“Seçkidən sonra prezident hökuməti yenidən formalaşdıracaq” - Siyavuş Novruzovdan sensasion açıqlamalar

“Seçkidən sonra prezident hökuməti yenidən formalaşdıracaq” - Siyavuş Novruzovdan sensasion açıqlamalar
  • Siyasət / Hərb / Manşet

  • Deputat: “Hansı formada istəyirlərsə, o formada söhbətə hazırıq”

    YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov sualları cavablandırıb. Prezident seçkisində hakim partiyanın namizədinin səlahiyyətli nümayəndəsi olan həmsöhbətimiz işinin çoxluğu səbəbindən bazar günləri də işləməsinə baxmayaraq, müsahibə üçün vaxt ayırdı, gündəmdəki məsələlərdən danışdıq. Müsahibəni təqdim edirik:

    - Siyavuş bəy, əvvəllər adətən, mitinqləri hakim partiyanın eyvanından, ya da aksiya keçirilən digər ərazilərin kənarından izləyib, münasibət bildirərdiniz. Maraqlıdır, “Məhsul”dakı son mitinqi haradan izlədiniz?

    - Artıq onların mitinqləri hər kəsə bəllidir, əhəmiyyətini itirib. Mən həmin vaxt işdəydim, amma məlumatlarım var. Diqqətimi çəkən xüsusi bir məqam olmadı. Eyni şeylər, təkrarçılıq, neçə illərdir davam edən məsələlər, eyni kontingent. Say da eyni, hələ bəlkə bir az da əvvəlkindən az idi. İnsanların artıq etimad məsələsi var da. Ora yığışanlar əqidə, ideya, demokratiya və s. baxımından gəlməmişdilər. Sadəcə olaraq bu və digər formada hərə öz probleminin həll yolunu orda axtarır.

    - Hakim partiya o mitinq iştirakçılarının bir qrupunu ayrıca dinləyə, problemləri ilə maraqlana bilərmi?


    - Ordakı bəzi insanlar bəllidirlər. Görürsən ki, müəyyən hissəsi islamçılardır, müəyyən hissəsi Avropaya inteqrasiya tərəfdarıdır, müəyyən hissəsi bankdan kredit götürüb borclarını qaytara bilməyənlərdir. Bir az qohum-əqrəbadır.

    - Amma bank kreditləri məsələsinin özü çox ciddi mövzudur. Məlumata görə, ölkədə hər dörd nəfərdən biri banka borcludur.

    - Bir var, kredit götürüb hansısa iş qurmaq, yaxud fermer təsərrüfatı yaratmaq. Bir də var bankdan kredit götürüb, özünə maşın alıb. Məsələn, əgər bunun imkanı 10 minlik maşına çatırsa, kreditə girib, 50 minlik maşın alıb. Bununla digər adamın problemi eyni deyil. Yaxud evlə bağlı kredit götürənlər var. Bəli, bunlar tamam başqa kateqoriyadır.

    - Spiker Oqtay Əsədov da demişdi ki, bank kreditləri ilə bağlı araşdırmalar aparılır. Gözləmək olarmı ki, seçkidən sonra bank kreditləri ilə bağlı güzəştli qərarlar veriləcək?

    - Bu məsələlər araşdırılır, bəli. Biri məsələn, kredit götürüb toy edib, başqası da kredit götürüb sanatoriyaya gedibsə, bununla kredit götürüb fermer təsərrüfatı yaradan, yaxud təbii fəlakət nəticəsində fermer təsərrüfatına ziyan dəyməsi səbəbindən kreditini qaytara bilməyən insanlara fərqli yanaşmaq lazımdır. Araşdırma komissiyası var. Azərbaycanda kreditlərin böyük hissəsi əsasən, nəqliyyat vasitələri ilə əlaqədardır. Bununla bağlı araşdırmalar gedir, tapşırıq verilib, həm özəl, həm də dövlət banklar hazırda məşğuldurlar. Son vəziyyət məruzə olunacaq və nəticə etibarilə qərarlar qəbul olunacaq. Ancaq burada təkcə dövlətdən söhbət getmir. Bankların əksəriyyəti özəl, xüsusi mülkiyyətdədir. Bunlarla da hər hansı razılıq olmalıdır ki, həm bank gələcəkdə öz fəaliyyətini davam etdirsin, həmçinin kredit götürən insanın vəziyyəti yüngülləşdirilsin.

    - Sizin bayram ərəfəsində əfv, yaxud amnistiya ilə bağlı çağırışınız olmuşdu. Amma gözləntilər nəticəsiz qaldı. Səbəbini bilirsinizmi?

    - Mən 100 illiklə bağlı çağırış etmişdim. Hələ 100 illiyə kifayət qədər vaxt var.

    - Bəs, söyüş söyənlərlə bağlı çağırışınıza reaksiyaları necə qiymətləndirirsiniz. Konkret adlar çəkmişdiniz, “mövqeyinizi bildirin” demişdiniz. Həmin şəxslər hamısı mövqe bildirdilərmi?

    - Əksəriyyəti bildirdi, düzgün olaraq ortaya mövqe qoydular, bir neçə nəfəri çıxmaq şərtilə.

    - Bəs, sizin çağırışınız söyüş söyənlərin mövqeyinə necə təsir göstərdi, monitorinq aparmaq imkanınız oldumu?

    - Ola bilsin ki, bir hissəsinə təsir göstərdi, bir hissəsi bu müraciətdən sonra daha da qızışdı. Görürsən bir hissəsi başa düşür ki, bu, yol deyil, seçim deyil. Mən də başa düşürəm ki, o insanların bir çoxunun özündən asılı deyil, onlara sifariş verən və bunun arxasında duran adamlar var. Nə deyilirsə, onlar onu həyata keçirir. Çünki bu şəxslər hər hansı siyasi partiyanın rəhbər strukturlarında təmsil olunmayıblar, siyasi fəaliyyət göstərməyiblər. Ola bilər kimsə sıravi üzv olub. Yaxud hər hansı bir qəzetdə baş redaktor, redaktor müavini, hətta aparıcı yazar statusunda olmayıblar. Bu və ya digər formada hardasa siyasi mühacir statusu alıblar və belə insanları tapıb bunlardan istifadə edirlər. Çünki bilirsiniz, orada mühacirliklə bağlı müddət var da, müəyyən müddət bitdikdən sonra bunlar hər hansı işlə məşğul olmalıdır. O halda müavinətlər dayanır. Dayandıqdan sonra da bunlara işlər təklif edirlər. Aydın məsələdir ki, onlara Elmlər Akademiyasında iş təklif etməyəcəklər. O baxımdan da bunlar indi yollar axtarır. Bu yol da yol deyil.

    - Elmlər Akademiyası demişkən, xaricdəki söyüşcül dəstəyə qarşı mübarizə apardığımız halda, AMEA-nın Coğrafiya İnstitutunun direktoru jurnalistləri təhqir etdi...

    - Kim deyib, məlumatım yoxdur.

    - Akademik Ramiz Məmmədov jurnalistlərə “küçük” deyib...

    - Yox, yox, yox, elə fikir söyləmək olmaz! Mən hesab edirəm ki, etikadankənar fikir səsləndirmək yolverilməzdir. Jurnalistlər bu gün Azərbaycan həqiqətlərini yazıb ortaya çıxaran insanlardır. İndi ola bilər kimsə qərəzli yazır, bunun həll yolu məhkəmədir.

    Prezidentin səlahiyyətli nümayəndəsi: “Kreditlərlər bağlı araşdırmalar gedir, tapşırıq verilib... və nəticə etibarilə qərarlar qəbul olunacaq”

    - Necə bilirsiniz, belə bir şəxslə bağlı tədbir görüləcəkmi?

    - Onu jurnalistlər yığışıb məhkəmə qaydasında həll edə bilər.

    - Belə yanaşma da var ki, söyüş dili ilə danışanların “tərksilah” olunması üçün hökumətin bir-iki addımı kifayət edər. Məsələn, Vidadi İsgəndərlinin atasının məzarını təhqir edənlərin cəzalandırılması, yaxud elə qarşı tərəflə təhqirlə danışanların susdurulması. Bununla bağlı hakim düşərgədə müzakirələr olurmu?

    - Hər bir məsələnin müzakirəsini biz özümüz də aparmışıq. Təbii ki, o adamların tapılıb cəzalandırılmasını ən çox biz istəyirik. Çünki burada söhbət şəxsin kimliyindən getmir, ümumən Azərbaycan mənəviyyatından, əxlaqından gedir. Amma ona qədər də youtube-ni açıb baxsaz, şahidi olarsınız ki, Vidadi İsgəndərli hansı sözləri deyib. Yəni o əsas deyil. Bəs, ona qədər?

    - Siyavuş bəy, sizinlə yanaşı, bir sıra deputatlar aktiv şəkildə bu məsələlərə münasibət bildirirlər. Yaxud dövlət rəsmiləri içərisində prezidentin köməkçisi Əli Həsənov həm sosial şəbəkələrdə, həm də keçirilən tədbirlərdə aktiv şəkildə bu kampaniyanı aparanların mövqeyinə qarşı çıxışlar edir, çağırışlar edir, onları normal polemikaya çağırır. Amma hesab olunur ki, hakimiyyətdən kifayət qədər bəhrələnən bir çoxları bu prosesi kənardan müşahidə edir, sanki ehtiyatlanırlar. Niyə?

    - Bəli, hər bu gün öz mövqeyini bildirməlidir. Biz bu ölkənin vətəndaşlarıyıq. Ölkədə gənc nəslin tərbiyə olunmasında, ailə-məişət münasibətlərində insanlar ətrafa baxır və nümunə götürür. O baxımdan bu addımların atılması, bu gün dövlətdə vəzifə tutan, yaxud siyasi fəaliyyətlə məşğul olan insanlar bu məsələyə öz münasibətini bildirməlidir. Söhbət ondan getmir ki, kimisə tənqid etsinlər, fikir bildirsinlər. Ümumilikdə bu tendensiyanın aradan qaldırılması vacib olan amillərdən biridir. Ona görə də hər kəs istənilən fikri söyləyəndə 10 il gələcəyi də düşünüb sözünü deməlidir ki, yaxşı, bu gün mən xaricdə oturub söyüş söydüm, bəs, sabah, birisi gün? O söydüyü adamlar hamısı burda yaşayır, onun qohum-əqrəbası var və s. Bunlar o insanların yadından heç vaxt çıxmaz.

    - Yeri gəlmişkən, demişdiniz seçkidən sonra o adamlarla ayrıca söhbətniniz olacaq. Seçkiyə az qalıb... Söhbət hansı məzmunda olacaq?

    - İndi o mənim fikrimdir, İnşallah seçkini yola verək, sonra baxarıq.

    - Bəs, bu, sivil çözüm olacaq, yoxsa duel şəklində?

    - (Gülür) Görürsünüz, mən hər kəsi sivil mübarizəyə dəvət edirəm. Amma hansı formada istəyirlərsə, o formada söhbət etməyə hazırıq.

    - Siyavuş bəy, seçki ilə bağlı teledebatları necə, izləyirsinizmi? Kim daha güclü təsir bağışlayır?

    - İzləyirəm. Həm də özüm radiodakı debatlarda iştirak edirəm. Hər kəs öz fikrini, layihəsini, düşüncəsini ortaya qoyur. İstənilən müxalifət partiyasının funksiyası ondan ibarətdir ki, hər bir məsələ ilə bağlı alternativ layihələr versin. İqtidar öz layihəsini təqdim edirsə, müxalifət də öz layihəsini ortaya qoymalıdır. Debatlarda da baxırsan ki, hərə bir fikir söyləyir, bəzən fərdlərə qarşı diqqəti yönəldir. Amma prezident seçkilərinin əsas funksiyası ondan ibarətdir ki, burada qlobal layihələr ortaya qoyulsun. Məsələn, sosial sahədə, kənd təsərrüfatı sahəsində, xarici, daxili siyasətdə, Qarabağ münaqişəsi ilə bağlı mən nə edə bilərəm? Lakin bizdə çıxışlar bundan daha çox fərdiliyə yönəlir.

    - Bəzi müşahidəçilər hesab edir ki, prezidentliyə namizəd Hafiz Hacıyev əbəs yerə bəzi şəxslərin adlarını çəkmir, bu, həm də seçkidən sonra yeni komandada yer almayacaq şəxlərlə bağlı anonsdur. Razılaşırsınızmı?

    - Hər bir şəxsin orada azad fikir söyləməyə ixtiyarı var. Etnik, dini münaqişəyə çağırışdan və təhqirdən başqa. Qalan hallarda bütün çıxışları etməkdə azaddırlar. Ona görə kim nə deyirsə, şəxsi fikridir.

    - Bəs, deputat həmkarınız Fəzail Ağamalının parlament iclasında nazir Elmar Məmmədyarovu istefaya çağırması, səslənən arqumentlər barədə nə deyə bilərsiniz?

    - O da azad insandır, deputatdır. Hər bir deputat öz fikrini sərbəst şəkildə ifadə edə bilər. Bu da belə düşünür. Hesab edir ki, xarici siyasətdə belə olsa, daha yaxşı olar. Bu, onun şəxsi fikridir, parlamentin mövqeyi deyil. Bunlar hamısı cənab prezidentin səılahiyyətinə daxil olan məsələlərdir. Seçkidən sonra cənab prezident hökuməti yenidən formalaşdıracaq. Bilirsiniz ki, bütövlükdə hökumət istefaya gedir və yenidən formalaşır. Kim qənaətbəxş fəaliyyət göstəribsə, o, yenidən təsdiq olunacaq, kim göstərməyibsə, təsdiq olunmayacaq. Bunlar da hesabatı cənab prezidentə verir.

    - Qohumunuz, ADP sədri Sərdar Cəlaloğlunun çıxışları da kifayət qədər sərt olur. Faktiki sizin rəhbərliyinizin, YAP-ın icra katibi Əli Əhmədovun yanında oturub, hakimiyyətlə bağlı ciddi faktlar açıqlayır. Heç bu arada zəng edib fikir mübadiləsi apardığınız, irad bildirdiyiniz olubmu?

    - Yenə deyirəm, prezident seçkilərində hər kəs sərbəstdir. Hər kəs fikrini deyir, heç kəs heç kəsə görə cavabdehlik daşımır. Amma onunla hər hansı təmasım olmayıb.

    - Namizədlərdən bir çoxunun Əbülfəz Elçibəyin komanda üzvləri, yaxud əslən Naxçıvandan olması ilə bağlı da mətbuat yazdı. Qabaqcadan bu fakta nəzər yetirmişdinizmi?

    - (gülərək) İndi o məsələ bizdən asılı deyil ki. Hər bir insana namizədliyini irəli sürmək üçün bərabər şərait yaradılıb.15 nəfər namizədliyini irəli sürmüşdü. Həmin 15 nəfərdən 5-i sənədlərini ümumiyyətlə, MSK-ya qaytarmadı, 10 nəfər isə sənədlərini təqdim etdi. Onların da ikisinin müvafiq sənədləri düzgün olmadığı üçün təsdiq olunmadı. Qalan namizəd təsdiqləndi. İndi bunlar hardandır, kimdir, nəçidir, önəmli deyil. Qanunda yazılmayıb ki, bir nəfər o rayondan olmalıdır, digəri bu rayondan. Yaxud əvvəli nə olub, sonrası, ya indiki nə...

    - Bəziləri hesab edir ki, İTV-dəki debatlarda Siyavuş Novruzovun yeri görünür. Siz niyə teledebatlara qatılmırsınız?

    - Biz belə qərar qəbul etdik ki, hərəmiz bir yerdə iştirak edək. Əli müəllim televiziyada, mən radioda. Radi debatlarına da kifayət qədər insanlar qulaq asır, orada da eynilə dəyirmi masadır, müzakirəyə çıxarılan eyni məsələlərdir.

    - Və sonda, 11 apreldən sonrakı Azərbaycanla bağlı nə deyə bilərsiniz?

    - İnşallah, hər şey yaxşı olacaq, qaydasında olacaq. İctimai-siyasi sabitlik, iqtisadi inkişaf davam etdiriləcək. Təbii ki, bunlar hamısı Azərbaycan xalqından, Azərbaycan seçicisindən asılıdır. 11 apreldə məntəqələrə gəlsinlər və səs versinlər!

    Elşad PAŞASOY,
    “Yeni Müsavat”
    PAYLAŞ:

    Oxşar xəbərlər