Viləşçay su anbarının II növbəsinin tikintisi planlaşdırılır

Viləşçay su anbarının II növbəsinin tikintisi planlaşdırılır
  • Sosial / Manşet

  • Su təminatının yaxşılaşdırılması üçün ölkə ərazisində işlər davam etdirilir.

    Asiya.az
    xəbər verir ki, növbəti suvarma mövsümünə hazırlıqla paralel olaraq yaşayış məntəqələrinin su altında qalmaması üçün, digər rayonlarda olduğu kimi Masallıda da tədbirlər görülür. Həmçinin Viləşçay su anbarının faydalı həcminin artırılması məqsədilə II növbəsinin tikilməsi nəzərdə tutulub.

    Masallıda bu il aprel ayında başlayan suvarma mövsümü artıq başa çatıb. Rayonun əsas su mənbəyi olan Viləşçay su anbarı mövsüm ərzində 9892 hektar əkin sahəsini suvarma suyu ilə təmin edib. Qarğıdalı, tərəvəz, bostan, taxıl və tütün sahələrindən əlavə 250 hektarlıq çəltik sahələrinin də suya tələbatı ödənilib.

    Suvarma mövsümü başa çatdıqdan sonra Viləşçay su anbarının hidrotexniki qurğularında gələn ilə hazırlıq işləri aparılır. Növbəti ildə qəzaların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülür.

    Bəndlərin, stansiya və hidrotexniki qurğuların sazlığı diqqətdə saxlanılır, sel və daşqın sularının maneəsiz ötürülməsi üçün selötürücü kanallarda təmizləmə işləri həyata keçirilir, dambalar möhkəmləndirilir. Hazırda Göytəpəçayda lildən təmizlənmə işləri aparılır. Çayın Təklə, Yeddioymaq və Şıxlar kəndlərindən keçən hissələrində qapalı boru kəmərində əsaslı təmir işləri gedir.

    Viləşçay su anbarı istismar idarəsinin 20 nəfərə yaxın işçi qüvvəsi sözügedən ərazilərdə görülən işləri ilin axırına kimi təhvil verəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər