2020-ci ilin dövlət büdcəsində rekord kəsir qeydə alınıb - ŞƏRH

2020-ci ilin dövlət büdcəsində rekord kəsir qeydə alınıb - ŞƏRH
  • İqtisadiyyat

  • Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, 2020-ci ilin dövlət büdcəsində rekord məbləğdə kəsir qeydə alınıb. Ötən ilin dövlət büdcəsinin gəlirləri 24,673 milyard manat, xərcləri 26,417 milyard manat olub. Büdcənin icrası zamanı 1,744 milyard manat kəsir yaranıb.

    Asiya.az
    xatırladır ki, 1992-ci ildən indiyə qədər Azərbaycanın dövlət büdcəsinin icrası zamanı bu qədər böyük məbləğdə kəsir qeydə alınmayıb. 2020-ci ilə qədər ən böyük büdcə kəsiri 2017-ci ildə olub. Həmin ildə kəsirin məbləği 1,141 milyard manat təşkil edib.


    Ümumilikdə dövlət büdcəsinin icrası zamanı 1 milyard manatdan artıq kəsir 2017 və 2020-ci illərdə baş verib. 2019-cu ildə dövlət büdcəsinin kəsiri 205,2 milyon manat idi.

    Kəsirin yaranmasına ötən il büdcə xərclərinin kəskin artması səbəb olub. 2020-ci ildə büdcənin gəlirləri 1,9 faiz və ya 460 milyon manat artdığı halda, xərclər 8,2 faiz, yaxud 2 milyard manat artıb.

    Büdcə xərclərinin kəskin artmasına səbəb "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin Sərəncamının icrası ilə bağlıdır. Sərəncama əsasən, 2020-ci il ərzində yaranan problemlərin həll olunması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat məbləğində vəsait ayrılıb. Görülən tədbirlərlə ölkə iqtisadiyyatının tənəzzül fazasına daxil olmasının qarşısının alınması mümkün olmasa da, onun daha kəskin enişinin qarşısı alınıb. 2020-ci ildə dövlət büdcəsinin azalan gəlirləri və artan xərclərinin tarazlaşdırılması üçün 2,3 milyard manat məbləğində maliyyə təminatının formalaşdırılmasına ehtiyac yaranıb.

    Azərbaycan qanunvericiliyinə əsasən dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi dövlət borcu və digər mənbələr hesabına təmin edilir. Burada ilk növbədə daxili borclanmanın artırılması nəzərdə tutulur.

    Qeyd edək ki, Covid-19 pandemiyası əksər ölkələrdə səhiyyə və sosial xərclərin artması ilə büdcə kəsirinin nəzərəçarpacaq həcmlərdə artmasına səbəb olub. Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə institutlarının məlumatlarına əsasən 2020-ci ildən etibarən dünya ölkələrinin bir çoxu artan büdcə kəsirlərini dövlət borcu hesabına maliyyələşdirir ki, sözügedən tendensiyanın 2021-ci ildə də davam edəcəyi istisna edilmir.
    PAYLAŞ:

    Oxşar xəbərlər