Kababı, kolbasanı, pivəni süfrəsindən yığışdıran Merkel – Birincilərin menyusu

Kababı, kolbasanı, pivəni süfrəsindən yığışdıran Merkel – Birincilərin menyusu
  • Maraqlı / Cəmiyyət

  • “Birincilərin menyusu” silsiləsindən növbəti yazı Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel haqqındadır.

    67 yaşlı siyasətçi xanımın səhhətində son illər bəzi problemlər üzə çıxsa da o, ümumilikdə sağlamlığından şikayətçi deyil. Angela Merkel əvvəllər öz qida rasionuna çox da həssaslıqla yanaşmayıb. Bəlkə də elə buna görə 16 il kansler vəzifəsini daşıyan Merkelin orqanizmində problemlər baş qaldırıb. Yəqin ki, bu hadisədən sonra sağlamlıq üçün düzgün qidalanmanın vacib və zəruri olduğunu anlayan kansler qida rasionunda dəyişiklik edib. Hətta Angela Merkel kansler olaraq əhaliyə müraciətində də dəfələrlə sağlam həyat tərzi və sağlam qidanı təbliğ edib.

    Sadə həyat tərzinə üstünlük verən Angela Merkel siyasətdə olduğu kimi, mətbəxdə də mükəmməldir. Qeyd edək ki, Almaniya Kanslerinin mətbəxi bəzi həmkarları kimi böyük, dəbdəbəli, bir neçə aşpazın işlədiyi mətbəxlərdən deyil. Belə ki, Merkel iqamətgahda yox, Berlinin mərkəzində yerləşən çoxmərtəbəli binada özünə məxsus olan şəxsi mənzilində yaşayır. Ümumiyyətlə, Angela Merkel kansler kimi ona düşən güzəşt və imtiyazlardan minimum istifadə edir.
    Kababı, kolbasanı, pivəni süfrəsindən yığışdıran Merkel – Birincilərin menyusu
    Sözsüz ki, vaxt məhdudiyyətinə görə Almaniya kanslerinin yeməklərini aşpaz hazırlayır. Amma o, asudə vaxtlarında, istirahət günlərində öz mətbəxinə özü sahib olur. Xüsusilə dostları və rəfiqələri kanslerin evinə qonaq gələndə, Merkel onları öz məhsullarına, özü hazırladığı təamlara qonaq edir.
    Angela Merkel çox az sayda olan dövlət başçılarından biridir ki, o, jurnalistlər qarşısında öz qida rasionu, mətbəxi haqqında həvəslə danışır.

    Maraqlıdır, dünya siyasətçiləri arasında xüsusi çəkisi olan xanım siyasətçi hansı ərzaqlara və yeməklərə üstünlük verir?
    Qeyd edək ki, Angela Merkel vaxt imkanı olanda marketlərdə özü alış-veriş edir. O, adətən bazarlığa şəxsi “Volkswagen Golf” avtomobili ilə gedir. Bu “alver” zamanı Almaniya kansleri sıravi vətəndaşlardan heç nə ilə fərqlənmir. O da hamı kimi ərzaq seçimi edir, aldığı məhsullarım üstündəki yazıları oxuyur və hamı kimi kassaya pul ödəyir.
    Angela Merkel səhərlərini nanəli çayla başlayır. O, bunu belə izah edir ki, səhər bir stəkan nanəli çay içmək gün ərzində insanın əsəblərini sakit saxlayır, sinir sisteminə müsbət təsir göstərir.
    Kababı, kolbasanı, pivəni süfrəsindən yığışdıran Merkel – Birincilərin menyusu
    Ət məhsullarından daha çox balıq növlərinə üstünlük verən Merkelin menyusunda dəniz məhsulları xüsusi yer tutur.
    Milli mətbəxdən çox da kənara çıxmağı xoşlamayan kanslerin ən çox sevdiyi yeməklərdən biri kartof şorbasıdır. Xüsusilə bu şorbanı özü hazırlayanda kansler özünü peşəkar aşpaz sayır.

    Angela Merkelin sevdiyi təamlar arasında donuz ətindən hazırlanmış kolbasa, sosiska, sendviç, pendir növləri xüsusi yer tutur.

    Kanslerin menyusunda kabab da yer alır. Angela Merkel kababı xoşladığından onu menyuya tez-tez əlavə edirlər. Kansler kababı xüsusilə tünd əhvallarla yeməyi xoşlayır.
    Angela Merkelin mətbəx “məharəti” özünü təkcə xörəklərdə deyil, həm də şirniyyat məhsullarında da göstərir. Onun bişirdiyi albalı piroqu dostlarının arasında məşhurdur.
    Kababı, kolbasanı, pivəni süfrəsindən yığışdıran Merkel – Birincilərin menyusu
    Alkoqollu içkilərdən Angela Merkel şəraba üstünlük verir. Pivədən isə heç vaxt imtina etmir. Hətta kütləvi xalq tədbirlərində kansler sıravilər arasında özünü pivə həzzindən məhrum etmir.
    Almaniya kansleri son illərdə menyusunu xeyli ixtisar edib. Çəki alacağından ehtiyat edən Angela Merkel hazırda əsasən meyvələr və tərəvəzlərdən hazırlanmış salatlara üstünlük verir.

    Angela Merkel qəbul etdiyi kaloriləri “xərcləmək” üçün piyada gəzintiyə və xizək sürməyə mütləq şəkildə vaxt ayırır.
    Kababı, kolbasanı, pivəni süfrəsindən yığışdıran Merkel – Birincilərin menyusu
    Hazırda öz ölkəsində sağlam həyat tərzinin və sağlam qidanın təbliğatçısı kimi tanınan Almaniya kansleri özünü bu sahədə nümunəvi şəxs kimi təqdim edir. Hələ nazir olduğu dövrdə gündə bir qutu siqaret çəkən Merkel bu zərərli vərdişini də çoxdan tərgidib.
    Sözsüz ki, hansısa bir dövlət başçısının sağlam həyat tərzini təbliğ etməsi təqdirəlayiq haldır. Özlərinin buna əməl etməsi isə daha vacibdir. Çünki onlar təkcə özlərinə deyil, həm də bütöv bir xalqın, dövlətin taleyinə də cavabdehlik daşıyırlar. Digər bir tərəfdən isə, ümid etmək olar ki, sağlam həyat tərzi sürən dövlət başçısının siyasəti də sağlam olar, sülhə, əmin-amanlığa xidmət edər.

    İlham Cəmiloğlu, Musavat.com
    PAYLAŞ:

    Oxşar xəbərlər