Millət vəkili Anar İsgəndərov Azərbaycan xalqına başsağlığı verdi

Millət vəkili Anar İsgəndərov Azərbaycan xalqına başsağlığı verdi
  • Siyasət / Manşet

  • Millət vəkili Anar İsgəndərov 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı xalqımıza başsağlığı verib.

    Asiya.az həmin başsağlığını təqdim edir:

    “Əziz xalqım, dünyanın bu təlatümlü günlərində Sizləri bir daha salamlayır və Allahdan hər birinizə cansağlığı arzulayıram.

    Düz 102 il əvvəl 1918-ci il mart ayının 31-də Bakı şəhəri və ətraf kəndlərdə türk-müsəlman əhalisinə qarşı daşnak-bolşevik birləşmələri tərəfindən əvvəlcədən düşünülmüş və planlı şəkildə soyqırım həyata keçirildi. Böyük ermənistan yaratmaq xülyası ilə yaşayan faşist xarakterli Qaragen Njde öz təlimində yazırdı: “Sonuncu türk kar ola, kor ola, lal olsa belə öldürülməlidir.” Təkcə Bakı şəhərində üç gün ərzində Şaumyanın rəhbərlik etdiyi erməni hərbi birləşmələri 11 mindən artıq günahsız müsəlmanın həyatına son qoydular. Bakıdan sonra soyqırım Şamaxı və Quba qəzalarında, Qərbi və Cənubi Azərbaycanda daha qəddarlıqla həyata keçirildi. 10 minlərlə azərbaycanlı qətlə yetirildi, əmlakları müsadirə olundu, ev-eşikləri yandırıldı, 100 min nəfər isə qaçqın həyatı yaşamağa məcbur edildi.
    Dünyanı Azərbaycan həqiqətlərinə inandırmaq üçün ən etibarlı mənbə olan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırım 36 cilddə öz əksini tapıb.

    70 illik sovet dönəmində daşnak-bolşevik birləşmələrinin xalqımıza qarşı həyata keçirdiyi bu qırğınlar tarixdən silindi, əvəzində xalqlar dostluğu təbliğ olundu.
    Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra əsl həqiqətlər öyrənilməyə başlandı. Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 31 Mart azərbaycanlıların soyqırım günü kimi tarixə düşdü.

    Mən dünyanın bu həyəcanlı günlərində 1918-ci il Bakı qırğınının canlı şahidi, 18 yaşlı Məhəmməd Muradzədənin bir fikrini Sizə xatırlatmaq istəyirəm. “Hər qaranlıq gecənin işıqlı bir səhəri olur. Mən Sizlərə həmin işıqlı səhəri arzulayıram.”
    Doğrudan da bu işıqlı səhər 1918-ci il mayın 28-də doğuldu.

    29 il əvvəl elan etdiyimiz dövləy müstəqilliyimizi əbədi etmək üçün Milli birliyimizə daha çox ehtiyacımız var. Milli-mənəvi dəyərlərimizə zidd olan şər və böhtan kampaniyasına yox deməliyik. Müstəqillik yolunda xalqımıza işıqlı yol göstərən aydınlarımıza, dövlət başçısına, ali dini rəhbərimizə hörmətlə yanaşmalıyıq. Onlara atılan böhtanlara biganə qalmamalıyıq.

    Dünyada minlərlə xalq, etnos, etnik qrup yaşayır. Onların sayı 7 milyarddan çoxdur, amma müstəqil dövlətlərin sayı 200-ə çatmır. Biz də 10 milyon əhali ilə bu müstəqil dövlətlərin sırasındayıq. Xalqımız üçün bundan böyük xoşbəxtlik nə ola bilər?

    Bizim and yerimiz Şəhidlər Xiyabanıdır. Burada 1918-ci il Mart soyqırımın, Bakını düşmən qüvvələrindən azad edən Qafqaz İslam Ordusunun, 1990-cı il 20 yanvar və Qarabağın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımız uyuyur. Bu çətin günlərdə onların müqəddəs ruhu bizimlədir. Dünyanı bürüyən bu bəladan qurtarmalıyıq ki, tarixi torpaqlarımızı düşmən tapdağından azad edək və üçrəngli bayrağımızı şərəflə dalğalandıraq. Bu yolda hər birimizə uğurlar arzulayıram
    Millət vəkili Anar İsgəndərov ”.
    PAYLAŞ:

    Oxşar xəbərlər