Şişirdilmiş xərc, qalmaqallı tender, qeyri-şəffaflıq: – “Dövlət qurumları hesabatlarda bunları gizlədir”

Şişirdilmiş xərc, qalmaqallı tender, qeyri-şəffaflıq: – “Dövlət qurumları hesabatlarda bunları gizlədir”
  • Araşdırma / İqtisadiyyat

  • «Azəristiliktəchizat» ASC 2020-ci il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında yarımçıq hesabatını açıqlayıb.

    Rəsmi açıqlanan yarımçıq hesabatda qurumun gəlir və xərcləri, eləcə də mənfəət və zərəri barədə heç bir məlumat yoxdur. Bütünlüklə dövlət tərəfindən maliyyələşən və təqribən 188 milyon manatlıq aktivləri idarə edən təşkilatın maliyyə fəaliyyətinin mühüm məqamları ictimaiyyətə açıqlanmayıb. Açıqlanan yarımçıq hesabata gəlincə, sənədə əsasən, 2020-ci ildə «Azəristiliktəchizat» ASC-nin aktivləri 235 min manat azalaraq 187 milyon 617,5 min manata enib. Bu dövrdə təşkilatın torpaq, tikili və avadanlıqlarının ümumi dəyəri 157 milyon manatdan 153 milyon manata enib, pul vəsaitləri 1,6 milyon manat azalıb, debitor borcları isə təqribən 4 milyon manat artıb.
    Qeyd edək ki, “Azəristiliktəchizat” ASC-nin vəzifəsi Bakı şəhərində, regionlarda yaşayış evlərinin, binaların, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin etməkdən ibarətdir. Ümumiyyətlə, son vaxtlar bir sıra qurumlar hesabatlarını ya gizli saxlayır, yaxud yarımçıq təqdim edir və bunun əsas səbəbi isə qurumlar tərəfindən açıqlanmır.
    Bəs qurumları hesabatları gizli saxlamağa vadar edən əsas səbəblər nədir?

    İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə mövcud vəziyyətlə bağlı deyib ki, bu, dövlət müəssisələrinə və şirkətlərinə xas olan bir xüsusiyyətdir:

    “Gəlir və xərclərlə bağlı yarımçıq və yaxud da mənzərəni tam, aydın şəkildə görməyə imkan verməyən məlumatların açıqlanması adi hal alıb. Bunun əsas səbəbi xərclər hissəsi ilə bağlıdır. Gəlir hissəsində bəzən problem olmur. Çünki məlum tariflər var və həmin tariflərə uyğun olaraq əhalindən, yaxud kommersiya müəssisələrindən yığılan vəsaitin həcmi məlum olur. Yəni ya borc, yaxud da yığılmış vəsait şəklində onların balansında görünür. “Azəristiliktəchizat”a əsasən, dövlət müəssisələrinin borcu olur. Məktəblərin, xəstəxanaların, yaxud digər dövlət müəssislərinin ödənişlərində gecikmələr var. Əhali ilə bağlı belə gecikmələr daha azdır.

    Əhali qrupuna aid olan hissədə daha aydın şəkildə satış, göstərilən xidmətə görə onlardan toplana biləcək vəsaitin həcmi də görünür. Yəni gəlir hissəsində problem çox vaxt müşahidə edilmir. Xərclərin şişirdilməsi, satınalmaların qeyri-şəffaf olması, satınalmalar vaxtı tenderlərin qanunvericiliyə uyğun olaraq keçirilməməsi kimi problemlər nəticə etibarilə onların ziyanla işləməsinin əsas səbəbidir. Bu səbəbi gizlətmək, məsələləri daha şəffaf şəkildə elan etməmək, müzakirələrdən kənarda saxlamaq dövlət müəssisələrinin qeyri-şəffaf şəkildə, yaxud yarımçıq şəkildə hesabatlarını açıqlamasının əsas səbəbidir. Xərc hissəsində, satınalmalarla bağlı problemlər olması ilə bağlı olaraq çox vaxt bu rəqəmləri gizli saxlamağa çalışırlar”.
    PAYLAŞ:

    Oxşar xəbərlər