Keçmiş başçı ilə bağlı ilginc iddialar... - müavinlər nələrə şərik olub?

Keçmiş başçı ilə bağlı ilginc iddialar... - müavinlər nələrə şərik olub?
  • Araşdırma / İqtisadiyyat

  • Paytaxtın Nizami rayon icra başçısı Arif Qasımovun vəzifədən azad edilməsindən sonra yol verdiyi nöqsanları, qanunsuz sərəncamları təftiş olunmaqdadır.

    Asiya.az
    bildirir ki, hüquq-mühafizə orqanları tərəfindən Nizami İH-in fəaliyyəti ilə bağlı araşdırmalar gedir.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Nizami rayonunda saldığı yaşıllıq ərazidə keçmiş icra başçısının restoran tikdirməsi də daxil olmaqla digər qanunsuz əməlləri, maliyyə maxinasiyaları araşdırılır.

    Məlumatda deyilir ki, A.Qasımovla yanaşı Nizami İH-də digər vəzifəli şəxslərin də hansı qanunsuzluqlara yol vermələri incələnir.

    İcra başçısının I müavini Qərib Məmmədov, müavin İldırım Mehdiyev, digər müavin Gülnaz İsrafilova Arif Qasımovun vaxtında hansı sərəncamlara imza atıblar, hansı özbaşınalıqlara göz yumublar, Nizami rayonunda yolların, səkilərin, yaşıllıqların satılmasında nə kimi iştirakları olub, hamısı tək-tək araşdırılmaqdadır.

    Hazırda rayona yeni icra başçısı təyin olunmayıb. Gözlənilir ki, araşdırmaların nəticəsindən sonra yeni İH rəhbəri göndəriləcək. Yeni icra başçısının isə adıçəkilən müavinlərlə işləyib-işləmək istəmədiyi sual altındadır. Bildirilir ki, A.Qasımov bütün əndazələri aşmasına görə prezidentin qəzəbinə tuş gəlib.

    Araşdırmalar zamanı aydın olub ki, Bakıda ən çox qanunsuzluq, dərəbəylik, ərazilərin, küçələrin satışı məhz nizami rayonunda A.Qasımovun dönəmində qeydə alınıb.

    Onunla yanaşı I müavin Qərib Məmmədov və müavin İldırım Mehdiyevin də məsuliyyət daşıdığı bildirilir. İddialara görə, Qərib Məmmədov, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Ramsin Abdullayev və Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Vaqif İmanov Arif Qasımovun ətəyindən bərk yapışıblar.

    Bu məmurların A.Qasımovla əlaqələri, Nizami rayonunu qarış-qarış peşkəş etmələri dosye halında araşdırılmaqdadır. Həmçinin, icra başçısının varidatına əl qoyulması prosesi gedir. Onun əmlaklarının bir qismi ilə tanış olun:

    – Bakının Nizami rayonunda yerləşən, keçmiş OMON-un binasının yanında, 30 sot torpaq sahəsinin içərisində tikilmiş “Amazon” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;

    Nizami rayonu, Elşən Süleymanov küçəsi 80-də, 8 sot torpaq sahəsinin içərisində yerləşən “Kölgə” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;

    – Nizami rayonunda yerləşən məşhur “Neolit” restoranına şərikdir. Belə ki, bu restoranın səhmlərinin 50 faizi A.Qasımova məxsusdur;

    – Nizami rayonu, Əli Vəliyev küçəsi 24-də (“Ruslan 93” kimi tanınan mağazanın arxasında) 8 nəfərin adına sənədləşdirilimiş torpaq sahəsi. Bölgüdə hər bir şəxin adına 10 sot torpaq sahəsi qeyd olunub. Bunların arasında icra başçısının qaynı və həyat yoldaşının adı da var. Ən maraqlısı isə odur ki, Arif Qasımov son vaxtlar bir çox əmlakı ilə yanaşı, sözügedən 80 sot torpaq sahəsini də satışa çıxarıb. Həmin ərazinin dəyəri təxminən 8 milyon manatdır;

    – Sabunçu rayonu, Ramana qəsəbəsində, “Şuşa şəhərciyi” adlanan ərazinin yaxınlığında 150 hektara yaxın torpaq sahəsi. Hazırda bu ərazi də satışa çıxarılıb;

    – Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində (“Xəzər” Universitetinin arxasında) əslən Şərurdan olan Elsevər adlı iş adamı ilə şərikli binalar. Hazırda bəzi binaların tikintisi davam edir. Tikintiyə icra başçısının oğlu nəzarət edir;

    – 2011-ci ildə Nizaminin Bələdiyyə sədri olduğu vaxtlar qanunsuz yolla əldə etdiyi, Şərq küçəsi 40/85-də yerləşən və 10 nəfərin adına sənədləşdirilən torpaq sahəsi. Bölgüdə hər bir vətəndaşın adına 6 sot torpaq sahəsi rəsmiləşdirilib.

    – Nizami rayonu, Şərifli küçəsi 808-ci keçiddə yerləşən qara mərmərdən üzlənmiş milyonlarla dəyəri olan villa.

    Mənbə deyir ki, bu villanın altında böyük yaşayış kompleksinin qarajı qədər geniş olan yeraltı qaraj var. Burada A.Qasımovun dəyəri milyonlarla dollar olan maşın kolleksiyası yerləşir.

    Bildirilir ki, villanın qarajında qiyməti 360 min dollar olan “Mercedes-Maybach”, 300-350 min dollarlıq “Gelendevagen Brabus”, 220 min dollarlıq “Mercedes GL”, həmçinin təxminən bu qiymətlərdə “Range Rover Sport”, “Mercedes S-klass” və s. markalı 30-a yaxın avtomobil var. Şübhə yoxdur ki, aidiyyəti qurumlar bir gün Nizaminin icra başçısının da “qapısını döyəndə” həmin qarajdakı göz oxşayan avtomobillərin hamısı üzə çıxacaq;

    – Nizami rayonunda, Vərəm Disponserinə yaxın ərzidə “Çayla” çay evi yerləşən 3 mərtəbəli bina. Çoxları həmin obyektin Rəcəb adlı şəxsə məxsus olduğunu düşünür, əslində isə icra başçısı onunla şərikdir. Üstəlik diqqətli oxucularımız ərazidən keçərkən görəcəklər ki, bu bina tikilən zaman kobud qanun pozuntusuna yol verilib. Belə ki, döngədə yerləşən bina yolun yarısını tutub.

    – Xətai rayonu, Keşlə qəsəbəsində (NZS pivə zavodunun yanında) 4-5 ədəd villa və hər birinin qarşısında da obyektlər;

    – Xızı rayonu, “6 ağac” adlanan ərazidə hektarlarla torpaq sahəsi;

    – 2011-2015-ci illərdə Siyəzən rayonunda icra başçısı işləyən dönəmdə böyük ərazidə quşçuluq ferması açıb ki, hazırda da fəaliyyət göstərir.

    Qeyd edək ki, A.Qasımov Nizaminin icra başçısı vəzifəsinə 22 sentyabr 2015-ci ildə təyin olunub. Bundan əvvəl müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi, 2011-ci ilin iyul ayınadək Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri, 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. //teref.info//
    PAYLAŞ:

    Oxşar xəbərlər