"Azərbaycan şeirinin müəllifi Nəriman Həsənzadə deyil, mənəm" - AÇIQLAMA

"Azərbaycan şeirinin müəllifi Nəriman Həsənzadə deyil, mənəm" - AÇIQLAMA
  • Mədəniyyət / Asiya TV

  • "Müğənni Çinarə Məlikzadənin ifa etdiyi "Azərbaycan" mahnısının sözləri şair Nəriman Həsənzadəyə deyil, mənə aiddir".

    Asiya.az
    xəbər verir ki, bu sözləri açıqlamasında şair və tərcüməçi Sədaqət Əhmədova deyib.

    O bildirib ki, həmin şeir 2011-ci ildə onun imzası ilə mətbuatda dərc edilib: "Mən Azərbaycan şeirini 2004-cü ildə yazmışam, 2011-ci ildə isə mətbuatda yayımlanıb. Bu günlərdə müğənni Çinarə Məlikzadənin ifasında öz sözlərimi eşitdim. Təbii ki, sevindim, ancaq müəllif kimi başqa bir adın qeyd olduğunu görəndə heyrətləndim. Sözlərin müəllifi kimi sevimli xalq şairimiz Nəriman Həsənzadə göstərilirdi. Ancaq bu mənim şeirimdir".

    Sədaqət Əhmədova deyib ki, Nəriman Həsənzadə ilə əlaqə saxlayıb: "Nəriman müəllimlə əlaqə saxladım. O mənə universitetdə dərs deyib, müəllimim olub. Nəriman Həsənzadə də bildirdi ki, yanlışlıq olubsa, aradan qalxmalıdır. Təbii ki, hər müəllif yaratdığı əsərin öz adı ilə tanınmasını istəyir. Mənim də istəyim budur".

    AZXEBER.COM xalq şairi Nəriman Həsənzadə ilə əlaqə saxlayıb.

    O bildirib ki, Azərbaycana aid xeyli şeiri var: "Mənim də Azərbaycana həsr olunmuş çoxlu şeirim var. Bu şeir də mənim şeirlərimə bənzəyə bilər. Ancaq ola bilər ki, yanlışlıq olub. Mən də istərdim ki, yanlışlıq aradan qalxsın və səhv anlaşılma olmasın".

    Qeyd edək ki, sözügedən şeir ilk dəfə 2011-ci ildə Azxeber.com-da yayımlanıb.

    Sədaqət Əhmədova 500-dək şeirin müəllifidir. Müəllif həmçinin tərcüməçi kimi fəaliyyət göstərir. Ç.Abdullayev, Mario Puzo, Struqatski qardaşları və digər yazıçıların 20-dək əsəri onun tərcüməsi ilə nəşr olunub.

    Həmin şeiri təqdim edirik:

    Od ürəkli , od nəfəsli diyarımsan
    Ocağına canım qurban , Azərbaycan !
    Əzilsən də , əyilməyən vüqarımsan
    Bu çağına canım qurban , Azərbaycan !

    Savaşlardan alnıaçıq çıxan zaman
    Tarixlərə bağışladın neçə qurban.
    Hər qonşuda bir parçası əsir qalan
    Torpağına canım qurban , Azərbaycan !

    Neçə gizli sərvət yatır qucağında ,
    Neçə ölkə od aparır ocağından .
    Azadlığın al rəmzi var bayrağında
    Bayrağına canım qurban , Azərbaycan !

    Hər uğurun gələcəyə bir yol açır ,
    Hər dost elə xoş niyyətin işıq saçır .
    Hər millətə , hər məzhəbə isti , açıq
    Qucağına canım qurban , Azərbaycan !

    Başım üstdə məğrur-məğrur dalğalanan
    Bayrağına canım qurban , Azərbaycan !
    Ruhuma büt , cismim üçün vətən olan
    Torpağına canım qurban , Azərbaycan !

    PAYLAŞ:

    Oxşar xəbərlər