Asiya.az xəbər verir ki, bu fikirləri XezerNews.az-a Əməkdar artist, xanəndə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasının müəllimi Ruzə İbişova bildirib.
R.İbişova vurğulaib ki, "Canəli müəllimin ADMİU-də rəhbərlik etdiyi muğam sənəti kafedrasında 2007-ci ildən müəllim olaraq çalışıram: "Mənim pedaqoq kimi yetişməyimdə Canəli Əkbərovun zəhməti danılmazdır. O, hamımıza qarşı diqqətli idi. Xeyir-şər adamı idi. Kollektivin şad günlərində bir ağsaqqal olaraq iştirak edirdi. Təhsil aldığım Asəf Zeynallı adına Musiqi Texnikumu və Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında ustadlarım mərhum sənətkarlar Nəriman Əliyev, İslam Rzayev olsa da, Canəli Əkbərovu həmişə özümə müəllim sanmışam. Mənim həyat yoldaşım, əslən Masallıdan olduğu üçün mənə "gəlinim" - deyə müraciət edirdi. Onunla birgə oxuduğumuz duetlər bu gün AzTV-nin fondunda saxlanılır".