“Sərhədsiz sənətkarlıq” adlı xeyriyyə sərgi-satış yarmarkası keçirildi - FOTOLAR

“Sərhədsiz sənətkarlıq” adlı xeyriyyə sərgi-satış yarmarkası keçirildi - FOTOLAR
  • Sosial / SƏNƏT / Araşdırma

  • 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə Milli Xalça Muzeyində bir qrup gənc rəssamın "Sərhədsiz sənətkarlıq” adlı sərgisi keçirilib. 

     

    Asiya.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Azərbaycan Milli Xalça Muzeyinin elmi katibi Nuranə Səlimli Muzeyin hazırda səfərdə olan direktoru Şirin Məlikovanın salamlarını çatdırıb, belə bir tədbirə evsahibliyi etməkdən məmnunluq hissi keçirdiklərini bildirib. O, Muzeyin fəaliyyəti, beynəlxalq əməkdaşlığı haqqında məlumat verib. 

     

    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva istedadlı gənc rəssamların xeyriyyə sərgi-satış yarmarkasında bildirib ki, sərgi Milli Məclisin Mədəniyyət Komitəsi, Milli Xalça Muzeyi,”Nəfəs" İB, Masallı Təhsil Fondu, RHİMİB-in təşkilatçılığı ilə keçirilir. 

     

    Millət vəkili sərgidə rəsmləri nümayiş olunan gənc rəssamlar Aytac Quliyeva, Ceyhun Ənvərzadə, Dərgah Əliyev, Fuad Musayev, Lalə Həsənova, Samirə Salmanova, Vüsalə Musayevanı öz mənəvi övladları adlandırıb, oların həyata, sənətə tutunmasından, dözümündən, iradəsindən söz açıb: 

     

    "Bu gənclərimiz sənətin, istedadın heç bir məhdudiyyət, əngəl tanımadığını parlaq şəkildə nümayiş etdirir. Biz çox aydın görürük ki, məhdudiyyət, əngəl qulaqda, gözdə, əldə, ayaqda deyil, insanların baxışında, ürəyində, yanaşma tərzində olur. Demək ki, insanlar öz baxışlarını, yanaşma tərzlərini dəyişməlidir. Gərək baxışlar, yanaşmalar məhdudiyyətsiz, əngəlsiz, qüsursuz olsun. Bu gənclərin, demək olar, hər biri ilə ayrı-ayrılıqda görüşmüşəm, yaradıcılıqları, hayata, dünyaya rəngli baxışları ilə tanışam. Siz özünüz bu gün burada bir daha şahid olursuz ki, onlar necə gözəl əsərlər yaradıb, necə gözəl mövzular seçib və necə gözəl qəlbə malikdirlər. Üstəlik, bu gənc istedadlarımız yüksək vətənpərvərlik ruhu ilə seçilir. Gərək, bizlər hədiyyə alarkən məhz belə gənclərimizin əsərlərinə üstünlük verək. Sənətə, sənətçiyə, istedada, gənclərə dəstəyi hər birimiz sözdə yox, əməldə göstərməliyik. Mən bu istedadlı gənclərimizin yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlara dəstək duran ailə üzvlərinə, müəllimlərinə çox təşəkkür edirəm. 

     

    Bu sərgi-satış yarmarkasının təşkilinə dəstək vermiş bütün qurumlara minnətdarlığımı bildirirəm. Əlbəttə, ən böyük minnətdarlığımız dövlətimizə, dövlət başçımız cənab İlham Əliyevə, Birinci vitse prezidentimiz hörmətli Mehriban xanım Əliyevayadır ki, Milli Xalca Muzeyi kimi mükəmməl mədəniyyət ocaqlarının tikilməsinə, ölkəmizdə mədəniyyətin, incəsəntin inkisafına, dövlət qayğısı ilə əhatə olunmasına yüksək diqqət-qayğı ilə yanaşırlar. Dövlətimizin ali rəhbərliyinin diqqət-qayğısını Beynəlxalq Əlillər Günündə bir daha qeyd edirik. Dövlətimiz hər il yeni sosialyönümlü layihələr həyata keçirir. O cümlədən müəyyən fiziki məhdudiyyətləri olan vətəndaşlarımız dövlətin himayəsi ilə əhatə olunub. Əziz dostlar, imkan daxilində heç birimiz bu sərgidən evə əli boş getməyək. Bu gözəl əsərləri işğaldan azad olunmuş şəhər və kəndlərimizdə təmir-bərpa edəcəyimiz, yenidən quracacağımız mədəniyyət ocaqlarına, eləcə də, öz evlərimizə, iş yerlərimizə, qonaqlarımıza hədiyyə edək. Mən bir daha, bura təşrif buyuran bütün qonaqlarımızı, dəyərli ziyalılarımızı, mədəniyyət isçilərimizi, gənclərimizi, KİV və QHT təmsilçilərimizi salamlayıram. Çox şadam ki, bu əziz gündə bir çox xeyirxah işadamımız da bizimlə birgədir. Gənc rəssamlarımızı bir daha təbrik edir, onlara böyük uğurlar diləyirəm”! Q.Paşayeva tədbirin bütün təşkilatçıları adından yaradıcı əlil gənclərə xüsusi tasarlanmış bilgisayar və telefon hədiyyələrini çatdırıb. 

     

    Açılış mərasimində çıxış edən Millət vəkili Məşhur Məmmədov bildirib ki, bu sərgi həm bir sosial aksiyadır, həm də vətənpərvərlik aktıdır. 


    “Bu gün burada sərgilənən rəsm əsərlərini, əl əməyi, göz nuru işləri almaqla, Qarabağda, Şərqi Zəngəzurda yenidən qurulacaq muzeylərimizə hədiyyə edə bilərsiz. Bu, Qarabağda işğal mədəniyyətsizliyindən quruculuq, abadlıq mədəniyyətinə keçidin, işğaldan azad olunmuş torpaqlarımıza mədəniyyətlə qayıtmağımızın, oralara mədəniyyəti, insanlığı, sənəti qaytarmağımızın bir ifadəsi olacaq. Bu, həm də istedadlı gənc rəssamlarımıza, onların timsalında sənətə, yaradıcı gəncliyə dəstəkdir" – deyərək millət vəkili çıxışını yekunlaşdırıb.


    Çıxış edən “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova “Bütün dünyada hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. Əsas odur İnsanın beyni ,qəlbi əngəlli olmasın. Düşüncələrimiz , baxışlarımız, ürəyimiz pak və sevgi dolu olsun!” – bildirib.  


    ƏƏSMN Aparatının rəhbəri Fuad Musayev, Millət vəkili Elnur Allahverdiyevin köməkçisi Rüstəm Qaraxanlı, Xalq rəssamı Arif Hüseynov, RHİM İB sədri Arzu Bağırova, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva, Qadın Sahibkarlar Assosiasiyasının sədri Səkinə Babayeva, tədbirin aparıcısı komitənin əməkdaşı Əkbər Qoşalı öz çıxışlarında qeyd ediblər ki, gənc rəssamların birgə sərgisində 44 günlük müharibədə qazandığımız tarixi Zəfərə, şəhidlərimizin əziz ruhuna, qəhrəman qazilərimizə dərin ehtiram ifadə olunub.

     

    Sərgidə nümayiş olunan əsərlərin əksəriyyəti aksiyanın 1-ci günü satılıb. Qeyd edək ki, xeyriyyə sərgi-satış yarmarkası 3 gün davam edəcək. Yarmarkanın gedişində gənc əlillər üçün ustad dərsləri də təşkil olunacaq.






















    PAYLAŞ:

    Oxşar xəbərlər