Asiya.az xəbər verir ki, bu fikirləri modern.az-a Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.
Deputat bildirib ki, Ermənistan heç vaxt tək addım ata bilməyib: “Çünki Ermənistan dövləti heç bir təxribatının arxasında tək və özbaşına olmayıb”.
Məşhur Məmmədov dünən parlamentin önündə baş verən təxribat əməllərini də pisləyib:
“Dünən axşamdan etibarən on minlərlə insanın toplaşdığı nümayişlər onu göstərdi ki, Azərbaycan xalqı həqiqətən də mütəşəkkil olmağı bacarır. Təəssüf ki, əsas şüarı vətən, torpaq və cənab Prezidentdən müharibədə onların iştirak etməsi üçün icazə istənilən dinc yürüş prosesində, sonradan gənclərin bir hissəsi təxribat nəticəsində yanlış istiqamətə yönləndirildi və arzuolunmaz hadisələr baş verdi. Milli Məclisin inzibati binasına zor gücünə daxil olaraq, orada dağıntılar törətmək istəyənlərin qanuna zidd cəhdləri yalnız Azərbaycan polisinin son dərəcə təmkinli, dözümlü, eyni zamanda qətiyyətli davranışı sayəsində dəf edildi. Milli Məclis Azərbaycan vətəndaşının azad iradəsi ilə seçilmiş vəkillərin təmsil olunduğu dövlət qurumudur. Bu binanın hər daşında tariximizin izləri vardır. Millətin təmsil olunduğu dövlət qurumuna, tarixinə uzadılan əl kəsilməli, təxribatçılar qanunvericiliyə uyğun şəkildə cəzalandırılmalıdır. Azərbaycan xalqı üçün həssas olan Qarabağ məsələsində dövlət və millət birliyinə xələl gətirməyə kimsəyə izn verilməyəcək”.