Qənirə Paşayeva Əməkdar rəssam Rais Rəsulzadəni təbrik etdi

Qənirə Paşayeva Əməkdar rəssam Rais Rəsulzadəni təbrik etdi
  • Mədəniyyət

  • Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın Əməkdar rəssamı, Rəssamlar İttifaqının tanınmış üzvü Rais Rəsulzadə ilə görüşüb, onu 75 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

    “Hörmətli Rais bəy, Sizi, öz gözəl əsərləri ilə təsviri incəsənətimizi zənginləşdirən dəyərli sənətkarımızı, Azərbaycanın Əməkdar rəssamını 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm! Müxtəlif janrlarda olan sənət əsərləriniz çox olsa da, Siz əsasən mənzərəyə üstünlük vermisiz; yaradıcılığınızda doğma Azərbaycanın təbiət gözəllikləri özəl yer tutur. Siz ölkəmizi öz əsərləriniz vasitəsi ilə məhəbbət, doğmalıq və istedadla tərənnüm və təbliğ edirsiz. Siz pedaqoji fəaliyyətlə də məşğul olmuş, sənətin sirlərini gənc nəslə sevə-sevə öyrətmisiz. Sizin əsərləriniz Kubada (1980), Əfqanıstanda (1980–1981), Polşada (1988), ABŞ-da (Hyuston-1989) və b. ölkələrdə nümayiş etdirilib. Son illərdə Azərbaycan incəsə­nə­tinin Bakıda, Moskvada, İstanbulda açılmış “Payız”, “Yaz”, “Novruz” sərgilərində, 1990-cı ildə “Yanvar-90” və akvarel və b. sərgilərində əsərləriniz nümayiş etdirilib. 1994-cü ildə Bakı şəhərində Sizin birinci, 1995-ci ildə ikinci fərdi sərginiz açılıb. Sizin 800-dən çox sənət əsəriniz vardır. Ümumən respublikamızda və xarici ölkələrdə təşkil olunmuş bir çox sərgidə, o cümlədən 2000–2001-ci illərdə “Sənətdə təmayüllər” və “İncəsənət və neft səltənətində” tematik bədii sərgilərdə, 2001-ci ilin dekabr ayında “Mənzərə” bədii sərgisində, 2002-ci ilin martında “XXI əsr– yeni əsərlər”, 2002-ci ilin noyabrında “Naturmort”, 2003-cü ildə “Bakı, İçərişəhər”, “Təsviri sənətdə qadın obrazı”, “Gül aləmində”, 2004-cü ildə “İnteryerdə natürmort” və digər sərgilərdə uğurla iştirak etmisiz. Əsərləriniz Azərbaycanla yanaşı bir sıra başqa ölkələrin şəkil qalereyalarında saxlanılır.
    Sizi 75 ilik yubileyiniz münasibəti ilə Milli Məclisin Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

    Komitə sədri hələ televiziyada çalışdığı illərdə “Apreldən əvvəl May” sənədli filminin çəkilişində yaxından əməkdaşlıq etdiklərini, habelə rəssamın Bakı Media Mərkəzinin istehsalı olan “Son iclas” sənədli filmində babasının yaşlı vaxtını uğurla canlandırdığını xatırladaraq Cümhuriyyət qurucularının varisləri ilə hər bir görüşün ona özünəməxsus duyğular bəxş etdiyini bildirib. Xalq Cümhuriyyətinin 1920-ci ildə o dövrün ağır şərtləri içində süqut etməsinə baxmayaraq, Yaxın Şərqin ilk demorkatik cümhuriyyətinin qədirbilən xalqımızın yaddaşından silinmədiyini deyən Q.Paşayeva bugünkü müstəqil Azərbaycan dövlətinin varlığının və qalib ölkə olmağımızın cümhuriyyət qurucularının ruhunu şad edən böyük hadisənin isbatı kimi qiymətləndirib. XX yüzilliyin sonlarında yenidən göy üzünə qaldırılan üçrəngli müqəddəs bayrağımızın əbədiyaşarlığı üçün dövlətimizin, şəxsən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gördüyü böyük işləri xüsusi vurğulayan Komitə sədri, Azərbaycanın bundan sonra da böyük uğurlara nail olacağına dərin inamını ifadə edib.

    Görüş üçün təşəkkür edən Əməkdar rəssam sənət yolundan danışıb, maraqlı xatirələrini bölüşüb.

    Əməkdar rəssamla Komitə sədrinin görüşündə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva, “Vektor”un qurucu başqanı Prof.Dr. Elçin İskəndərzadə, DGTYB başqanı İntiqam Yaşar iştirak edib, onlar da yubilyara təltiflər təqdim edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər