“Tokio-2020”-nin çempionu Vəli İsrafilov Masallıda - FOTOLAR

“Tokio-2020”-nin çempionu Vəli İsrafilov Masallıda - FOTOLAR
  • Manşet / İdman

  • Masallıda rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, rayon gənclər və idman idarəsi, Masallı Regional Mədəniyyət İdarəsi, “Gənclər evi” sosial xidmət müəssisəsinin nümayəndələrinin iştirakı ilə “Tokio-2020” Yay Paralimpiya Oyunlarının çempionu Vəli İsrafilov böyük coşqu ilə qarşılanıb.

     

    Asiya.az xəbər verir ki, şəhərin “Bayraq Meydanı” adlanan ərazisində rayon ictimaiyyəti tərəfindən gül-çiçək və hədiyyələrlə, eləcə də incəsənət ustalarının, “Halay” folklor ansamblının qələbə müjdəli nəğmələri ilə qarşılanan çempion Masallı Olimpiya-İdman Komleksində olub, burada idmançılar üçün yaradılmış şəraitlə tanış olub.

     

    Rayonun Heydər Əliyev parkında Ulu Öndərin abidəsi ziyarət edilib.

    Çempion Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatını və siyasi fəaliyyətini əks etdirən tarixi materiallarla tanış olub.

     

    Sonra Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çempion və onun valideynləri ilə görüşüb.

     

    Görüş zamanı rayon rəhbəri bildirib ki, təməli Ulu Öndər tərəfindən qoyulan və bu gün Möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan hazırda dünyanın qabaqcıl idman ölkələrindən biridir.

     

    XVI Yay Paralimpiya Oyunlarının qızıl medalçısına Masallı sakinləri adından xoş sözlərini çatdıran RİH başçısı Şahin Məmmədov bundan sonra da Vəlinin ən mötəbər beynəlxalq yarışlarda üçrəngli bayrağımızı yüksəklərə qaldıracağına, himnimizin səsləndirilməsinə nail olacğına əminliyini ifadə edib: ”Arzu edirəm ki, daha yeni nominasiyalar üzrə rekordlara imza atasan, 19 yaşında layiq olduğun 1-ci dərəcəli ”Vətənə xidmətə görə” ordenini tezliklə “Şöhrət” ordeninə çevirəsən...”

     

    Çempionun qayğıları ilə maraqlanan İcra başçısı ona bəzi tövsiyələrini verib, növbəti yarışlarda uğurlar arzulayıb.

    Çempion Vəli İsrafilov və atası Rəşadət İsrafilov ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

     

    Məlumat üçün bildirək ki, İsrafilov Vəli Rəşadət oğlu 18 oktyabr 2002-ci ildə Rusiya Federasiyasının Tumen vilayətində anadan olub

     

    2006-cı ildə ailəsi ilə birlikdə doğma yurdu Masallı rayonunun Köhnə Alvadı kəndinə qayıdıb 

    2008-ci il ildə Masallı şəhər “Dəfinə” məktəb-liseyinin 1-ci sinifinə daxil olub, sonradan isə orta təhsilini B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbində davam etdirərək 11-ci sinifi bitirib. 2019-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin Elektrotexnika və Energetika fakültəsinə daxil olub, hazırda üçüncü kurs tələbəsidir.

     

    İsrafilov Vəli Rəşadət oğlu uşaqlıq illərindən idmanın üzgüçülük növü ilə məşğul olmağa başlamışdır. Artıq 10 yaşında olarkən dəfələrlə Bakı şəhərində keçirilən birinciliklərin qalibi adına layiq görülmüş və Milli komandanın məşqçilərinin rəğbətini qazanmışdır. 12 yaşında artıq idman ustalığına namizəd olmuş və Milli komandaya cəlb edilmişdir. İsrafilov Vəli Rəşadət oğlunun az yaşı olmasına baxmayaraq dəfələrlə Beynəlxalq yarışlarda uğurla çıxış etmişdir. Serbiya, Slovakiya, Macarıstan, Türkiyə və s. ölkələrdə keçirilən yarışlarda dəfələrlə Azərbaycan Respublikasının üçrəngli bayrağını uca zirvələrdə dalğalandırmışdır.

    Vəli İsrafilov 2016-ci ildə keçirilən IV İslam Həmrəylik Oyunlarına lisenziya qazanmış və yarışda iştrak edən ən kiçik yaşlı idmançı olmuşdur. Bu yarışlarda yarımfinala qədər yüksəlmiş və sonda 11-ci yerdə qərarlaşmışdır.

     

    Vəli Rəşadət oğlu 15 yaşında İdman ustası normativini doldurmuşdur. O, Milli Olimpiya komandası ilə yanaşı həm də Milli Paralimpiya komandasının üzvüdür.

    2019-cu ildə Vəli Londonda keçirilən üzgüçülük üzrə Dünya Çempionatında III yerə layiq görülmüş və Tokioda keçirilən Paralimpiya Oyunlarına lisenziya qazanmışdır.

     

    Vəli İsrafilov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb. O, 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında 1 dəqiqə 04.86 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb və paralimpiya rekorduna imza atıb. 19 yaşlı Vəli ölkəmizin ən gənc paralimpiya çempionudur.



    PAYLAŞ:

    Oxşar xəbərlər