Millət vəkili Azad Yaşarı yubileyi münasibəti ilə təbrik etdi

Millət vəkili Azad Yaşarı yubileyi münasibəti ilə təbrik etdi
  • Mədəniyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şair-tərcüməçi, publisist, xəttat və memar Azad Yaşarla Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az
    xəbər verir ki, millət vəkili onu 60 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

    "Hörmətli Azad müəllim,
    Sizi – çoxşaxəli yaradıcılıq özkeçmişinə malik aydınımızı 60 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm! Siz şair, tərcüməçi, publisist, xəttat və memar olaraq bir çox yaradıcılıq layihələrinə, uğurlu işlərə imza atmısız.
    Sizin “azadyashar.com” ünvanlı saytınız oxucularla daimi, necə deyərlər, interaktiv təmasınızı təmin edir.
    Siz ali təhsilinizi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsində almısız. Əli Bayramlı (indiki Şirvan) şəhərində baş memar, baş rəssam və zavodda dizayn qrupunun rəhbəri vəzifələrində işləmisiz; habelə 1993-2001-ci illərdə Rusiyada fəaliyyət göstərən türk inşaat firmasında memar vəzifələrində çalışmısız.
    Şirvanda sizin layihələr əsasında, şəhərin Bakı və Salyan səmtdəki giriş-çıxış meydan-kompleksləri və bir neçə inzibati bina tikilib. Ötən yüzilin 80-ci illərinin sonlarında siz, bu şəhərdəki 2 məscidin layihəsini hazırlayıb, onların tikintisində yaxından iştirak etmisiz. Bir neçə il memar kimi çalışdığınız Şirvan Xətti-İstismar İdarəsində sizin iştirakınızla layihələndirilən ikisəviyyəli yol qovşaqları, şəhər və rayonlarda giriş meydanları, yolüstü kiçik memarlıq obyektləri də imzanızı daşıyır.
    Siz dizayn sahəsində də fəaliyyətinizi davam etdirirsiz. Ötən on ildə imza atdığınız bir sıra loqo, loqotip, kitab qrafikası örnəkləri və dizayn əsərləriniz sənətsevərlərin marağına səbəb olub.

    Orijinal xəttatlıq (kalliqrafiya) kompozisiyalarınızla Azərbaycanda keçirilən üç böyük sərgiyə qatılıbsız. “Allahu-əkbər” adlı kufi xətli orijinal kompozisiyanız uşaqlar üçün “Azərbaycan incəsənəti” ensiklopediyasının (2011) “Xəttatlıq” bölümündə yer alıb.
    Doğma ixtisasla yanaşı, 1976-cı ildən bədii yaradıcılıqla və tərcümə işi ilə ardıcıl məşğul olursuz. “Gözlərimin günahı” adlı ilk mətbu şeiriniz 1980-ci ildə “İnşaatçı” qəzetində çap olunub. On dilə (ingilis, alman, rus, türk, ukrayna, gürcü, bolqar, özbək, qırğız və moldova) çevrilən şeirləriniz Moskvada, İstanbulda, Kiyevdə, Tiflisdə və Bişkekdə çıxan aparıcı ədəbi-bədii jurnallarda gün üzü görüb.
    Siz dünya ədəbiyyatını təmsil edən 800-ə yaxın yazarın ən müxtəlif janrlardakı əsərlərini uğurla dilimizə çevirmisiz. Bunların təxminən yarısı ilə Azərbaycan oxucusu ilk dəfə tanış olub.

    Siz 2002-2004-cü illərdə “Space” TV-də yayınlanan “Gecə kanalı” proqramının bədii redaktoru, 2004-2016-cı illərdə isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbu orqanı “Pensiyaçı” qəzetinin baş redaktoru, 2016-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sosial həyat” jurnalının məsul katibi olmusuz.

    Sizi 60 illik yubileyiniz münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm"!

    Q.Paşayeva yubilyara Təbrik Məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

    Yubilyar səmimi görüş və təbrik üçün Komitə sədrinə təşəkkür edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər