“Muğan Bank” da təhlükədə - Bağlanacağı deyilir...

“Muğan Bank” da təhlükədə - Bağlanacağı deyilir...
  • Araşdırma / İqtisadiyyat

  • Azərbaycanda bank sektoru növbəti dəfə kritik duruma düşüb.

    Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bank – “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”a müvəqqəti inzibatçılar təyin edildi, daha sonra isə həmin bankların lissenziyası ləğv edilib.

    Maliyyə göstəricilərinə gəlincə, bildirilir ki, mayın 12-nə qədər olan müddətdə Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 9-nun bu ilin 1-ci rübündəki əməliyyat mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub.

    Bunlar "Günay Bank", "Bank BTB", "Naxçıvan Bank", "Bank Respublika", "Express Bank", "Xalq Bank", "Rabitəbank", "Kapital Bank" və "AFB Bank"dır.

    Ən yüksək dinamika "Günay Bank"da (3,5 dəfə), ən aşağı dinamika isə "AFB Bank"da (9,8%) qeydə alınıb.

    12 bankın - "Zıraat Bank Azərbaycan", "Azərbaycan Beynəlxalq Bankı", "Bank Avrasiya", "Yapı Kredi Bank Azərbaycan", "Bank of Baku", İran Milli Bankının Bakı filialı, "Unibank", "PAŞA Bank", "Premium Bank", "Azərbaycan Sənaye Bankı", "Azər-Türk Bank" və "Access Bank"ın isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma "Access Bank"da (90,9%), ən az azalma isə "Zıraat Bank Azərbaycan"da (2,6%) qeydə alınıb.

    3 bankın - "AGBank", "Bank VTB Azərbaycan" və Pakistan Milli Bankının Bakı filialının isə əməliyyat zərəri artıb - müvafiq olaraq 83,4%, 50,4% və 15,1%.

    1 bankın - "NBC Bank"ın isə əməliyyat zərəri azalıb - 41,7%.

    2 bank - "Muğan Bank" və "Yelo Bank" bu ilin yanvar-mart aylarında əməliyyat zərərinə uğrayıb, ötən ilin eyni dövründə əməliyyat mənfəəti əldə edib, 1 bank - "Turan Bank" isə bu ilin I rübündən əməliyyat mənfəəti ilə çıxıb, ötən ilin eyni dövründə əməliyyat zərəri ilə üzləşib. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

    Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 6-sı bu ilin I rübündə əməliyyat mənfəəti əldə etməyib.

    Bunlar Pakistan Milli Bankının Bakı filialı, "NBC Bank", "Yelo Bank", "Muğan Bank", "AGBank" və "Bank VTB Azərbaycan"dır.

    Əməliyyat zərərinin ən yüksək həddi "Bank VTB Azərbaycan"da (3 milyon 341 min manat), ən aşağı həddi isə Pakistan bankında (137 min manat) qeydə alınıb.

    Qalan 22 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (83 milyon 331 min manat), ən aşağı göstərici isə "Azər-Türk Bank"da (213 min manat) qeydə alınıb.

    Qeyd olunduğu kimi, mayın 12-nə qədər olan müddətdə 6 bank müxtəlif məbləğlərdə əməliyyat zərərinə məruz qalıb. Onlardan 2-si "NBC Bank" və "AGBank"-ın lissenziyaları artıq ləğv edilib.

    Mənfəət əldə etməyən digər bankları hansı durumgözləyir? Onların bağlanma təhlükəsi varmı?

    Asiya.az
    xəbər verri ki, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov cebhe.info-ya bildirib ki, bankın mənfəətinin olmaması onun mütləq bağlanacağını şərtləndirmir:

    “Bankın mənfətinin olmaması onun xərcinin gəlirindən çox olması deməkdir. Bank kreditlər verir, faiz gəliri əldə edir, onun bir hissəsini əmanətlər üzrə faizlərə yönəldir, nəticədə mənfət əldə edir. Mənfəətin olmaması o deməkdir ki, bankın çoxlu problemli krediti var. Həmin kreditlər üzrə banka faizlər vaxtında ödənilmir. Ola bilər ki, həmin faizlər heç zaman ödənilməyəcək, girov təminatı da pisdirsə, deməli həmin kreditlər batır. Bank yavaş-yavaş öz kapitalını da itirir, belə olan halda bu bank bağlanmalıdır. Amma bəzən elə olur ki, bank müəyyən dövr ərzində mənfəət əldə etmir. Amma gələcəkdə problemli kreditini qaytaracaq. Məsələn, bunu digər müəssisələrin üzərində də göstərmək olar. Hər hansı bir şirkət yeni layihələrə başlayır, təzə işçilər götürür, həmin dövründə onun gəlirləri az ola və mənfəəti olmaya bilər. Amma bir müddət sonra həmin müəssisə gəlirlərini artırır. Yəni müəyyən dövrdə bankın mənfəətinin olmaması onun vəziyyətinin pis olmasına dəlalət etmir, bu durum düzələ bilər”.

    Əməliyyat zərəri ilə üzləşən banklardan hansıların konkret olaraq bağlanma təhlükəsi ilə qarşılaşa biləcəyinə gəlincə, ekspert deyir ki, onların arasında Pakistan Milli Bankının Bakı filialı kiçik bankdır:

    “Bu bank uzun illərdir ki, kapital tələbini də pozur. Amma Azərbaycan və Pakistan hökumətləri arasında anlaşma var ki, həmin bankın pozuntularına görə tədbir görülməyəcək. "Yelo Bank", "Muğan Bank" və "Bank VTB Azərbaycan"nın problemli kreditləri çoxdur. Nəzərə almaq lazımdır ki, bu banklardan ikisi "Yelo Bank" və "Bank VTB Azərbaycan" Rusiya banklarıdır. Həmin bankların idarəetməsində problemlər var. Amma onların Rusiyada çox zəngin səhmdarları var, ona görə də həmin bankların bağlanma ehtimalı azdır. Həmin banklarda problem olarsa, hər an səhmdarları onlara vəsait yerləşdirə bilər. “Muğan Bank”-ın vəziyyəti hər an çətinləşə bilər, bu bankın kənardan elə bir maliyyə dəstəyi yoxdur”
    PAYLAŞ:

    Oxşar xəbərlər