Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO
  • Mədəniyyət

  • 29 mart 2021-ci il tarixində Azərbaycan aşıq ədəbiyyatının klassiki Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Göyçədən Türk dünyasına” adlı virtual konfrans keçirilib.

    Asiya.az
    xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Qaçqınlar Cəmiyyəti, eləcə də, ortaq türk qurumları – Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası və TÜRKSOY-un təşkilatçılığı ilə keçirilib. Konfransın təşkilinə “Dədə Ələsgər Ocağı” İB, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, Türk Ədəbiyyatı Vəqfi, Dünya Gənc Türk Yazarlar Birliyi və ADPU-nun Quba filialı dəstək verib.

    Konfransı giriş sözü ilə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva açıb. Millət vəkili sənətkarın Azərbaycan mədəniyyətindəki yeri və mövqeyi haqqında ətraflı çıxış edib.
    “Sizləri Azərbaycanın qüdrətli söz ustadı, Azərbaycan aşıq sənətinin klassiki Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə “Göyçədən Türk dünyasına” adlı virtual konfransda xoş gördük!
    İndi iş elə gətirib, hələlik nə biləvasitə konfranslarda canlı görüşə bilmirik, nə də Göyçədə yığışa bilmirik; ancaq Aşıq Ələsgər yaradıcılığı qala bürcü kimi türk dünyasının yaxın coğrafiyasının hər yerindən, XIX, XX yüzilliklərdən boy verib görsəndiyi kimi, gələcəyin Göyçəli günlərinin ümid və inamını da özündə barındırır. Biz ümidsiz, inamsız deyilik.
    Çox şadıq ki ustadlar ustadının bu ilki yubileyi Qarabağda tarixi zəfərimizin sevinci, qüruru içində keçirilir. Düşmən üzərində tarixi zəfərdən sonrakı ilk təqvim ilimizin yanvar ayında, Şuşanı Mədəniyyət Paytaxtı, 2021-ci ili Nizami İli elan edən cənab Prezident, fevral ayında Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncam imzaladı. Bu, ümumi şəkildə mədəniyyətə köklü münasibətin, konkret halda isə epos təfəkkürünə ülvi münasibətin, xalq ruhunun təcallasıdır. Fürsədən istifadə edib, dövlət başçımıza bu önəmli qərarlarına görə, Siz mötəbər konfrans iştirakçılarımızın hüzurunda bir daha minnətdarlığımızı bildiririk.
    Konfransımız “Göyçədən Türk Dünyasına” adlanır. Bu da təsadüfi deyil; Aşıq Ələsgərin yaradıcılığının mətn-mündəricəsi, onun insana, insanlığa, cəmiyyətə, həyata, hadisələrə, dünyaya baxışını açıq göstərir və bu ad Göyçədən bütün Türk Dünyasına, sənətə doğmuş Günəşin haqqıdır.
    ...Aşıq Ələsgərin həyatı, yaradıcılığı yalnız sənətkarlıq baxımından deyil, ifadə etdiyi bir çox başqa mənalar baxımından da güncəldir, vacibdir... İlk növbədə ona görə ki Göyçə bugün siyasi-hüquqi sərhədlərimiz içində olmasa da, mədəniyət coğrafiyamıza aiddir və bizim oradakı abidələrimiz, mədəni irsimiz ya dağıdılıb ya dağılmaq üzrədir. Dünya Aşıq Ələsgərin qəbrinin nə üçün dağıdıldığını, Göyçə də daxil olmaqla, bütün Ermənistan ərazisindəki Azərbaycan, Türk-İslam mədəni irsinin nə üçün dağıdıldığını Ermənistan hökumətindən soruşmalıdır”.

    Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov qüdrətli söz ustadının həyat və yaradıcılığı, Aşıq Ələsgər irsinə dövlət qayğısı haqqında çıxış edib.
    Nazir xatırladıb ki, cənab Prezident İlham Əliyev fevralın 18-də Aşıq Ələsgərin 200 illiyinin keçirilməsi haqqında imzaladığı Sərəncama əsasən, Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinə tapşırılıb.
    Aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-mədəni irsi nümunəsi siyahısına salınmasında ölkəmizin Birinci vitse-prezidenti, UNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini xatırladan A.Kərimov, aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin yubileyi ilə bağlı konfransın əlaqədar qurumların, o cümlədən ortaq türk qurumlarının təşkilatçılığı ilə keçirilməsini alqışlayıb, konfransın işinə uğurlar arzulayıb.
    Nazir ustad aşığın sözlərinin və yaratdığı saz havalarının gələcəkdə onun doğulduğu Göyçədə yenidən səslənəcəyinə inamını ifadə edib.

    Ardınca Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva çıxış edib: “Aşıq yaradıcılığı mənimçün çox doğma mövzudur. Cənab Prezidentin Sərəncamında vurğulandığı kimi, aşıq yaradıcılığının UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
    Minnətdarlıqla qeyd etmək istərdim ki mən UNESCO üzrə Azərbaycanın Milli Komissiyasında çalışarkən çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO miqyasında görülən işlərin, o cümlədən aşıq sənəti ilə bağlı mühüm təşəbbüs, təklif və ideyaların necə həyata keçdiyinin biləvasitə şahidi olmuşam”.
    Sözünə davam edən G.Əfəndiyeva türk dünyasında el şənliklərinin, aşıq məclislərinin saz, qopuz və dombra kimi musiqi alətləri ilə açıldığının bir milli adət-ənənə olduğunu söyləyərək, rəhbərlik etdiyi Fondun “Üç ozan bir arada” konfransını planlaşdırdığını bildirib.

    Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı ANAR öz çıxışında deyib ki, Aşıq Ələsgər bizim aşıq sənətimizin ən yüksək zirvəsidir. Onun tək aşıq sənətinə yox, bütün ədəbiyyatımıza təsiri var. Bu, onun poeziyasının əyaniliyindən irəli gəlir. Dövrünün çox konkret detallarına onun şeirlərində rast gəlinir. O, sadəcə bir söz ustadı deyil, həm də bir səs ustadıdır.

    TÜRKSOY-un Baş katibi Prof.dr. Düsen Kaseinov Azərbaycan mədəniyyət-incəsənət xadimlərinin, sənət ustadlarının TÜRKSOY xətti ilə qeyd olunan və planlaşdırılan yubileyləri haqqında danışıb, özündən sonrakı türk aşıq sənətinə, ədəbiyyatına böyük təsirləri olmuş Aşıq Ələsgərin yubileyinin də TÜRKSOY-un təşkilatçılığı ilə keçirilməsindən məmnunluğunu ifadə edib, konfransın işinə uğurlar arzulayıb.

    Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Darhan Kıdırali çıxışında bildirib ki, “Türk dünyasının ulu ozanı Dədə Qorqud elə bir əsas qoyub ki, Aşıq Ələsgər kimi ardıcılları yetişib. Aşıq Ələsgər doğulub boya-başa çatdığı yer etibarı ilə də doğmadır. O, türk-sufi ədəbiyyatını daha da zənginləşdirib.
    Akademik D.Kıdırali Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı ilk tədbirin ortaq türk qurumlarının təşkilatçılığı ilə keçirilməsindən, eləcə də, Azərbaycanın uyğunprofilli qurum və quruluşları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

    Millət vəkili, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli aşığın yaradıcılığı haqqında danışarkən bildirib ki, “aşıq sənətinin XVI yüzildə Qurbanidən başlayıb XX yüzildə Aşıq Şəmşirə qədər davam edən zaman bölümündə Aşıq Ələsgər özünəməxsus zirvəni təşkil edir. O, türk dünyasında aşıq sənətini ən yüksək səviyyəyə qaldıran sənətkardır. Aşıq Ələsgər aşıq ədəbiyyatının, necə deyərlər, nizamnaməsini yaradıb. – Onun ustadnamələri həm də bir ustad dərsləridir. Bizim aşıqlar Aşıq Ələsgərin cızdığı sənət dairəsindən hələ də kənara çıxa bilməyib yaxud özlərini onun sənət dünyasında tapıblar. O, ən uzun ömürlü aşıq ədəbiyyatı məktəbinin yaradıcısıdır. Onun timsalında heca vəzni öz qanuni yerini tapıb.
    O, şair-aşıq-rəssam, mütəfəkkir-aşıq, aşıq-mütəfəkkirdir”.

    Azərbaycan Aşıqlar Birliyinin sədri, Prof.dr. Məhərrəm Qasımlı Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliği istiqamətində həyata keçirilən işlərdən bəhs edib: “Ustadlar ustadının bir çox şeirlərində ensiklopedik ənənə ifadə olunur. Aşıqlığın Qurbanidən başlayan fəlsəfi sistemi var. Azərbaycan aşıq sənətinin “sənət pasportu” olan Aşıq Ələsgərin yubiley Sərəncamı çox yerinə düşdü. Aşıq Ələsgərlə bağlı Azərbaycanda kifayət qədər işlər görülüb, indi onun beynəlxalq miqyasda təbliği əsasdır. Onun ana yurdu erməni tapdağındadır. Onun türk dünyası miqyasında təbliğinə xüsusi önəm vermək lazımdır.
    Ələsgər böyük savad sahibi olub. Dədə Ələsgər deyəndə həmişə Göyçə obrazı göz önünə gəlir. Bu xüsusi simvolik hadisədir”.

    Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Millət vəkili, Dos.dr. Əziz Ələkbərli sənətkarın yubileylərinin əvvəllər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edildiyini xatırladıb. Millət vəkili 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm qələbədən sonra Prezidentin imzaladığı Sərəncamın xüsusi hadisə olduğunu deyib: “Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsinin məntiqi davamı kimi Aşıq Ələsgərin yubileyinin keçirilməsi düşmənə bir ismarıncdır. Xalq ədəbiyyatını ehtiva edən bu Sərəncam mədəniyyətimiz sahəsində dairəni tamamladı. Bu gün Dədə Ələsgərə qayıdırıq, yaxın gələcəkdə onun yurduna qayıdacağıq. Bundan sonrakı tariximizin yazılmasına Göyçədən başlayırıq”.

    Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova, ADPU-nun Quba filialının direktoru Dos.dr. Yusif Afşar, Türk Ədəbiyyatı Vəqfinin müdiri, yazıçı-tərcüməçi, Azərbaycan ədəbiyyatının yorulmaz təbliğatçısı İmdat Avşarın çıxışlarında qeyd olunub ki, sözə möhür vurulmaz amma Aşıq Ələsgər sözə möhür vuran sənətkardır. Ermənilər yalnız insanların deyil, həm də mədəniyyətin soyqırımını edir – Ələsgərin yurdunda da bunu ediblər.
    Çıxışlarda qüdrətli söz ustadının seçmə şeirlərinin çapa hazırlandığı da bildirilib.

    “Onlayn” konfrans Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalının aparıcılığı ilə baş tutub.
    Konfransda Aşıq Ələsgərin yaradıcı fəaliyyətinin müxtəlif istiqamətləri ilə bağlı filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Salim (“Aşıq Ələsgər irfan şairi kimi: Aşıqığın yaradıcılığında Azərbaycan sufizminin ifadəsi”), ADPU-nun baş müəllimi, ələsgərşünas Fərzalı Rüstəmli (“Aşıq Ələsgər yaradıcılığında gözəllik fəlsəfəsi”) məruzə ilə çıxış edib.

    Tanınmış aşıqlar Bəhmən GöyçəliSamirə Əliyeva Aşıq Ələsgərin “Yaylaq”, “Gözələ” şeirlərini sazda müvafiq olaraq “Şahsevəni” və “Baş müxəmməs” havaları üstə ifa edib.

    Sonda yenidən MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Dədə Ələsgər Ocağı” İB Təşkilat Komitəsinin sədri Xətai Ələsgər bağlanış sözü söyləyərək, iştirakçılara və dəstək olan hər kəsə təşəkkürlərini bildirib.
    Q.Paşayeva dünya azərbaycanlılarını, türk diaspor təşkilatlarını Göyçədəki, indi Ermənistan adlanan digər tarixi Azərbaycan torpaqlarındakı mədəniyyət abidələrinə qarşı erməni vandalizmi ilə bağlı dünya ictimaiyyətini bilgiləndirməyə çağırıb: “Dünyanın hər yerində yaşayan soydaşlarımızı, Türk Diaspor təşkilatlarını Aşıq Ələsgərin məzarı da daxil olmaqla Göyçədə, ümumilikdə indi Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarında ermənilərin qəbirsanlıqlarımıza, tarixi-mədəni abidələrimizə qarşı törətdiyi vandalizm aktlarını dünya birliyinə geniş duyurmağa çağırırıq. İnanırıq ki, onlar bu işdə fəallıqlarını daha da artıracaq”.
    Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO
    Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO
    Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO
    Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO
    Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş konfrans keçirilib - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər