Şəhidimizin doğum günüdür - İbrahim Lələyev 25 yaşını qeyd edəcəkdi

Şəhidimizin doğum günüdür - İbrahim Lələyev 25 yaşını qeyd edəcəkdi
  • Hərb / Manşet

  • Bu gün şəhid İbrahim Lələyevin doğum günüdür. Onun 25 yaşı onsuz qeyd olunur.

    Asiya.az
    xəbər verir ki, İbrahim 1996-cı il 25 avqustunda Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 2002-2014-cü illərdə E. Ağayev adına Hişkədərə kənd tam orta məktəbində təhsil alıb.

    İ.Lələyev 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşıb.

    Azərbaycan ordusunun əsgəri olan İbrahim Lələyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İbrahim Lələyev oktyabrın 8-də Füzuli şəhəri uğrunda aparılan döyüşlər zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən İbrahim Lələyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

    Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamına əsasən İbrahim Lələyev "Cəsur döyüşçü” medalı ilə təltif edildi.

    Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

    Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər