Milli Məclisin ilk komitə iclası keçiriləcək

Milli Məclisin ilk komitə iclası keçiriləcək
  • Siyasət / Manşet

  • Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il payız sessiyası ilə parlamentin komitələrinin iclaslarına start verilir.

    Oxu.Az-ın MM-dən əldə etdiyi məlumata görə, sabah saat 12:00-da parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası olacaq.

    İclasda yeni qanun layihələrinin müzakirəsi nəzərdə tutulmur.

    İclasda komitənin yaz sessiyasındakı fəaliyyəti ilə bağlı hesabatı, payız sessiyasının qanunvericilk işləri planı və bir sıra qanunlara dəyişikliklər məsələsi müzakirə olunacaq.

    MM-in digər komitələri isə iclaslarını gələn həftədən keçirməyə başlayacaqlar. Gələn həftə MM-in Səhiyyə, Əmək və sosial siyasət komitələrinin iclaslarının keçirilməsi gözlənilir. Hər iki komitənin iclaslarında yaz sessiyasının hesabatlarının, payız sessiyasında görəcəyi işlərin müzakirə edilməsi nəzərdə tutulur.

    Konkret qanun layihələrinə gəlincə, “Tibbi optika haqqında”, “Ailə həkimi haqqında”, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” yeni qanun layihələri, o cümlədən, icbari tibbi sığorta, həmçinin, insan orqanları və toxumalarının transplantasiyası haqqında mövcud qanunlara dəyişikliklər məsələsi müzakirə mövzusu olacaq.

    Sentyabrın 17-də isə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının keçirilməsi gözlənilir. İclasda komitənin yaz sessiyası ilə bağlı hesabatı, payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə olunacaq.

    Həmçinin, ölkədə sahibkarlıq fəaliyyətinin, iqtisadi islahatların gücləndirilməsinə təkan verəcək bir sıra yeni qanunların və ya mövcud qanunlara dəyişikliklərin edilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.

    Müzakirə mövzusu olacaq yeni qanun layihələri sırasında “Mikrobiznes haqqında” qanunvericilik aktı da var.

    MM-in Təhsil və elm komitəsinin ilk iclasının vaxtı hələlik müəyyənləşdirilməsə də, iclasda “Tələbə kreditləri haqqında” yeni qanun layihəsinin hazırlanması, həmçinin, “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin ilkin variantı ilə bağlı müzakirələr nəzərdə tutulur.

    Mədəniyyət komitəsinin ilkin iclasının vaxtı hələlik dəqiqləşdirilməyib. Amma komitənin ilk iclasında yaz sessiyasının hesabatı və payız sessiyası ilə bağlı qanunvericilik işləri planı müzakirə edilməklə yanaşı, bir sıra qanun layihələri - “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Adlar və soyadlar haqqında”, “Kinematoqrafiya haqqında”, “Aşıq sənətinin qorunması haqqında”, “Mətbuat Şurası haqqında” və digər yeni qanun layihələri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.
    PAYLAŞ:

    Oxşar xəbərlər