Narkotikin təsiri altında avtobus idarə edən sürücülər saxlanıldı - FOTO - VİDEO

Narkotikin təsiri altında avtobus idarə edən sürücülər saxlanıldı - FOTO - VİDEO
  • Manşet / Hadisə

  • Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) müvafiq Baş İdarələri tərəfindən Sumqayıt şəhəri, həmçinin Abşeron rayonunun kənd və qəsəbələrindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında reydlər keçirilib.

    DİN-dən verilən məlumata görə, avtobuslarda yalnız polis əməkdaşını görən zaman tənəffüs yollarını qoruyan maskalardan istifadə edən, bununla da virusun yayılmasına şərait yaradan sürücü və sərnişinlərin aşkar edilməsi üçün tədbirə mülki geyimli əməkdaşlar da cəlb olunub.

    Sumqayıt şəhərindən paytaxta doğru hərəkət edən avtobuslarda aparılan yoxlamalar zamanı nəqliyyat vasitəsinin salonunda olarkən maskadan istifadə etməyən şəxslər mülki geyimli polislər tərəfindən müəyyən edilib. Onlar barəsində inzibati tədbir görülüb.

    Xırdalan şəhərindən paytaxt istiqamətində hərəkət edən avtobuslarda keçirilən tədbir zamanı sanitar-karantin qaydalarına əməl etməyən sürücü və sərnişinlər aşkar edilib. Tənəffüs yollarını qoruyan maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, barələrində inzibati tənbeh tədbirləri tətbiq olunub.

    Abşeron rayonu Qobu qəsəbəsindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında aparılan yoxlama zamanı isə polis əməkdaşları tərəfindən daha ciddi qayda pozuntuları aşkar edilib.

    Belə ki, 567 saylı marşrut xətti ilə Qobu qəsəbəsindən paytaxt istiqamətində hərəkət edən sərnişin avtobuslarında nəzarət-profilaktik tədbirlər həyata keçirilən zaman sürücü və sərnişinlər arasında pandemiya qaydalarına əməl edilmədiyi məlum olub. Eləcə də, sürücülərdən bir neçəsinin peyvənd olunmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olduqları müəyyən edilib. Aparılan yoxlamalar zamanı həmin xətt üzrə hərəkət edən üç avtobusun sürücüsünün nəqliyyat vasitəsini sərnişinlərin həyatını təhlükə altına qoyaraq narkotik vasitələrin təsiri altında idarə etdiyi aşkarlanıb. Həmin sürücülərin idarə etdiyi avtobuslar xətdən kənarlaşdırılıb, özləri isə saxlanılaraq Qobu Polis Bölməsinə gətiriliblər. Onların etdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan materiallar məhkəməyə göndərilib.

    Keçirilən sonuncu profilaktik tədbir zamanı Sumqayıt şəhəri və Abşeron rayonundan paytaxt istiqamətində hərəkət edən 70-ə yaxın sürücü və sərnişin sanitar-karantin rejiminə əməl etmədiyi üçün barələrində inzibati tədbir görülüb.

    "Bir daha vətəndaşları qayda və tələblərə əməl etməyə çağırır və bildiririk ki, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək”, - deyə DİN-dən bildirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər