Görmə imkanları məhdud müğənni Ramal Əzimzadənin konserti oldu - FOTOLAR

Görmə imkanları məhdud müğənni Ramal Əzimzadənin konserti oldu - FOTOLAR
  • Mədəniyyət / Araşdırma

  • Görmə imkanları məhdud istedadlı gənc müğənni Ramal Əzimzadənin 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə "Sənət sərhəd tanımır” adlı solo konserti baş tutub. 

    Asiya.az xəbər verir ki, konsert proqramı Milli Məclisin Mədəniyyət Komitəsi, Beynəlxalq Muğam Mərkəzi, Masallı Təhsil Fondu, “Nəfəs” İB və RHİMİB-in təşkilatçılığı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” ictimai birliyinin mənəvi dəstəyi ilə keçirilib. 

    Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbirin aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı öncə içtirakçıları şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. O, qeyd edib ki, gənc müğənni öz ilk konsertini şəhidlərimizin əziz ruhuna, yaralı qazilərimizə dərin ehtiram əlaməti olaraq vətənpərvərlik mahnıları üzərində qurub: 

    “Ramalın ilk konsert proqramı pandemiyadan öncəyə nəzərdə tutulmuşdu, lakin məhdudiyyətlərə və sonra müharibə baş verdiyinə görə ertələndi. Əslində, bu ertələnmə bir mənada çox yaxşı oldu ki, Ramal ilk konsertini qalib ölkənin qürurlu gənc sənətçisi olaraq keçirir. Bu bir gənc sənətçi üçün gözəl özkeçmişdir". Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək cəmiyyətə çağırış səsləndirib. 

    "Ramal kimi gənclərimiz sənətin, istedadın əngəl tanımadığını parlaq şəkildə nümayiş etdirir. Biz bir daha görürük ki, əngəl gözdə, əldə, ayaqda deyil, baxışlarda, könüldə olur. Demək, insanlar öz baxışlarını dəyişməlidir, baxışlar, yanaşmalar əngəlsiz, qüsursuz olmalıdır. Ramalın ifalarına tamaşa etdiniz. Siz özünüz bir daha şahid oldunuz ki, o necə gözəl oxuyur, necə gözəl repertuara sahibdir. Üstəlik, Ramal öz bəstələri ilə də seçilir. Gərək el şənlikləri, toylar təşkil edən bizlər belə gənclərimizi həmin tədbirlərə dəvət edək. Sənətə, sənətçiyə dəstəyi hər birimiz sözdə yox, əməldə göstərməliyik. Ramalın anasına, ailəsinin bütün üzvlərinə, o cümlədən ona sənətin sirlərini öyrədən müəllimlərinə təşəkkür edirəm. Təşəkkür edirəm ki, ona inanıb, ona arxa-dayaq olublar. Mən Ramalın ilk konsertinin təşkilinə dəstək vermiş bütün qurumlara minnətdarlığımı bildirirəm. 

    O cümlədən Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə, hörmətli Xalq artistimiz Murad Hüseynova, Azərbaycan Dövlət Televiziyasına minnətdaram ki, gənc istedadın ilk konsertinə dəstək verdilər. Ən böyük minnətdarlığımız isə dövlətimizə, dövlət başçımız cənab İlham Əliyevə, Birinci vitse prezidentimiz hörmətli Mehriban xanım Əliyevayadır ki, belə gözəl mədəniyyət ocaqlarının tikilməsinə, ölkəmizdə mədəniyyətin, incəsəntin inkisafına, dövlət qayğısı ilə əhatə olunmasına daim diqqət-qayğı ilə yanaşırlar. Dövlətimizin, ali rəhbərliyin diqqət-qayğısı Beynəlxalq Əlillər Günündə bir daha qeyd olunmalıdır. Çünki dövlətimiz sosial dövlətdir, hər il yeni sosialyönümlü layihələr həyata keçirilir. O cümlədən fiziki məhdudiyyətləri olan vətəndaşlarımız dövlətin himayəsi ilə əhatə olunub. Əziz dostlar, hərbçilərimiz döyüş meydanında, mədəniyyət, incəsənət xadimlərimiz, istedadlı yaradıcı gənclərimizsə sənət meydanında öz sözünü deyir. Ramalın vətənpərvərlik mahnılarını candan-könüldən oxuması, öz bəstələri ilə çıxış etməsi bunun daha bir bariz təsdiqidir. Bir daha bütün qonaqlarımızı, dəvətimizi qəbul edib təşrif buyuran dəyərli ziyalılarımızı, mədəniyyət isçilərimizi, incəsənət xadimlərimizi, gənclərimizi, vətəndaş cəmiyyəti institutlarımızın təmsilçilərini salamlayıram. Çox şadam ki, bu əziz gündə qardaş Türkiyəmizin Yunus Əmrə İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri, dəyərli qardaşım Səlcuq Karakılıç da Ramalın ilk konsertində bizimlə birgədir. Ramalı bir daha təbrik edir, ona böyük uğurlar diləyirəm”! 

    Açılış mərasimində Millət vəkili Məşhur Məmmədov, RHİM İB sədri Arzu Bağırova, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva, Millət vəkili Elnur Allahverdiyevin köməkçisi Rüstəm Qaraxanlı, Yunus Əmrə İnstututunun Azərbaycan nümayəndəliyinin rəhbəri Səlcuk Karakılıç çıxış edib, görmə imkanları məhdud istedadlı gənc müğənni Ramala uğurlar diləyiblər və təşkilatçıların adından xatirə hədiyyəsi təqdim olunub. 

    Sonda Ramal Əzimzadə onun ilk konserinin təşkilində əməyi keçən hər kəsə, konsertə təşrif buyuran qonaqlara, müəllim və mənəvi dəstəkçiləri - Əməkdar artistlər Nüşabə ƏləsgərliFəridə Hüseynovaya könül dolusu təşəkkür edib. Sonra sənətsevərlər gənc müğənni ilə xatirə şəkli cəkdirib. Konsert prqoramı Mədəniyyət TV tərəfindən lentə alınıb.

















    PAYLAŞ:

    Oxşar xəbərlər