“Axı mən məmurları qorumuşam və ayağımı fəda vermişəm”

“Axı mən məmurları qorumuşam və ayağımı fəda vermişəm”
  • Sosial

  • Ev tələb edən hərbi xidmət əlili üsyan etdi

    Asiya.az xəbər verir ki, bizimyol.info -ya müraciət edən Naftalan şəhər sakini, ikinci qrup hərbi xidmət əlili Ələkbərov Rasim Əlövsət oğlu mənzil təminatı ilə bağlı dövlət qurumlarına etdiyi müraciətin nəticəsiz qaldığını bildirib.

    “Mən bu gün çox çətin və acınacaqlı bir vəziyyətdə yaşayıram. Başımı salmağa bir daxmam belə yoxdur. bu məktubu Azərbaycanın bütün orqanlarına yolamışam, amma bugünkü gündə məni hansı seçimlə üz-üzə getiriblər. Axı mən məmurları, xalqımı, vətənimi, dövlətimi qorumuşam və ayağımı fəda vermişəm, yani mənim bir vətəndaş kimi başımı salmaq üçün bir mənzilə hüququm çatmırmı? Təəssüflər olsun ki, müraciətimə biganə yanaşılır”,-R.Ələkbərov bildirib.

    Onun sözlərinə görə, Naftalan şəhər İcra Hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciətlər edib: “Naftalan şəhər İcra Hakimiyyəti məni qeydiyyata aldığını və 2018-ci ilədək mənzilə təmin olunacağımı bildirib. Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyi onların ünvanına göndərdiyim elektron məktublara cavabında bildirib ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub. Amma mənim bu sərəncamda nəzərə tutulan şəxslərdən olmadığım qeyd olunaraq nazirlik tərəfindən mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmayıb”.

    R.Ələkbərov bildirib ki, o, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin 18.05.2018-ci il tarixdə Mingəçevir şəhərində qəbulunda olub: “Nazir Naftalan şəhər İcra Hakimiyyətinə tapşırıq verdi. O, mənə köməklik ediləcəyini bildirsə də, nazirin göstərişinə məhəl qoyulmur. Nazirin göstərişi nə icra başçısı, nə də Naftalan şəhərinin digər idarə müdirləri məhəl qoymur.

    Ələkbərov Rasim Əlövsət oğlunun müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinə göndərdiyimiz informasiya sorğusuna cavab verilib. Cavabda qeyd olunub ki, vətəndaş, ikinci qrup hərbi xidmət əlili Ələkbərov Rasim Əlövsət oğlu tərəfindən 2018-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 23 yazılı müraciət daxil olub: “Müraciətlərin on yeddisi mənzil, ikisi maddi yardım istənilməsi, üçü rəhbər şəxsin qəbulu, biri isə əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı olub. Hər bir müraciət cavablandırılıb.

    Ələkbərov Rasim Əlövsət oğlu əmək və əhalinin sosial müdafiəsi nazirinin 18 may 2018-ci il tarixində Mingəçevir şəhərində keçirilən vətəndaş qəbulunda iştirak edib, müraciəti mənzil təminatı və maddi yardım verilməsi ilə bağlı olub. Vətəndaşa mənzil təminatı ilə bağlı qanunvericiliyə uyğun müvafiq izahat verilib və Əlillərin tibbi reabilitasiya və sosial məişət problemlərinin həllinə köməklik göstərən komissiyasının qərarı ilə maddı yardım edilib.

    Vətəndaşın mənzil ilə təmin olunmağına köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş elektron müraciətinə aidiyyəti üzrə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda baxılıb.

    Bildiririk ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub”.
    PAYLAŞ:

    Oxşar xəbərlər