AsiyaTV xəbər verir ki, Masallı rayon Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində Masallı Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, şəhidin ailə üzvləri iştirak edib.
Əvvəlcə torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Nur" studiyası və Masallı Regional Mədəniyyət İdarəsi N.Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin birgə layihəsi çərçivəsində hazırlanan sənədli filmin ssenari müəllifi və quruluşçu rejissoru Faiq Mirzə, operatoru Elsevər Əliyevdir.
Filmdə Famil Əlizadənin həyatı və şərəfli döyüş yolu barədə şəhidin ailə üzvləri, yaxınları, ziyalılar öz xatirələrini bölüşüblər.
Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, şəhidin atası Habil Rəhimov film haqqında xoş fikir və təəssüratlarını, eləcə də filmin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə minnətdarlıqlarını bildiriblər.