Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər davamlı olaraq görülür

Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər davamlı olaraq görülür
  • Hərb

  • Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqının Vətən müharibəsində qazandığı ən mühüm, tarixi nailiyyətlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. İqtisadi inkişaf mərhələsinin vacib amili olan Zəngəzur dəhlizi türk dünyası ölkələrinin iqtisadi birliyi üçün yeni imkanlar yaradacaq, region ölkələrinin maraqlarına tam cavab verərək regionda nəqliyyat kommunikasiyalarının açılması ilə qarşılıqlı dialoq, etimad mühiti formalaşdıracaq. Bu strateji yol Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaratmaqla yanaşı, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək.

    10 Noyabr tarixli bəyanatın şərtinə əsasən eni 5 km olan Zəngəzur dəhlizi həm Türkiyə Cümhuriyyətinin, həm də İran İslam Respublikasının birbaşa, maneəsiz, qısa yolla, az vaxt ərzində Azərbaycana və Xəzər dənizi vasitəsilə Orta Asiya respublikalarına çıxışını təmin edəcəkdir. Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycanda, bütün türk dünyasında yeni bir mərhələnin başlanğıcını qoyacaq, Avropa ilə Asiyanı bağlayacaq əsas xətt türk dünyası arasında yaranmış körpü olacaqdır. Bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq Zəngəzur dəhlizindən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaq. Elə Ermənistan üçün də. Bu yol bütovlükdə regionun siyasi, iqtisadi mənzərəsini dəyişəcək, regionda inteqrasiyanı təmin edəcək və iqtisadi baxımdan bu yoldan istifadə edən bütün tərəflərə real iqtisadi dividendlər gətirəcək. Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsində mühüm yeniliklər yaradacaq. Bu baxımdan ölkə başçımızın dediyi kimi, Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir.
    İnşa edilən Füzuli-Horadiz-Ağbənd yolu nəqliyyat kommunikasiyasını Zəngəzura qədər gətirib çıxaracaq ki, sonrakı mərhələdə dəhlizdən keçən ərazidə də yeni dəmir yolu və avtomobil yolunun inşasına başlanacaq.

    Zəngəzur dəhlizinin açılması ilə təcrid şəraitindən azad olunaraq ölkə iqtisadiyyatına tam inteqrasiya edə biləcək Naxçıvan həm də hərtərəfli iqtisadi inkişafa nail olacaq, uzun illər blokadada olmuş muxtar respublika blokadadan çıxacaq. Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə, Çin, Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq. Bu da Türk dünyasının birləşməsi deməkdir. Nəticədə Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu ilə yanaşı, Naxçıvan vasitəsilə də Türkiyə üzərindən Avropaya çıxışı olacaq.

    Artıq Naxçıvanı Azərbaycana birləşdirəcək avtomobil yolu bu ilin sonunda yekunlaşdırılacaq ki, bundan sonra dəmir yolunun inşasına başlanılacaq. Dəmir yol xəttinin təkcə iqtisadi tərəfdən deyil, həm də siyasi-mənəvi təsiri də böyük olacaq, türk dünyasında ölkələr arasında əlaqələrin genişlənməsi, iqtisadi əməkdaşlığın daha da sürətlənməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edəcəkdir. Naxçıvan - Qars dəmir yolunun tikintisi hər iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə, bərpa olunmasına, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkilinə imkan verəcək ki, bununla da Naxçıvan regional nəqliyyat sisteminin əsas subyektinə çevriləcəkdir.
    Türkiyənin Azərbaycanla nəqliyyat əlaqələrinin daha da genişlənməsi təkcə iqtisadi deyil, həm də regionun təhlükəsizliyini və sabitliyini artırır. Bütün bunlar hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına da zəmin yaradır.

    Dünya ölkələri müxtəlif marşrutlar əldə etmək üçün iqtisadi və siyasi mübarizə aparırlar. Çünki yüklər hansı ölkənin ərazisindən keçirsə, o ölkə tranzit ərazi olaraq gəlir əldə edir. Azərbaycanın da vaxtında icra etdiyi nəhəng infrastruktur layihələr sayəsində regionun tranzit xəritəsi xeyli dəyişib. Belə ki, Çindən Türkiyəyə yükdaşımaların müddəti 1 aydan 12 günə enmişdir. Zəngəzur yolunun fəaliyyətə başlaması isə Azərbaycanla Türkiyə arasındaki məsafəni daha 400 kilometr qısaldacaqdır.
    Dəhlizin iqtisadi əhəmiyyəti ilə yanaşı, onun reallaşması bölgədə sülh və təhlükəsizliyin qorunub saxlanmasına da töhfə verəcəkdir. Region üçün sülhün, sabitliyin, inteqrasiyanın qarantına çevriləcək Zəngəzur dəhlizi türk dünyasının birliyini gücləndirməklə yanaşı, regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa ilə Asiyanın daha sıx birləşməsinə, bu məsələdə regionun geosiyasi əhəmiyyətinin artmasına səbəb olacaq, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcəkdir.

    Ayna Əliyeva,
    Salyan rayon Arbatan kənd tam orta məktəbin müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər