ƏƏSM Qarabağ veteranı ailəsinin 15 min manatını niyə vermir?

ƏƏSM Qarabağ veteranı ailəsinin 15 min manatını niyə vermir?
  • Sosial / Araşdırma

  • "Polis mayoru, Qarabağ müharibəsi veteranı olan ərim Kazımov Qılman İbrahim oğlu 2003-cü ildə xidmətdəykən xəstəlikdən vəfat edib. Onun 800 manat maaşının 35 faizi mənə, yəni ailə başçısını itirməyə görə 280 manat pensiya təyin edilib".

    Asiya.az
    xəbər verir ki, bu sözlər Qılman Kazımovun həyat yoldaşı Dilarə Kazımovanın Birinci Vitse-Prezident Mehriban Əliyevaya göndərdiyi müraciətdəndir.

    O yazır ki, həmin pensiya 01.07.2017-ci ildən 80 faizə artırılıb. "Lakin DSMF rəhbərliyi himayəmdə 3 uşağım və 3 azyaşlı nəvəm olmasına baxmayaraq, 2-ci qrup əlil kimi məni bu humanizm qayğılarından məhrum edərək, həmin artımı indiyədək verməyiblər. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, onun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etsəm də, heç bir nəticəsi olmayıb".

    Dilarə Kazımova qeyd edir ki, bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalıb və 2 il məhkəmələrdə süründürüldükdən sonra haqlı olduğunu sübut edib.

    "Ancaq Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qərarını da icra etmirlər. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2210/2019 saylı, 26 iyul 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək 01.07.2017-ci il tarixdən iddiaçı kimi mənə ailə başçısını itirməyə görə mərhum ərimin təminat xərcliyinin 80 faizi məbləğində pensiya təyin edilərək ödənilməsi və həmin dövrdən hazıradək pensiya məbləğində yaranmış fərqin (35 faiz ilə 80 faiz arasındakı fərqin) ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Göstərilən qərardan qarşı tərəf əsassız olaraq apellyasiya şikayəti və kassasiya şikayəti versə də, həmin qərar Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2321/2019 saylı, 02.10.2019-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-377/2020 saylı, 04.02.2020-ci il tarixli qərarları ilə qüvvəsində qalmışdır. Buna baxmayaraq 01.07.2017-ci ildən 01 aprel 2020-ci ilədək verilməli olan 15 000 manata yaxın pensiya pulunun mənə verilməsi təmin olunmamışdır. Bu pulun mənə tam şəkildə birdəfəyə verilməsi üçün Xüsusi Şərtlərlə Təyinat İdarəsinə 16.03.2020-ci il tarixdə ərizə ilə müraciət etməyimə baxmayaraq buna məhəl qoyulmamış, ümumiyyətlə müraciətimə cavab belə verilməmişdir".

    Müraciət edən şəxs Birinci Vitse-Prezidentdən xahiş edir ki, bu məsələdə ona köməklik göstərilsin.
    PAYLAŞ:

    Oxşar xəbərlər