MSK seçkilərin saxtalaşdırılması ilə bağlı müraciətlərə baxır

MSK seçkilərin saxtalaşdırılması ilə bağlı müraciətlərə baxır
  • Sosial

  • 2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçki məntəqələrində qanunsuzluqla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edilib.

    Asiya.az xəbər verir ki, MSK 6 müraciət üzrə araşdırmalara başlanıldığını açıqlayıb:

    117 saylı Oğuz - Qəbələ seçki dairəsindən Böyük Söyüdlü bələdiyyəsi üzrə qeydə alınmış namizəd Kərimov Mürvət Mikayıl oğlu 2019-cu il dekabrın 24-də teleqramla MSK-ya müraciət edərək səsvermə günü Böyük Söyüdlü, Çaldaş və Qarabulaq kəndlərində seçkinin düzgün aparılmadığını, vətəndaşların hüquqlarının pozulduğunu və seçkilərin yenidən keçirilməsini xahiş edib.

    Yardımlı rayonu Astanlı kənd sakini Tağıyev Rafiq İslam oğlu 2019-cu il dekabrın 24-də teleqramla MSK-ya müraciət edərək 72 saylı Yardımlı - Masallı seçki dairəsi üzrə Aşağı Astanlı bələdiyyəsinə keçirilən seçkilərdə həmin seçki dairəsinin 7, 8 və 9 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularının baş verməsini iddia edib, bu pozuntuların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini xahiş edib.

    67 saylı Cəlilabad şəhər seçki dairəsindən seçici Tağıyev Oqtay Aslan oğlu 2019-cu il dekabrın 24-də teleqramla MSK-ya müraciət edərək Sərhədabad bələdiyyəsi üzrə seçkilərin saxtalaşdırıldığını və seçkilərin nəticələrinin ləğv edilməsini xahiş edib.

    85 saylı Şamaxı seçki dairəsindən Şəhriyar bələdiyyəsi üzrə qeydə alınmış namizəd Hüseynov Natiq Məmməd oğlu 2019-cu il dekabrın 24-də teleqramla MSK-ya müraciət edərək 85 saylı Şamaxı seçki dairəsinin 12 saylı seçki məntəqəsində Şəhriyar bələdiyyəsinə keçirilən səsvermənin Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) tələblərinə zidd keçirildiyini, məntəqə seçki komissiyasının sədri tərəfindən səslər hesablanarkən qanunvericiliyin tələblərinin pozulmasını və müşahidəçilərin zaldan çıxarılmasını bildirib.

    Seçici Abbasov Bayram Aman oğlu və müşahidəçi Həsənov Vladdin Mehrac oğlu 2019-cu il dekabrın 24-də teleqramla MSK-ya müraciət edərək 117 saylı Oğuz – Qəbələ seçki dairəsinin 33 saylı seçki məntəqəsində qanunsuzluqların baş verməsini iddia edərək, iddia olunan qanunsuz hərəkətlərin araşdırılmasını və qanuna uyğun tədbirlərin görülməsini xahiş ediblər.

    Lənkəran rayonu Digah kənd sakini Qafarov Fədail Qafar oğlu 2019-cu il dekabrın 24-də teleqramla MSK-ya müraciət edərək 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə Digah bələdiyyəsinə seçki günü çoxsaylı qanun pozuntularının baş verdiyini, səsvermənin Seçki Məcəlləsinin tələblərinə zidd keçirildiyini, səslərin hesablanmadığını bildirib.

    Şixverdiyev İlahəddin Xaliddin oğlu 51 saylı Qusar seçki dairəsinin 54 saylı seçki məntəqəsində seçkilərin nəticələrinin saxtalaşdırılmasına dair 2019-cu il dekabrın 24-də teleqramla MSK-ya müraciət edərək həmin seçki dairəsinin mövcud seçki məntəqəsində səslərin yenidən hesablanmasını xahiş edib.

    Müraciətlər araşdırılması üçün aidiyyəti üzrə seçki dairələrinin dairə seçki komissiyasına göndərilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər