Anar İsgəndərov Viləşçay su anbarının 2-ci növbəsinin tikintisinin vacibliyindən danışdı

Anar İsgəndərov Viləşçay su anbarının 2-ci növbəsinin tikintisinin vacibliyindən danışdı
  • Siyasət / Manşet

  • “Əgər Viləşçay su anbarının 2-növbəsi işə düşərsə, nəticədə rayonun 18 kəndinin su problemi həll olur”.

    Asiya.az
    xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatın Milli Məclisdə müzakirəsi zamanı çıxış edən millət vəkili Anar İsgəndərov deyib.

    Millət vəkili Baş nazir Əli Əsədova xitabən deyib ki, “Sovet dönəmində cənub zonasında tərəvəzçiliyi və çayçılığı inkişaf etdirmək üçün Masallı rayonu ərazisindən keçən Viləş çayı üzərində su anbarının tikintisinə başlandı. Su anbarının tikintisi iki mərhələdə həyata keçirilməli idi. Birinci mərhələ ümümmilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1982-ci ildə Moskvaya SSRİ Nazirlər Soveti Sədrinin Birinci Müavini kimi məsul işə dəvət olunan Heydər Əliyev Viləş su anbarının istifadəyə verilməsinə nail oldu.

    1990-cı ildə Viləş su anbarının 2-ci növbəsinin tikintisini aparmaq üçün layihə hazırlandı və təsdiq olundu. Hətta tikinti ilə bağlı ilkin işlər də görüldü. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra tikinti işləri dayandırıldı.

    Suvarma suyunun çatışmazlığı səbəbindən rayonda ənənəvi əkin sahələri olan tərəvəzçiliyi, çayçılığı və çəltikçiliyi genişləndirmək mümkün olmur.

    Rayonun bu çətinliklərinə kömək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2018-ci il 12 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nda Viləşçay su anbarının 2-ci növbəsinin tikintisi nəzərdə tutulsada, çox təəssüflər olsun ki, bu günə kimi bu sahədə heç bir irəliləyiş olmayıb.

    Hörmətli Əli müəllim, mən əminəm ki, Viləşçay su anbarının 2-ci növbəsinin tikintisi ilə bağlı əlinizdən gələn köməyi göstərəcəksiniz. Əgər Viləşçay su anbarının 2-növbəsi işə düşərsə, nəticədə rayonun 18 kəndinin su problemi həll olar”.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər