Masallıda Belnəlxalq dərəcəli idman ustası Əli Əliyevlə görüş oldu – VİDEO/FOTOLAR

Masallıda Belnəlxalq dərəcəli idman ustası Əli Əliyevlə görüş oldu – VİDEO/FOTOLAR
  • Araşdırma / Cəmiyyət / İdman

  • Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin “Çempionumuz” adlı birgə sosial idman layihəsi çərçivəsində Masallı rayonunda Yunan-Roma güləşi üzrə SSRİ və Avropa çempionu, Belnəlxalq dərəcəli idman ustası, Respublikanın Əməkdar məşqçisi Əli Əliyevlə görüş keçirilib.


    Asiya TV xəbər verir ki, tədbirdən öncəsi Masallı şəhərində yerləşən Qəhrəmanlar Parkı abidə-kompleksi ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla anılıb.


    Şəhid Zahir Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta məktəbində təşkil olunan görüşdə məktəbin müəllim və şagirdləri ilə yanaşı idman idarəsinin əməkdaşları, idmançılar və media nümayəndələri iştirak ediblər.


    Tədbir respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.


    Sonra tədbirin aparıcısı Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyev tədbir iştirakçılarına Əli Əliyev haqqında geniş məlumat verib. Qonaq idmançının beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edən videoçarx izlənilib.


    Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov 
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən dövlət qayğısından geniş söz açaraq, “Çempionumuz” sosial idman layihəsinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğində, o cümlədən nailiyyət qazanmış idmançılarla tanışlıq, idman sahəsində maarifləndirmə işlərinin genişləndirilməsində xüsusi önəminin olduğunu vurğulayıb.
     

    Belnəlxalq dərəcəli idman ustası, respublikanın Əməkdar məşqçisi Əli Əliyev şagirdlərə peşəkar idmançı olmağın sirlərindən, idmanın insan sağlamlığındakı rolundan, bu sahədə qazandığı təcrübədən, keçdiyi həyat yolu, çətinlikləri və nailiyyətləri barədə danışıb, cənub bölgəsinin güləş rəmzinə, pəhləvanlıq etalonuna dönmüş unudulmaz məşqçisi Nadir Ağayevi xoş xatirələrlə yada salıb.
    Ə
    li Əliyev məktəbliləri maraqlandıran sualları cavablandırıb, onlara tövsiyələrini verib.
     

    “Yeni həyat” qəzetinin əməkdaşı, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev, “Asiya.az” xəbər portalının rəhbəri Cəfər Cəfərov, Əməkdar məşqçi Səyədulla Əkbərov, məktəbin müəllimləri Ədalət Cahangirov, Yadigar Cəlalov çıxışlarında 19 yaşında Avropa çempionu tituluna sahiblənən Əli Əliyev haqqında xoş təəssüratlarını bölüşüb, onun keçdiyi şərəfli idman yolundan bəhs ediblər.


    Natiqlər qeyd ediblər ki, adı Azərbaycan güləşinin təşəkkülü və inkişafı ilə qırılmaz sürətdə bağlı olan Nadir Ağayevdən Əli Əliyev kimi elə qiymətli yadigarlar qalıb ki, bizə və Vətənimizə həmişə başucalığı gətirəcək.
     

    Tədbirin yekununda Əli Əliyev ustad məşqçisi Nadir Ağayev haqqında jurnalist-publisist Akif Ağayevin qələmə aldığı “Pəhləvanın salnaməsi” kitabını imzalayaraq məktəblilərə təqdim edib, onlarla xatirə şəkilləri çəkdirib.

    Qeyd edək ki, Əli Əliyev uzun müddət Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətində məşqçi-müəllim işləyib. Hazırda təqaüddədir. Ehtiyatda olan polis podpolkovnik-leytenantıdır. Yetirmələri arasında Avropa çempionları, dünya, olimpiya mükafatçıları var.
    Ailəlidir, 3 övladı, 4 nəvəsi var. Onun yolunu davam etdirən övladları Rüstəm və Fuad beynəlxalq aləmdə Vətənimizin idman şərəfini layiqincə qoruyublar. Hər ikisi Yunan-Roma güləşi üzrə idman ustasıdır. Dəfələrlə respublika çempionu olmuş Rüstəm beynəlxalq turnirlərin mükafatçısı, Dünya kubokunun sahibidir. Fuad isə Avropa və Dünya birinciliklərinin mükafatçısıdır. Hər ikisi Azərbaycan Respublikasının daxili işlər orqanlarında çalışır.

























    PAYLAŞ:

    Oxşar xəbərlər