərarı elan edərkən təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirini də dəyişib. Belə ki, məntəqə tipli cəzaçəkmə müəssisəsində olan Gündüz Hüseynov məhkəmə zalından həbs edilib.

    Məhkəmə belə qənaətə gəlib ki, məntəqə tipli cəzaçəkmə müəssisəsi qapalı olmadığından G.Hüseynov ağır cinayət törətdiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilməlidir.

    G.Hüseynov məhkəmədən həbs edilməməsini xahiş edib. Deyib ki, kürəkəni ilə barışıb və əməlindən peşmandır.

    Lakin hakim qərarını dəyişməyib. Məhkəmənin baxış iclası martın 30-na təyin edilib.

    Qeyd edək ki, hadisə ötən il Qobuda baş verib. G.Hüseynov kürəkəni Rəfayel İsmayılovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub. G. Hüseynov saxlanılıb və ona Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.3 (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər